Meşə fondu torpaqlarının açıq sahələri aqrobağların salınması məqsədilə icarəyə verilir.
ONA xəbər ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək, meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Bu da meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək. Sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini Nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Qeyd edək ki, hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir. Bu işlərin əsas məqsədi meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, bir sözlə sahibkarlar üçün əlverişli şərait yaratmaqdır”.
F.Əliyev deyib ki, meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət edə bilərlər. Əlaqələndirici şəxs Mehdi Abdullayevdir.
Nazir müavini onu da bildirib ki, Azərbaycanda 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı 60 000-dən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib. Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağacəkmə mövsümündə nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 550 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib. Əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları aprelin axırına qədər davam edəcək.
F.Əliyev qeyd edib ki, yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir: "Aparılan təhlillərə əsasən deyə bilərik ki, paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, bölgələr üzrə Şəmkir, Sumqayıt, Şirvan, Ağcabədi, Yevlax, Mingəçevir, Qax şəhərlərində yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonlarda daha geniş yaşıllıq zolaqları salınıb. Əminik ki, belə tədbirlər digər rayonlar üçün də stimul olacaq, geniş yaşıllıq sahələri salınacaq və qorunacaq".