Rəsmi Ankara İtaliya parlamentinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması haqqında qanun qəbul etməsi məsələsini şiddətlə qınayıb.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, belə bir açıqlama Türkiyə XİN-in İnformasiya Müdirliyi tərəfindən yayılıb.
“İtaliyanın Nümayəndələr Palatasının 10 aprel 2019-cu il tarixli təklifi erməni iddialarının daxili siyasi maraqlarına yeni bir vasitə olaraq hesablanmış hərəkətlərdir. Biz bu hərəkətləri qətiyyətlə pisləyirik", - açıqlamada belə deyilir.
“Türkiyə-İtaliya əlaqələrinə təxribat yaratmağı vəzifə sayan Matteo Salvininin lideri olduğu Liqa Partiyası tərəfindən də bu təklifin hazırlanmasına təəccüblənmirik” ifadəsi keçən açıqlama belə davam edir:
“Çaşdırıcı və üzücü olan şey Liqa Partiyasının Avropa Parlamenti seçkilərindəki mövqeyini gücləndirmək məqsədilə oyuna alət olmasıdır. Əsasən bilinən erməni iddialarının davamlı olaraq ya seçkilər ərəfəsində, ya da Türkiyəyə əleyhdarlıq kontekstində gündəmə gətirilməsi bu iddiaların siyasi xüsusiyyətini və tarixi həqiqətlərə uyğun gəlmədiyini açıq şəkildə ortaya qoyur. Bu cəhdlər heç bir tərəfə fayda gətirmədiyi kimi gələcəyə doğru xoş niyyətlərin də qarşısını alır".
Bu qərarın Türkiyə ilə tarixi bağları və ticarət tərəfdaşlığı sıx olan İtaliyanın strateji əməkdaşlığına xələl gətirəcəyini vurğulayan açıqlamada “tarixi siyasiləşdirən bütün cəhdlər kimi bu təklifin də Türkiyə baxımından heç bir hökmü yoxdur” deyə qeyd olunur.
Xatırladaq ki, 1915-ci hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün İtaliya parlamentinə təqdim edilən qanun layihəsi dünən qəbul edilib. Layihəni iqtidardakı müttəfiqlər 5 Ulduz Hərəkatı və Liqa Partiyası, həmçinin müxalifətdəki Demokratik Partiya və İtaliyanın Qardaşları Partiyasının deputatları imzalayıblar.
Layihədə qeyd edilib ki, 1915-1917-ci illərdə 1,5 milyon erməninin ölməsi “soyqırımı” olaraq qəbul edilməlidir.
2015-ci ildə Roma Papası Fransisk Vatikanda keçirilən anım tədbirində “soyqırımı” ifadəsini işlətməsi də Türkiyə ilə İtaliya arasında siyasi böhrana səbəb olmuşdu. Türkiyə Vatikandakı səfirini geri çağırmış, 10 ay ərzində diplomatik münasibətlər çox sərinləmişdi.