• SİYASƏT

    13:50 2 may 2019

UNESCO baş direktorunun köməkçisi: “Dünyada gənclərin xüsusi dəstəyə ehtiyacı var” - FOTOSESSİYA

Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda panel keçirilib.

ONA-nın məlumatına görə, paneldə çıxış edən UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Nada əl-Naşir bildirib ki, bu gün dünyada yeni münaqişə ocaqları yaranmaqdadır.

Onun sözlərinə görə, bu gün dünyada gənclərin xüsusi dəstəyə ehtiyacı var: “Yaşadıqları cəmiyyətlərinə töhfə vermələri üçün gənclərə xüsusi şərait yaradılmalıdır. Eyni zamanda uşaqlara çox erkən mərhələdə mədəni müxtəlifliyin nə qədər vacib olması zərurətini aşılamalıyıq. Biz birlikdə münaqişələrin öhdəsindən gələ bilərik. Bunun üçün intellektual yanaşma bizə yardım edə bilər”. N.əl-Naşir qadınlara təhsil imkanlarının yaradılmasının zəruriliyini də vurğulayıb.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, Azərbaycan uzun müddətdir BMT ilə sıx əməkdaşlıq edir: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanıb. Konsepsiya açıq müzakirəyə çıxarılıb və yekun sənəd maraqlı tərəflərin rəy və təklifləri nəzərə alınmaqla ərsəyə gətirilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir”.

UNİCEF-in regional məsləhətçisi Aron Qrinberq qeyd edib ki, Avropa İttifaqı və ABŞ-da uşaqların erkən inkişafına böyük sərmayələr qoyulur: “Bu, sırf məktəbəqədər dövrə qədər yatırılmış sərmayədir. Sərmayələr müxtəlif yollarla yatırıla bilər. Bunun nəticəsində uşaqlara qarşı zorakılıq halları yaranmır. Hazırda isə dünyada uşaqlara qarşı zorakılıq halları müşahidə edilməkdədir. Uşaqların fiziki, psixoloji, seksual təzyiqlərə məruz qalması halları mövcuddur. Uşaqlara qarşı zorakılıq halları aradan qaldırılmalıdır. Müəyyən zaman mənim övladlarım da əsəblərimə toxunurlar. Lakin biz əsəbiləşmədən, uşaqlara qarşı zorakılıq etməməyin yollarını axtarıb tapmalıyıq”.

BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri Corc Buma panel iştirakçılarının diqqətinə çatdırıb ki, sosial bərabərsizliyin yaranması ilə bağlı iqtisadçılar müxtəlif versiyalar irəli sürür: “Lakin iqlim dəyişikliyi, coğrafi amil, idarəçilik və s. səbəblər sosial bərabərsizliyi yaradan amillərdir. Biz sosial bərabərsizliyin mövcud olduğu cəmiyyətləri, icmaları aşkarlamalıyıq. Dünya əhalisinin yarısından çoxu dövlət idarəçiliyindən narazıdır. Siyasi sistemlər, hökumətlər sosial bərabərsizliyi aradan qaldırmalıdırlar”.

V.Bumanın sözlərinə görə, dünyada 1,6 milyard insan maliyyə xidmətlərindən məhrumdur.

Panel müzakirələrlə başa çatıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR