• SOSİAL

    11:23 30 aprel 2019

Azərbaycanda gender büdcəsinə dair təlim keçirilir

"Əvvəllər bələdiyyələrdə qadınların təmsilçiliyi 4 faiz idisə, hazırda 35 faiz təşkil edir".

ONA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.

O bildirib ki, bələdiyyələrə seçilən qadınların faiz nisbəti əvvəlki illərə nisbətən artsa da onların savad və biliklərinin möhkəmlənməsinə də nail olmaq lazımdır: "Biz çalışmalıyıq ki, onlar təkcə qadın olduqlarına görə fərqlənməsinlər. Bunun üçün də gender büdcələşməsi kimi məsələlərə diqqət etmək lazımdır. Azərbaycanda gender büdcələşməsi ilə bağlı müzakirələr həmişə keçirilib. Lakin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) icra etdiyi Yaxşı Yerli İdarəetmə Proqramı birgə keçirdiyimiz "Gender- həssas büdcə" mövzusunda təlim çox əhəmiyyətlidir. Biz GİZ-lə hələ 2012-ci ildən əməkdaşlıq edirik. O zaman qadınların bələdiyyələrə təşviq olunması ilə bağlı proqram həyata keçirmişdik. Bu gün isə GİZ-lə gender büdcəsi mövzusunda təlim keçiləcək. Beynəlxalq ekspert Elisabet Klatzerin təqdimatında bu sahədə Avstriya təcrübəsini öyrənəcəyik".

Sədr müavini vurğulayıb ki, hər bir cəmiyyətdə ayrı-ayrı qurumlarda təmsil olunan kişilər və qadınlar bərabər olmalıdır: "Bildiyiniz kimi cəmiyyətdə qadınların say tərkibi həmişə kişilərdən üstün olub. Buna baxmayaraq cəmiyyətin müxtəlif sahələrində qadınların özünüifadə imkanları daha məhduddur. Əgər biz qadınların cəmiyyətdə inkişafını bərabər təmin etməsək, cəmiyyət də normal inkişaf etməyəcək. Bu bərabərliyə nail olmaq üçün gender əsaslı büdcələşmə vacib məsələdir. Biz bu günlərdə cəmiyyət həyatında gender bərabərsizliklərinə şahid oluruq. Məsələn, məktəblərdə bu gün kişi müəllimləri azlıq təşkil edir. Yaxud mədəniyyət sahəsini götürək, orda da kişilərin sayı azdır. Bunun da müəyyən səbəbləri var, erkən evlilik, qızların təhsildən yayınması gender bərabərliyinə də təsir edir. Təbii ki, bunda ailənin də funksiyası önəmlidir. Burda ən vacib nüanslardan biri ailə büdcəsidir. Az büdcəli ailələr daha çox oğlan uşaqlarının təhsilinə önəm verirlər, digər məsələlərdə də kişilərə daha çox üstünlük verilir. Bu kimi bərabərsizliklərin aradan qaldırılması üçün büdcəyə gender yanaşmasının tətbiqi önəmlidir".

Qeyd edək ki, aprelin 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) icra etdiyi Yaxşı Yerli İdarəetmə Proqramının birgə təşkilatçılığı ilə gender bərabərliyini təmin etmək üçün "Gender- həssas büdcə" mövzusunda təlim keçirilir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR