• SİYASƏT

    10:17 29 mart 2019

Səfir: "Macarıstan Aİ-Azərbaycan əlaqələrinin inkişafını ən çox dəstəkləyən ölkələrdəndir" - MÜSAHİBƏ

Macarıstanın Azərbaycandakı səfiri Viktor Şederkenyinin ONA-ya müsahibəsi

- Azərbaycan və Macarıstan arasında əlaqələr strateji səviyyədədir. Əlaqələrimizi strateji edən nədir?

- 2014-cü ildə prezident İlham Əliyevin Macarıstana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyannamə imzalanıb. Strateji əməkdaşlığın mahiyyəti ondan ibarətdir ki, əlaqələrimizin inkişaf istiqamətləri ölkələrin birgə qərarları ilə müəyyənləşdirilir. Bu əməkdaşlıq bütün sahələri əhatə etdiyi üçün strateji əhəmiyyət daşıyır. Təbii ki, bunlar arasında prioritet sahə iqtisadi əməkdaşlıqdır, ancaq biz bütün sahələri inkişaf etdirməyə çalışırıq.

- Ümumilikdə Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bu günki səviyyəsini necə qiymətləndirirsiniz? Ölkələr arasında əsas əməkdaşlıq sahələri hansılardır?

- Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, liderlərimiz mütəmadi olaraq görüşür. Macarıstan və Azərbaycan bir-birini beynəlxalq forumlarda da dəstəkləyir. Həmçinin ötən il Macarıstan Azərbaycanın da üzv olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında daimi müşahidəçi statusu alıb.

Macarıstanın iqtisadi inkişafı Azərbaycanla biznes əməkdaşlığı üçün çox yaxşı imkanlar yaradıb. Macarıstan şirkətləri azərbaycanlı tərəfdaşları ilə kənd təsərrüfatı, qida sənayesi, informasiya texnologiyaları, şəhər planlaşdırılması, enerji, yol və infrastruktur tikintisi, su təminatı, idarəçilik, ətraf mühit, sağlamlıq sahələrində əməkdaşlıq etməyə hazırdır. Macarıstan bu sahələrdə yüksək səviyyəli texniki üsullar təklif edir. Macarıstan şirkətləri artıq Azərbaycanla birlikdə bir sıra layihə həyata keçirməyə başlayıb. Bu layihələrdən biri Azərbaycanın Xızı rayonunda istixananın tikintisidir. Tikintinin bu ilin sonuna qədər başa çatması nəzərdə tutulur. Bu layihə Macarıstanın EXİM Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Həmçinin qeyd etmək istərdim ki, Azərbaycan və Macarıstan mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq edir. Bakıda bir çox mədəni tədbirlər həyata keçiririk və bu proqramları rayonlarda da reallaşdırmaq niyyətindəyik. Hazırda yüzlərlə azərbaycanlı tələbə Macarıstanda təhsil alır.

- Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir? Azərbaycanda neçə Macarıstan şirkəti fəaliyyət göstərir?

- Azərbaycan Macarıstanın Cənubi Qafqaz regionunda əsas xarici ticarət tərəfdaşıdır. Buna baxmayaraq, hesab edirəm ki, hazırki ticarət dövriyyəsi iqtisadi əməkdaşlığımızın potensialını və ikitərəfli siyasi əlaqələrin strateji və dostluq mahiyyətini tam əks etdirmir. 2015-2017-cı illər Azərbaycan manatının devalvasiyası xarici ticarətə, həmçinin Macarıstanla ticarətə mənfi təsir göstərib. 2017-ci ildən etibarən isə göstəricilər yenidən müsbət olmağa başlayıb. 2018-ci ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 60 milyon ABŞ dolları təşkil edib. Macarıstanın əsasən ixrac etdiyi mallar əczaçılıq, enerji içkiləri, aqrar məhsullar, texnoloji və mexaniki avadanlıqlar və qida məhsullarıdır. Azərbaycanda bir neçə Macarıstan şirkəti fəaliyyət göstərir. Buraya “The Richter Gedeon” və “EGIS” əczaçılıq şirkətləri, “Hell Energy” şirkəti daxildir. Macarıstana məxsus “WizzAir” hava yolları mütəmadi olaraq Bakı-Budapeşt istiqamətində uçuşlar həyata keçirir.

Ticarət dövriyyəsini artırmaqla yanaşı, bizim əsas məqsədimiz ikitərəfli sərmayələri genişləndirmək, azərbaycanlı əməkdaşlarımızla yüksək texnologiyalara əsaslanan layihəyönümlü və uzunmüddətli əməkdaşlığı inkişaf etdirməkdir.

- Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətini necə qiymətləndirirsiniz? Komissiyanın növbəti iclası nə zaman və harada keçiriləcək?

- Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyası iqtisadi əlaqələrin və ümumilikdə ikitərəfli əlaqələrin inkişafında uğurlu qurumdur. Komissiyanın işində bütün müvafiq sektorların nümayəndələri iştirak edir. Komissiya 2010-cu ildə təsis edilib və bu günə qədər 6 iclası baş tutub. Macarıstan tərəfdən komissiyanın həmsədri xarici işlər və ticarət naziri Peter Siyarto, Azərbaycan tərəfdən isə iqtisadiyyat naziri Şahin Mustafayevdir. Ötən ilin iyun ayında həmsədrlər Bakıda rəsmi görüş keçiriblər. Yaxın zamanda Budapeştdə komissiyanın 7-ci iclasını keçirməyi planlaşdırırıq. Ölkələr arasında o cümlədən bir neçə biznes forum baş tutub, sonuncusu ilə 2017-ci ilin oktyabr ayında Budapeştdə keçirilib.

- Macarıstan səfirliyinin Azərbaycanda rezident əlaqələndiricisi vəzifəsi 2020-ci ilin sonuna qədər davam edəcək. Ötən iki ildə səfirlik hansı işlərə imza atıb və bu il üçün planlar nədən ibarətdir?

- Macarıstan və Macarıstanın Bakıdakı səfirliyi Azərbaycanın NATO-nun etibarlı tərəfdaş imicini inkişaf etdirmək niyyətindədir. Biz NATO və Azərbaycan arasında ünsiyyətə dəstək olmaq və yüksək səviyyəli siyasi təmasların və səfərlərin sayını artırmaq istəyirik. Biz ictimai diplomatiyanı və mübadilələri dəstəkləyirik və öz adımdan NATO haqqında daha ətraflı məlumat əldə etmək istəyən Azərbaycan qurumlarına yardım göstərməyə hazıram. Bu il xüsusi ildir. Biz NATO-nun yaranmasının 70-ci ildönümünü və Macarıstanın alyansa üzvlüyünün 20-ci ildönümünü qeyd edirik. Qeyd etmək istərdim ki, Macarıstan NATO və Azərbaycanın birgə layihəsi olan Ceyrançöl mina təmizləmə layihəsinə 100 min avro məbləğində maliyyə dəstəyi göstərib.

- Azərbaycan 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Hazırda ölkə Aİ ilə yeni saziş üzrə danışıqlar aparır. Macarıstan bu sazişin perspektivlərini necə dəyərləndirir?

- Biz inanırıq ki, Azərbaycan tək bizim üçün deyil, həmçinin Avropa İttifaqı üçün strateji tərəfdaşdır. Avropa İttifaqı üzvü kimi Macarıstan Azərbaycan və Aİ arasında əlaqələrin inkişaf etdirilməsini ən çox dəstəkləyən ölkələrdəndir. Ötən il Avropa İttifaqı və Azərbaycan arasında imzalanan tərəfdaşlığın prioritetlərinə dair sənəd çox vacib bir addım idi və biz ümid edirik ki, yeni saziş üzrə danışıqlar yaxın zamanda uğurla yekunlaşacaq. Strateji əməkdaşlıq enerji sahəsindən başqa ticarət, nəqliyyat, insan amili və digər sahələrdə genişlənməlidir. Macarıstan həmçinin Azərbaycandan Avropa İttifaqı bazarlarına açılan qapısı kimi çıxış etmək istəyir.

- Azərbaycan hər zaman Macarıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib. Ölkəniz münaqişənin həllini nədə görür?

- Macarıstanın mövqeyi dəyişməz olaraq qalır. Biz münaqişənin Azərbaycanın suverenliyi və tam ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik.

- Macarıstan Cənub Qaz Dəhlizi layihəsində iştiraka böyük maraq göstərir. Ölkəniz bu istiqamətdə hansı addımları atıb?

- Ötən il Avropanın enerji təhlükəsizliyi baxımından yaddaqalan il olub, çünki Cənub Qaz Dəhlizi reallığa çevrildi. Macarıstan Cənub Qaz Dəhlizi layihəsinə böyük maraq göstərir. Bu ilin fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 5-ci iclasında Macarıstan nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyəti həmçinin layihənin əsas iştirakçıları ilə danışıqlar aparıb. Cənub Qaz Dəhlizi layihəsi qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Avropa, o cümlədən Macarıstan üçün birbaşa önəm daşıyır. Biz CQD-ni Avropaya gələn digər qaz təminatı marşrutlarına önəmli alternativ kimi nəzərdən keçiririk. Ən vacib məsələlərdən biri regional birləşdiricilər vasitəsilə Macarıstanı Cənub Qaz Dəhlizinə birləşdirməkdir.

- Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinin tərkib hissəsi olmaq məqsədi ilə Azərbaycanda bir sıra layihələr həyata keçirilir. Macarıstan bu layihələrdən necə faydalana bilər?

- Biz Azərbaycanı regional nəqliyyat və ticarət qovşağı və bizim şərqə qapımız hesab edirik. Macarıstan Mərkəzi və Şərqi Asiya ölkələri ilə siyasi və ticarət əlaqələrini gücləndirir və bu səbəbdən biz Avropa və Asiya arasında əməkdaşlığın inkişafına yönəlmiş layihələri dəstəkləyirik. Biz bu sahədə Bakı-Tbilisi-Qars dəmiryolu kimi layihələrin həyata keçirilməsini yüksək qiymətləndiririk, çünki onlar daşınmaya sərf edilən zamanı əhəmiyyətli dərəcədə qısaldacaq.

- Azərbaycan və Macarıstan təhsil sahəsində də aktiv əməkdaşlıq edir. Azərbaycanlı tələbələr bu ölkənin təqdim etdiyi təqaüdlərlə Macarıstanda təhsil alır. Siz bu sahədə əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz? macarıstanlı tələbələr də Azərbaycan universitetlərində təhsil almaqda maraqlıdırlarmı?

- 2012-ci il oktyabrın 9-da Budapeştdə Macarıstan və Azərbaycan hökumətləri arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. 2014-cü ilin noyabrında prezident İlham Əliyevin Budapeştə səfəri zamanı “Stipendium Hungaricum” təqaüd proqramının başlanmasına dair sazişə imza atılıb. Bu proqrama 2015-ci ildə start verilib və o vaxtdan etibarən yüzlərlə azərbaycanlı tələbə Macarıstanda təhsil alıb. 2017-ci ildə iki ölkənin xarici işlər nazirləri təqaüd proqramının daha 3 il müddətində uzadılmasına dair Macarıstanın İnsan Resursları Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında yeni iş proqramını imzalayıb. Yeni proqrama əsasən, hər il 200 azərbaycanlı tələbəyə təqaüd veriləcək. Biz bu proqrama böyük əhəmiyyət veririk və hesab edirik ki, bu gələcək ikitərəfli əlaqələrə sərmayədir, çünki Macarıstanda təhsil almış tələbələr sonra iki ölkə arasında xoşməramlı səfir kimi çıxış edə bilərlər. Vurğulamaq istərdim ki, universitetlərimiz arasında birbaşa əlaqələrin artması gələcəkdə öz nəticələrini göstərəcək. Mən həmçinin macarıstanlı tələbələrin də Azərbaycanda təqaüdlə təhsil almasını görmək istərdim. Düşünürəm ki, onlar burada təhsil almaqda maraqlı ola bilərlər. Macarıstan və Azərbaycan universitetləri arasında mövcud olan mübadilə proqramları çərçivəsində hər il 2-3 macarıstanlı tələbə Azərbaycanda, əsasən də ADA Universitetində bir semestr təhsil almaq hüququ qazanır. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək üçün bir çox imkanlar var. Biz bu məsələ üzərində çalışırıq.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR