Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumu çərçivəsində "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu" adlı dəyirmi masa keçirilib.
ONA-nın xəbərinə görə, dəyirmi masa Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil edilib.
İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixinin, İncəsənətinin və Mədəniyyətinin Arasdırma Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren qeyd edib ki, türk xalqları İpək yoluna böyük töhfə veriblər. İpək yolu müxtəlif dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayıb. Onun sözlərinə görə, hazırda da İpək Yolu öz əhəmiyyətini itirməyib.
H.Eren növbəti Mədəniyyətlərarası Dialoq Forumunun Qarabağın azad edildiyi dönəmə təsadüf edəcəyinə ümid etdiyini bildirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan və İRCİCA-nın təşkil etdiyi növbəti tədbir iyulda baş tutacaq.
Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səfiri, türkoloq Yanoş Hovari deyib ki, İpək yolu böyük tarixə malikdir və tarix boyu Asiya ilə Avropanı birləşdirib. Onun sözlərinə görə, macarlar və türklər eyni köklərə malikdir: "Macarlar və türklər arasında mədəni və linqvistik bənzərliklər var. Sovet dövründə biz bir-birimizdən çox uzaqlaşdıq, çünki bizim əməkdaşlığımız slavyan imperiyasının maraqlarına cavab vermirdi. Lakin Sovetlər İttifaqı dağıldıqdan sonra macarlar və türklər yenidən bir araya gəldi. Təbii ki, burada ticari və iqtisadi maraqlar da öz rolunu oynayıb. Macarıstan türk ölkələri arasında ilk səfirliyini 1993-cü ildə Almatıda açıb".
Türk Şurasının baş katibinin müavini Qismət Gözəlov qeyd edib ki, Çinin "Bir kəmər, bir yol" təşəbbüsü Türk Şurasının üzv ölkələri üçün Çinlə və ümumilikdə Asiya ölkələri ilə əlaqələri gücləndirmək və regionlararası ticarəti inkişaf etdirməkdə vacib rol oynayacaq.
Dəirmi masada TÜRKPA, TÜRKSOY, eyni zamanda İRCİCA, UNESCO üzrə müxtəlif ölkələrin milli komissiyalarının nümayəndələri və diplomatlar iştirak edib.