Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin ONA-ya müsahibəsi
- Son dövrlər Prezident İlham Əliyevin apardığı islahatları necə dəyərləndirirsiniz?
- İki ilə yaxındır ki, dövlət rəhbərliyi səviyyəsində islahatların anonsu verilirdi. Bir il əvvəl Prezident 11 istiqamət üzrə Strateji yol xəritələrini, islahatlar konsepsiyasını elan etdi. Bu, çox böyük inqilabi islahatlar proqramıdır. Dövlət həyatının elə bir sahəsi yoxdur ki, o sahədə islahatlara toxunulmasın. Müxtəlif sahələr üzrə islahatlar keçirildi. Məhz ona görə də Azərbaycan islahatlar aparan dövlətlər sırasında dünyada ilk 25-ə daxil olub. Bu, 200-dən artıq dövlət arasında böyük nailiyyətdir.
Bu islahatlar çox vacibdir. Biz müstəqillik qazanandan ötən dövr ərzində dövlətin möhkəmləndirilməsi ilə məşğul olmuşuq. Buna nail olunub. Artıq bizim çox güclü ordumuz, infrastrukturumuz, iqtisadiyyatımız var. Dünyada elə bir dövlət yoxdur ki, şimaldan cənuba, şərqdən qərbə gedən nəqliyyat xətləri bir hab kimi onun ərazisindən keçsin. Artıq Ələt limanının tikintisinin birinci mərhələsi uğurla başa çatdırılıb, ora azad iqtisadi zonaya çevriləcək, bunun üçün müvafiq qanunlar qəbul edilib. Çoxlu sayda sənaye parkları, aqroparklar yaradılıb. Təkcə yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda 14 faiz artım olub. Dünyada belə artıma nail olan dövlət yoxdur. İslahatlar bəhrəsini verməyə başlayıb.
Mən bu islahatlardan danışarkən, dövlətin fəlsəfəsinə toxunmaq istəyərdim. Obrazlı desək, millət vəkili kimi bu dövlətin müstəqilliyi uğrunda aparılan mübarizədə və bərpasında imzamız var. Tam məsuliyyətlə deyirəm ki, əsas məsələ məhz dövlətin möhkəmləndirilməsi, qorunub saxlanmasıdır. İnsan dövlət, vətəndaş Vətən üçün şəhid olar, amma dövlət yaşayar. İlk növbədə dövlət möhkəmləndirilməlidir. Prezidentin islahatları dövlətin əhəmiyyətli və geri dönməz şəkildə güclənməsinə yönəldi. Hazırda islahatlar davam edir. İndiki islahatlarda “ zəngin dövlət, zəngin cəmiyyət, zəngin insan modeli “əsas götürülüb. Dövlətimiz varlanıb. Azərbaycanın valyuta ehtiyatları Ermənistanla müqayisədə 23 dəfə çoxdur. Ermənistanın cəmi 2 milyard dollar valyuta ehtiyatı var. Azərbaycan bu gün 25 milyard manat dövlət büdcəsinə malikdir. İcmal büdcə ilə birlikdə bu məbləğ 30 milyardı keçir. Prezidentin 15 illik hakimiyyəti dövründə o qədər abadlıq işləri aparılıb ki, bəlkə də Azərbaycanın bütün tarixində bu qədər abadlıq işləri görülməyib. Bu gün aparılan siyasətin məğzi budur ki, insanlar bürokratik əngəllərlə, rüşvətxorluqla, inflyasiya, devalvasiya ilə qarşılaşmasın. Əməkhaqqı, pensiya və müavinətlər artırılıb, bu siyasət gələcəkdə də davam etdiriləcək. Ciddi nəzarət tətbiq olunur ki, bahalaşma olmadan bu islahatlar davam etsin.
- Bu aspektdə açıqlanan son sosial paketi, müavinətlərin kəskin artırılmasını necə qiymətləndirirsiniz?
- Bu addımı çox yüksək qiymətləndirirəm. Son addımdan sonra Azərbaycan MDB üzrə ilk üçlükdədir. Azərbaycan MDB-də minimum pensiya məbləğinə görə ikinci, minimum əməkhaqqına görə 2-ci, 3-cü yerləri bölüşür. Təsəvvür edin ki, torpağının əhəmiyyətli hissəsi işğal olunmuş, müharibə vəziyyətindəki bir ölkə hansı göstəricilərə nail olur. Tək yanvar ayında büdcəmizə 105 milyon manat artıq vəsait daxil olub. Bu, il ərzində büdcəyə 1,5 milyard manat artıq vəsaitin daxil olacağı deməkdir. Bu, Prezidentə həmin vəsaitləri sosial paketlər üzrə bölməyə imkan verir. Yeni Prezident təqaüdləri də müəyyən olundu. Bu fərman məcburi köçkünlər və onlara bərabər tutulan 500 min insana da şamil edilir, onların həyat şəraiti yaxşılaşır. Ümumilikdə, bu islahatlar 2 milyondan çox insanın həyat şəraitinin yaxşılaşmasına səbəb olacaq. Xüsusən, aztəminatlı ailələr, az əməkhaqqı, pensiya alanların həyat şəraiti yaxşılaşacaq. Eyni zamanda şəhid ailələri, veteranlar, əlillərlə bağlı sosial müavinətlər ciddi surətdə artırıldı. Bu islahatların cəmiyyətdə nə dərəcədə məmnunluq yaratdığı da göz önündədir. Açıq danışacağam, əvvəllər deyirdilər ki, pensiyalar 2-3 manat artır. İndi birdən-birə müxtəlif sahələr üzrə 40 faizdən 140 faizə qədər artımlar oldu. İki dəfədən də artıq olan sahələr var. Bu onu göstərir ki, Azərbaycanda ciddi islahatlar həyata keçirilir.
Bir məqamı da qeyd edim. Hazırda Azərbaycan neftinin 1 barelinin qiyməti 64 dollar civarınadır, biz büdcədə 60 dollardan hesablamışıq. Bax belə bir vəziyyətdə ola bilər ki, gələcəkdə neft gəlirləri azalsın. O halda necə olacaq? Prezident sosial müavinətləri bu qədər artırır, burada risk yoxdurmu? Bəzi ekspertlər də bu addımda risklər olduğunu söyləyirlər. Amma Prezident nə üçün belə inamlı addım atır? Çünki qeyri-neft sektoruna, aqrar sektora, sənaye parklarına, ölkənin nəqliyyat habına, davamlı inkişafa güvənir.
TANAP, TAP da daxil olmaqla, Cənub Qaz Nəqliyyat Dəhlizinin ərsəyə gəlməsinə 40 milyard dollar sərmayə qoyulur. Bu yaxınlarda əhalisinin sayı 10 milyon nəfərə çatacaq Azərbaycan elə böyük dövlət olmasa da, bu layihələrin başında məhz Azərbaycan durur. Transmilli şirkətlər, 7 dövlət Cənub Nəqliyyat Dəhlizinə qoşulub, bir neçə dövlət də qoşulacaq. Azərbaycanın dünyada xüsusi çəkisi, coğrafi və əhali çəkisindən qat-qat çoxdur.
- Bu fonda daha hansı islahatların aparılacağına dair gözləntiləriniz var?
- Bu islahatlar davam edir. İslahatlar aparılan zaman adətən ilk 6 ay, 1 il böyük çətinliklər qarşıya çıxır. Hətta Sinqapur, Honkonq kimi dövlətlərdə islahatlar bir neçə ildən sonra effekt verməyə başladı. Prezident isə elə rasional hesablama aparıb ki, islahatlar nəticəsində ilk mərhələdə iqtisadiyyatda daha da artıma nail olunub. 2022-ci ilə kimi Azərbaycan iqtisadiyyatında 3-4 faiz illik artım proqnozlaşdırılır. Bu bizə imkan verəcək ki, islahatların iqtisadi bazasının yaradılması risksiz həyata keçirilsin. İqtisadi islahatlarla bərabər siyasi islahatlar da mühümdür. Məsələn, struktur islahatları kimi addımlar atılır, paralel strukturlar ləğv olunur. Prezident, Birinci vitse-prezident göstəriş verir ki, insanlar işsiz qalmasın.
İslahatların bir qismi də məhkəmə-hüquq islahatları ilə bağlıdır. Təsəvvür edin ki, mən məhkəmə sistemində işləyən zaman 22 dövlətin hüquq sistemi rəhbərləri ilə əlaqəm oldu, ABŞ, Türkiyəyə səfərlərim oldu, Çin və Avropa ölkələrinin ali məhkəmə sədrləri ilə təmaslarım oldu. O zaman məhkəmə-hüquq islahatları ilə bağlı layihələr hazırlayaraq parlamentə təqdim etdik. Mən o zaman həm də deputat idim. Məhkəmə quruluşu haqqında, hakim statusu haqqında qanunlar, Cinayət-Prosessual və Mülki-Prosessual qanunvericiliyə dəyişiklikləri parlamentə təqdim etdik. Həmin zaman bir əlimdə istefa ərizəsi vardı. Bəyan edirdim ki, bu qanunları, məhkəmə-hüquq islahatlarını qəbul etməsəniz, istefa verəcəyəm. Təsəvvür edin ki, o qanunlar qəbul edildi, ancaq nə o qanunlara veto qoyuldu, nə də o qanunlar təsdiqləndi.
İnanıram k, Prezident məhkəmə-hüquq islahatlarını bir qədər də dərinləşdirəcək. Məhkəmələrin daha da müstəqilləşməsi, istənilən vəzifəli şəxsin qeyri-hüquqi hərəkətindən məhkəmələrə şikayət verilə bilməsi, vahid istintaq orqanının yaradılması çox mühümdür. Ümumiyyətlə, güc strukturlarının, prokurorluq, ədliyyə orqanlarının Konstitusiyada konkret yerinə uyğun müəyyən olunması və xalqımızın məhkəməyə, hüquq sisteminə inamının bərpa edilməsi çox vacibdir.
Bir çox sahələrdə islahatların davam etdirilməsinə ehtiyac var. Prezident də müəyyən anonslar verdi. Kadr islahatların aparılması, paralel strukturların ləğvi vacibdir. Bu gün aparılan islahatlar yuxarıdan başlanan inqilab deməkdir. Aşağıdan inqilab olanı dağıtmaq, yerinə yenisini qoymaq deməkdir. Amma sual budur, dağıdırsan, yerinə yenisini qoya biləcəksən? Çox vaxt aşağıdan inqilablar faciə ilə nəticələnir. Sevindirici odur ki, islahatlar yuxarıdan başlanıb.
Bakı Bələdiyyə Şurasının yaradılması, Bakı merinin seçki ilə müəyyənləşməsi yaxşı olar. Prezidentin nümayəndələri kimi icra hakimiyyəti başçıları onun proqramlarının yerlərdə həyata keçirilməsinin təminatçısı olsunlar, özünüidarə daha çox bələdiyyələrə keçsin. Bu kimi məsələləri həyata keçirmək lazımdır. Yuxarıdan aşağı bütün strukturların keyfiyyətcə yaxşılaşdırılması, paralel strukturların aradan qaldırılması, məsələlərin çevik, operativ həlli zəruridir.
Məsələn, biz dünən parlamentin komitəsində Tikinti və Şəhərsalma Məcəlləsinə dəyişiklikləri müzakirə edirdik, artıq 5-10 gün müddətində tikintiyə icazə verilməsi məsələsi həll olunur. Aylarla buna nail ola bilməyən sahibkarlara az müddət ərzində tikinti ilə əlaqədar ayrı-ayrı məsələlərə rəylər, icazələr veriləcək.
Qarşımızda çox böyük vəzifələr var. O yaxşıdır ki, Prezident bütün beynəlxalq təcrübəni mənimsəyib, bilir. Güman edirəm ki, bu islahatlar daha böyük uğurları şərtləndirəcək.
- Problemli kreditlərlə bağlı atılan son addımı necə dəyərləndirirsiniz?
- Prezident son iqtisadi müşavirədə demişdi ki, bir sıra dövlətlər əhaliyə dəymiş ziyanın ödənilməsi barədə qərarlar qəbul edib, amma bu qərarları yerinə yetirə bilmirlər. Son 2 ay ərzində bu məsələnin üzərində müntəzəm iş aparılıb. Prezident müşavirədə demişdi ki, bu problem mütləq həll olunacaq və bu gün də müvafiq addım atıldı. Bir çoxları üçün bu problemin həlli real deyildi. Kommersiya bankları, hətta bir sıra dövlət strukturları buna ciddi müqavimət göstərirdilər. Amma Prezident birmənalı mövqeyini ortaya qoydu. Ən başlıca məsələ vətəndaşın ziyana düşməməsi, vətəndaşın yükünün azaldılmasıdır. Bu, böyük və xalq üçün faydalı bir addımdır.
Qarşıda əfv gözlənilir. İnşallah, çoxlu sayda insanlar da əfvə düşəcək. Yeri gəlmişkən, mənim təmsil etdiyim Ağsu-İsmayıllı Seçki Dairəsi üzrə İsmayıllı hadisələri ilə bağlı bir çox yerli sakinin də cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi xahişi ilə Prezidentə müraciət etmişəm. İnanıram ki, bu müraciət də müsbət nəticələnər.
İnanıram ki, Prezidentin islahat aparmayacağı sahə qalmayacaq.
- Bu islahatlar fonunda müxalifətin müəyyən qisminin davranışlarını, aksiyalara cəhdlərini necə qiymətləndirirsiniz?
- Mən xalqın müxalifətin arxasınca getməsi fikrini qəbul etmirəm. Müxalifət aylarla yatır, birdən nəsə bir məsələdən yapışır, xalq müxalifətin deyil, müxalifət xalqın arxasınca gedir. Diqqət yetirin, müxalifət Mehman Hüseynov olayından, yaxud kredit problemindən necə istifadə edirdi. Bütün dövlətlərdə az və çox dərəcədə problemlər var, problemsiz dövlət yoxdur. Əgər doğurdan xalq müxalifətin arxasınca gedirdisə, Xocalı faciəsinin ildönümündə xalq o müxalifətlə niyə birlikdə deyildi? Niyə Xocalı abidəsinin ziyarətinə müxalifətlə birgə gəlmədi? Deməli, xalq nə gözləyirsə, Prezidentdən, dövlətdən gözləyir.
İkincisi, müxalifət deyir ki, onların tələbi ilə dövlət hansısa məsələləri həll edir. Birincisi, bu, belə deyil. Artıq 1 ildən artıqdır ki, 11 istiqamət üzrə bir strateji yol xəritələri qəbul edilib. Şəxsən mən parlamentdə 2017-2019-cu ilin büdcə layihələri müzakirə olunarkən büdcə kəsrinin artırılması yolu ilə əhalinin sosial təminatının yaxşılaşdırılması məsələsini qaldırmışam. Çox şadam ki, Prezident birinci il 300 milyon, ikinci il 200 milyon, bu il isə 1 milyard manata yaxın büdcə kəsrinin artırılması yolu ilə sosial təminata vəsait ayırdı. Bəziləri bundan çox qorxurdu. Artıq sosial məsələlərin həlli üçün vəsait ayrılıb. Prezident bunu bacarır, bacarıb. Prezident bu islahatları, xalqın sosial problemlərinin həlli proqramlarını təqdim edir. Atılan addımlar bu proqramlar üzrə gedir. Yoxsa müxalifətin guya onlardan qorxma nəticəsində addımların atıldığını iddia etməsi gülünc fikirdir. Digər tərəfdən, tutaq ki, müxalifətin də təklifləri nəzərə alınaraq islahatları həyata keçirilib, yaxşı işlər görülüb. Bəs müxalifətin bir nümayəndəsi niyə bu görülən yaxşı işləri dilə gətirmir, təqdir eləmir? Axı yaxşı işə sevinmək lazımdır, müxalifətin borcu tək pis iş görmək deyil ki?! Yalnız pis niyyətli insanlar pis şey axtarar. Ən mühüm məsələ dövlətin mövcudluğudur. Bu həmin müxalifətdir ki, Suriyada proseslər başlayanda 5 milyon insanın küçələrə çıxdığını bəyan edirdi, Suriyada demokratiya bərqərar olacaq. Suriyada demokratiya yarandımı? Bəlkə Liviyada, İraqda yarandı?!
Dövlətin təhlükəsizliyini, sabitliyini təmin etmək lazımdır və Prezident bunu yüksək səviyyədə bacardı. Müxalifət isə dağıtmağı təklif edir, yerinə qoyacağı model yoxdur. Dağıtmaqla nəyə nail olmaq mümkündür? Bir məqamı qeyd edim. Suriyada bu hadisələr baş verməzdən əvvəl adambaşına düşən məcmu məhsul 7,5 min dollar idi, indi 2 min dollardan da aşağıdır. Gör nə günə qaldılar! Milyonlarla qaçqın var, ölkə dağılıb.
Xalq nə gözləyirsə, Prezidentdən, iqtidardan gözləyir. Kimin nə deməsindən asılı olmayaraq, müxalifəti çox yaxşı tanıyıram, kimin kim olduğunu bilirəm. O müxalifət liderlərinin hamısı zamanında bu iqtidardan yararlanıb, xeyrini görüblər. Bir az vəziyyətləri çətinləşib iqtidardan ayrılandan sonra hamısı müxalifət olur. Axı biz sizi yaxşı tanıyırıq! Rusiyada Milyarderlər İttifaqı yaranır, Mili Şura yaradıb onların arxasınca yüyürürlər. Qərb hansısa bir ideya irəli sürür, arxasınca qaçırlar. Dövlət alidir, mən məsləhət görürəm ki, nə qədər gec deyil, gəlsinlər, proqramlar təqdim etsinlər, təkliflər versinlər, o proqramların, təkliflərin həyata keçirilməsi modelini ortaya qoysunlar. O müxalifət bilir ki, nə hakimiyyətə gəlmək, nə də hansısa möcüzə nəticəsində gəlsə belə, hakimiyyəti əlində saxlamaq, ölkədə sabitliyi təmin etmək iqtidarı var. Deyirlər ki, sizi qələbəyə aparacağıq. Hansı qələbəyə aparacaqlar? Prezidentin dövlət qarşısında məsuliyyəti var, onu milyonlar seçib və uğurla işlərini yerinə yetirir. Sadəcə, belələrinin əli ilə hakimiyyətə təzyiq etməyə çalışırlar, başqa heç nə yoxdur. Həmin müxalifət hələ gedib öz aralarında birləşsin. Vahid lideri, təşkilatı yox, ümumiyyətlə, ideologiya da yada düşmür, necə hakimiyyətə gələcəklər? Ara qarışdırmağa çalışmaq nəyə lazımdır? Əslində onlar hakimiyyətin yaxşı işini alqışlamalıdır ki, digər yaxşı işlər də həyata keçirilsin.
- Xocalı soyqırımının ildönümü ilə bağlı Prezidentin də iştirakı ilə keçirilən yürüşü xatırlatdınız. Xocalı ilə bağlı son tədbirlərdə rusiyalı parlamentarilərin iştirakını necə dəyərləndirirsiniz?
- Prezidentlə birlikdə 55 min insan yürüşdə iştirak etdi. Mən Ermənistan mətbuatını da izləyirəm. Onlar hesab edirlər ki, Rusiya və Ermənistanın tarixi ərzində belə hal olmayıb. Adətən, Rusiya qondarma “erməni soyqırımı”nı dəstəkləyib, bununla əlaqədar tədbirlərdə iştirak edib. Rusiyanın deputatları, rəsmi şəxsləri Xocalı soyqırımı ilə bağlı yürüşlərdə iştirak edirlər, abidə önünə gül qoyur, müsahibələr verirlər, hətta çağırışlar edirlər ki, Rusiya Xocalı soyqırımını tanısın. Ermənilər bunu çox təlaşla qarşılayırlar. Əlbəttə, bu situasiyanın yaranmasında Nikol Paşinyanın ikibaşlı oyunlarının da rolu var, Rusiya Azərbaycan kimi sivil, strateji əhəmiyyətli qonşusu ilə münasibətləri möhkəmləndirməkdə maraqlıdır. Azərbaycan, Prezident İlham Əliyev söz sahibidir. Bunun davamı da olacaq. Biz görürük ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmiş, Rusiyaya qayıtmış insanlar çox ədalətli bəyanatlar verir, tədqiqat işləri aparırlar. Artıq Azərbaycanın haqq səsi eşidilir.
Hakimiyyətdə olduğumuz dövrdə qonşu dövlətlərdən birinin rəhbəri Bakıya gəlmişdi, biz onu çox soyuq qarşıladıq. Çünki biz diplomatiyanı bilmirdik, bizdə romantika vardı. Başa düşmürdük ki, Rusiya, İran böyük dövlətdir, onlarla savaşa bilmərik, gücümüz çatmaz, bu dövlətləri bizi müdafiə edən ovqata gətirmək lazımdır. Qafqazın böyük hissəsi Rusiyadır, qalan Cənubi Qafqazın böyük hissəsi də Azərbaycandır. Azərbaycan və Rusiya arasında münasibətlərin yaxşılaşmasının ancaq xeyri var.