Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri
Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları
Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü
Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı
Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer
Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ
On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər
On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası
On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək
On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri
On beşinci yazı - Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri
On altıncı yazı - Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları
On yeddinci yazı - Kəlağayısı ilə məşhur olan, sakinləri torpağın altında yaşayan Azərbaycan şəhəri
On doqquncu yazı - Türkmənçay müqaviləsinin bağlandığı şəhər
İyirminci yazı - Güney Azərbaycanda dilimizin vəziyyəti
APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Qalaq-qalaq yandırılan türk dilində kitablar” adlı məqaləsini təqdim edir.
Bir millətin mədəniyyətinin çiçəklənməsində və inkişafında kitabın əhəmiyyəti və yerinin izahı mümkünsüzdür. Əvvəlki yazımızda Türkmənçay müqaviləsindən günümüzədək Güney Azərbaycanda ana dilində kitab yazmaq, onun nəşri, ana dilində kitabların əlçatımlığı ilə bağlı mövcud vəziyyətdən danışmışdıq. Lakin hər bir tarixi subyekt müəyyən dövrlərdə elə hadisələrə məruz qalır ki, həmin dövrə müstəqil və daha əhatəli şəkildə yanaşmaq zərurəti ortaya çıxır. Burada 17 Dekabr 1946-cı ildə Güney Azərbaycanda yaşanmış mədəni bir soyqırımından söz açmaq istəyirik.
Qacarlar sülaləsinin süqutu və Rza şahın taxtda oturduğu 1925-ci ilə qədər İran və Güney Azərbaycanda ümumiyyətlə Azərbaycan türk dilində, fars dilində, ərəb dilində kitablar nəşr oluna bilirdi. Ancaq Rza şah dönəmində türk dilində təkcə kitablar deyil, yazmaq və nəşr etmək də qadağan edilmişdi. Rza şahın hakimiyyəti dövründə Azərbaycanda 13 qəzet və ya dövri mətbuat nəşr olunub ki, onlardan 12-si fars, biri isə erməni dilində olub. Yəni bütün bu müddət ərzində Azərbaycanda türkcə bir qəzet belə nəşr olunmayıb.
1941-ci ildə Rza şahın süqutu nəticəsində Güney Azərbaycan türkləri bir daha öz ana dillərində kitab və qəzet nəşr etmək imkanı qazandılar. 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması ilə Azərbaycan türk dili hökumətin rəsmi dili oldu və bu dildə dövlət sənədləri və dərsliklərlə yanaşı, çoxsaylı kitablar, dövri mətbuat və qəzetlər nəşr olundu. Lakin Azərbaycan türk dilinin bu çiçəklənmə dövrü uzun sürmədi və 1946-cı ildə Tehran ordusu Güney Azərbaycanı işğal edərək Azərbaycan Milli Hökumətini devirdi. Tehran hökuməti bu dəfə türklərə ana dilini yenidən qadağan etməklə kifayətlənməyib koordinasiyalı şəkildə Güney Azərbaycanın bütün şəhərlərində türkcə kitabları yandırdı.
Hadisədən 77 il keçməsinə baxmayaq, bu günədək bu acı hadisə haqqında ciddi bir araşdırma aparılmayıb. Ola bilsin ki, qarşılaşacağı çətinliklərə görə heç bir tədqiqatçı bu mövzuda geniş araşdırma aparmaq fikrinə düşmür. Bəlkə də heç bir tədqiqatçının bu mövzuda geniş araşdırma aparmamasına səbəb olan amillərdən biri də birinci əldən tarixi mənbələrin olmaması və ya çox az olmasıdır. Pəhləvi rejimi (1925-1979) törətdiklərini sonradan inkar edə bilmək üçün bu haqda xəbərlərin yayılmasını dayandırdı. Yalnız bir neçə qəzet bu qeyri-insani hadisəni çox qısa şəkildə və xəbərin məzmununu təhrif etməklə işıqlandırdı.
Pəhləvi monarxiyasının süqutundan 44 il keçməsinə baxmayaraq, mövcud İran hökuməti nəinki bu hadisə ilə bağlı hökumət arxivlərini açmaqdan imtina edir, hətta hər an düşmən kimi təqdim etdiyi Pəhləvi monarxiyasını müdafiə edərək (!) bu hadisəni danır. Lakin bu mədəni qırğına öz gözləri ilə şahid olanlar az deyil. Pəhləvi dövründə susmağa məcbur olmuşlarsa da, Pəhləvinin süqutundan sonra sükutu pozaraq, o acı əhvalatın təfərrüatlarını danışıblar. Bu qısa yazıda, həmin bu şahidlərin dili ilə bu acı hadisəni açıqlamağa çalışacağıq. Ancaq onlardan qabaq, xatırlatmalıyıq ki, bu mədəni cinayətə ilk reaksiya verənlərdən biri də Səməd Vurğun olub:
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə;
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var…
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;
De, onları heç duydumu sənin o daş ürəyin?
Canlı şahidlər nə deyir?
İranın ilk hüquq professorlarından biri olan, Havay Universitetinin müəllimi və Tehran Məhkəməsinin sədri Prof. Dr. Mahmud Axundi Əsl İranda nəşr etdirdiyi xatirələrində mövzu ilə bağlı bunları bildirir:
“Yaxşı yadımdadır, hökumət əsgərləri Əhər şəhərinə daxil olanda tələbələri qarşılamağa dəvət etmişdilər və bu yürüşdə hər bir şagirdin öz dərsliklərini gətirib yandırmasını istəmişdilər. Bu kitab yandırma mərasimi ona görə idi ki, onlardan heç bir əsər-əlamət qalmasın. Dərsliklərimi çox sevirdim və onları əldən vermək istəməzdim. Kitablarımı yandırmamaq üçün tədbirə qatılmadım. Həmin kitablar hələ də kitabxanamın rəflərindədir. Fürsət tapdıqca açıb oxuyuram, oxuyanda gözümdən həsrət yaşları axır”.
Təbii ki, türkcə bütün kitablar prof. Dr. Mahmud Axundi Əslin dərslikləri qədər şanslı deyildi. Güney Azərbaycanın tanınmış yazıçılarından olan Səməd Behrənginin böyük qardaşı Əsəd Behrəngi qardaşının həyatı haqqında yazdığı kitabda həmin günlə bağlı xatirəsini belə çatdırır:
“Dekabrın 12-dən bir həftə keçdikdən sonra məktəbə getdik. “21 Azər” Mədrəsəsi olan məktəbimizin adının “15 Bəhmən”ə dəyişdirildiyini müşahidə etdim. Yeni direktor gəlmişdi, uşaqlar dedilər ki, Rəfəti bəy həbs olunub. Sıranın qabağında duran məktəb direktoru farsca dedi: “Uşaqlar, Pişəvəri qaçdı, lovğalar məğlub oldu, üsyan bitdi. Pişəvəri getdi, dilini də özü ilə apardı! İndi biz birlikdə onun digər əsərlərini məhv etməyə gedirik!” - dedi. Sıraya düzülüb Mirzə Hüseyn Vaez küçəsi kimi tanınan dar bir küçədən keçdik. Leylova meydanında od yanırdı, başqa məktəblərdən də uşaqlar gəlmişdi. Kitabları bir-bir oda atdıq, kitabını atəşə atan hər uşağa yeni direktor konfet verirdi. Məktəb direktorları kimsə kitabını gizlətməsin deyə, çox diqqət edirdilər. Mən də kitablarımı atəşə atdım. Həmin gün “kitab yandırma” mərasimindən sonra məktəb sona çatdı. Dedilər ki, evə gedin, sabah qayıdın. Atam evdə çox qəzəbli görünürdü, kitabın günahı nəydi deyə öz-özünə soruşurdu”.
İran ordusu Güney Azərbaycana girdiyi andan etibarən Azərbaycanın bütün qəzet və nəşriyyatı dərhal bağlandı. Tehran qəzetlərindən yalnızca bir neçəsi çox qısa və təhrif olmuş bir şəkildə bu olaylara toxunmuşdular. Məsələn, “Ettelaat” adlı bir qəzet bu xəbəri belə bildirir: “Türk dilində kitablar yandırıldı. Lövhələr dəyişilir. Bazar möhtəşəm bir mərasimlə açıldı. Dünən Firdövsi liseyində təbrizlilər və tələbələr Rezaiyə (Urmiya) qəhrəmanı polkovnik Zengənəyə təşəkkür edərək coşqulu hisslərini dilə gətiriblər. Dünən xalq bələdiyyənin qarşısında türkcə kitabları yandırdı”. Göründüyü kimi, bu qəzetin dərc etdikləri İran hökumətinin rəsmi təbliğatından başqa bir şey deyil. Guya Azərbaycan türkləri öz iradələri ilə ana dillərində yazılmış kitabları yandırıb, Urmiyada cinayətlər törətmiş sərkərdəyə təşəkkür ediblər! Ancaq bu qəzet kitabların yandırılmasını təsdiqləyən azsaylı İran qəzetlərindən biridir.
(“Ettelaat” qəzeti, 18 Dekabr, 1946)
Bu arada Pəhləvi monarxiyasının tərəfdarı olan “Atəş” qəzeti türkcə kitabların yandırılmasından sevincini gizlədə bilməyib: “Təbriz şəhərinin tələbələri tərəfindən şəhər bələdiyyəsi qarşısındakı meydanda çoxlu sayda şəhər sakininin, paytaxt mətbuatının jurnalistlərinin, ordu üzvlərinin və dövlət rəsmilərinin iştirakı ilə şənlik keçirildi. Əvvəldə meydanın ortasında böyük od yandırmışdılar və tamaşaçıların “Yaşasın sevimli Şahənşah həzrətləri”, “Yaşasın Qəvam Ol-Səltənə cənabları”, “Azərbaycan düşmənləri yox olsun” və “İran xainlərinə ölüm olsun” kimi şüarlar, alqışlar və həyəcanları arasında bədnam Demokrat Firqəsinin çap etdirdiyi və uşaqlara zorla öyrətmək istədiyi bir çox klassik türk kitabları atəşə atıldı”.
Həm İran İslam Respublikasının tərəfdarı, həm də bu rejimin əleyhdarları olan mərkəzçilər indinin özündə də elə danışırlar ki, guya Güney Azərbaycan türkləri doğma dillərində kitablara nifrət edirlər! Yuxarıdakı qəzetlərin xəbərləri çatdırma tərzi buna nümunədir. Məlumdur ki, türkcə kitablar saxlamağın gələcəkdə cinayət sayılacağından qorxan insanlar da kitabları yandırıblar. Lakin bundan türk kitablarını sevməməkdən qaynaqlanması qənaətini çıxarmaq çox yersiz görünür. Ancaq bunun xalq “türk dilindəki kitablarını istəmirdi və öz iradəsi ilə bu kitabları yandırdı” hökmünü çıxarmaq heç də doğru görünmür. Seyid Səid Sədri də Miyana şəhərində türkcə kitabların yandırılması ilə bağlı hesabatında eyni narahatlığı qeyd edir:
“1946-cı il dekabrın 12-də ordunun Miyana şəhərinə yeridilməsindən sonra bir neçə gün ərzində bütün türkcə kitablar toplandı. Hadisə şahidləri deyirlər ki, insanlar ordudan və ərbablarından qorxduqları üçün kitabları toplayıb qubernatorluğa təhvil verdilər. Elə həmin ay Yuxarı kəsişməsində bütün kitabları toplayıb yandırdılar”.
İranda Azərbaycan türk dilində kitabların yandırılması illərlə ört-basdır edildi. Lakin son illər gənclərdə milli şüurun artması ilə dövrün canlı şahidləri sükutu pozdular. Bu insanların xatirələrinin Güney Azərbaycan tarixinin dəyərli xəzinələri olduğunu bilən Azərbaycan gəncləri onlardan müsahibə alaraq baş verənləri lentə almağa çalışırlar. Müsahibələrdən biri də Tehran Universitetinin professoru dos. Dr. Əhməd Sai ilə aparılıb. Sai müsahibəsində "kitab yandırma" ilə bağlı bunları qeyd edir:
“İbtidai məktəbimizin birinci sinfi Demokrat Firqəsi hərəkatı ilə üst-üstə düşürdü. Kitablarımız türkcə idi, müəllimimiz türkcə yazı dərsi keçirdi. Sanıram, 1946-ci ilin dekabr ayı idi, bir gün məktəb direktoru Mehdizadə bütün kitablarımızı məktəbə gətirməyimizi söylədi. Böyük bir yığın kitab toplandı və hamısını yandırdılar. Uşaqlıq dünyamızda odla oynamaqdan xoşbəxt idik və bir daha ev tapşırığı yazmayacağımızı düşünürdük”.
Hər yandırılmış kitab yerinə bir kitab kampaniyası
Əsrlər boyu od və qana boyanmış, hələ də hər gün torpağa məsum qanlar tökülən Orta Şərqdə Güney Azərbaycan türklərinin milli hərəkatı əlinə silah əvəzinə qələm alan, mübarizəsini sivil yolla aparan azsaylı hərəkatlardan biri və bəlkə də yeganə milli hərəkatdır. Güney Azərbaycan Milli Hərəkatının gəncləri də 1946-cı il dekabrın 17-də İranın farspərəst rejiminin mədəni qətliamına cavab olaraq hər il həmin gündə farsca kitabları yandıra bilərdilər. Əslində, belə bir təklifi bir neçə nəfər də dilə gətirdi. Lakin, Güney Azərbaycan mədəniyyət xadimlərinin və ağsaqqallarının təklifi üzrə belə bir gündə ana dilimizdə yazılmış olan kitabları alıb pay vermək qəbul gördü. Əslində, mədəni soyqırımı törədənlərdən alınacaq ən böyük intiqam da budur. Onlar bizim mədəniyyətimizi, dilimizi, kitablarımızı məhv etmək istəmişlərsə, biz mədəniyyətimizi, dilimizi, kitablarımızı yaşadaraq onlardan ən böyük intiqamımızı almış oluruq.
Bu doğrultuda, hər il 17 dekabr günü Azərbaycanın mədəni fəalları geniş miqyasda türkcə kitablar alıb gənclərə, yeniyetmələrə və uşaqlara hədiyyə edirlər.
Bu mədəni hərəkat, hər hansı baxımdan baxılarsa, xeyirdən və yaxşılıqdan başqa bir şey deyil. Əvvəla, İranda kitab bazarının çox ağır və durğun vəziyyətində türk kitablarının müəlliflərinə və nəşriyyatlarına dəstək olur. Güney Azərbaycanın bir çox nəşriyyatları və yazıçıları bu günlərdə kitablarını könüllülərə endirimlə satmağa və bu yolla bu xeyirxah hərəkata qatılmağa çalışırlar.
İkincisi, ümumiyyətlə kitab oxumağın, xüsusilə də Azərbaycan türkcəsində yazılmış kitabların oxunması səviyyəsini artırır.
Üçüncüsü, bu kitablar küçələrdə uşaq və yeniyetmələr arasında paylandığı üçün onların bir çoxunun ilk dəfə ana dilində kitab görməsinə və oxumasına səbəb olur.
Şübhəsiz, Güney Azərbaycan kimi bir yerdə belə sivil kampaniyaları sürdürmək belə çətin və sıxıntılı olur. Ancaq 10 ilə yaxındır ki, Azərbaycanın mədəni fəalları bütün problemlərə, maneələrə baxmayaraq, bu kampaniyanı davam etdirirlər və inanırlar ki, bir gün gələcək, onların ana dilinin qarşısında heç bir maneə olmayacaq.
Məhəmməd Rəhmanifər