Ədliyyə Nazirliyinin Kollegiyası “Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması Qaydası”nı təsdiq edib.
ONA-nın məlumatına görə, notariat xidməti notariat ofisində və ya ofisdən kənar iş vaxtından sonra, istirahət və ya bayram günlərində xüsusi notarius (bundan sonra - notarius) tərəfindən onun fəaliyyət göstərdiyi ərazi dairəsində, həmçinin səyyar notariat çantasından istifadə etməklə bilavasitə notariat hərəkətlərinin aparılmasıdır.
Səyyar notariat çantası notariat hərəkətlərinin notariat ofisindən kənarda aparılmasına imkan verən, habelə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminə giriş və notariat sənədlərini tərtib etmək imkanlarına malik olan avadanlıqdır.
Xidmət notariusun iş rejiminə uyğun həyata keçirilir. Sifarişçilərin müraciətlərinin sayından, xidmətin göstərildiyi ünvanların yerləşməsindən, bayram və qeyri-iş günlərinin sayından asılı olaraq notarius tərəfindən xidmətlərin sayı məhdudlaşdırıla bilər. Bu qaydaya uyğun xidmətin həyata keçirilməsi notariusun hüququdur. Bildirişdə müraciət edilən notariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi (başlanma və başa çatma) vaxt (gün, saat və dəqiqə), sifarişçinin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, əlaqə telefonları (mobil və ya sabit şəbəkəli) və xidmət haqqı əks edilir. Notariusun xidmət haqqı bildiriş əsasında hesablanır. Xidmət notariat ofisində və ya sifarişçinin olduğu ünvanda göstərilir və bildirişlə rəsmiləşdirilir.
Birinci mərhələdə sifarişçi xidmətin həyata keçirilməsi üçün tələb olunan notariat hərəkətləri, aparıldığı yer, vaxt və bunun üçün mövcud sənədləri barədə notariusa bildiriş təklifi edir. Sifarişçi nağdsız qaydada ödənişin həyata keçirilməsi üçün imkanları barədə məlumat verməlidir.
İkinci mərhələdə notarius bildiriş təklifini nəzərdən keçirir və əlavə məlumatın (sənədin), notariat hərəkətinin xüsusiyyətindən, vaxtından, yerindən, sənədlərin həcmindən və bu kimi digər amillərdən asılı olaraq xidmətin göstərilməsi üçün notariat ofisinin işçisinin və (və ya) tərcüməçinin, mütəxəssisin tələb olunub-olunmamasını müəyyən edir və sifarişçiyə bildirir. Bu mərhələdə notarius tərəfindən tələb olunan sənədlərin mövcudluğu və bank kartının olması sifarişçidən öyrənilir, şəxsiyyəti təsdiq edən sənədin, nümayəndənin səlahiyyətinin etibarlılığı, hüquqi şəxsin mövcud olması müvafiq informasiya sistemi vasitəsilə yoxlanılır. Notariat hərəkətinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin surətinə baxış keçirmək zərurəti yarandıqda, notariusun tapşırığı ilə notariat ofisinin məsul işçisi sifarişçinin ünvanına gedərək, tələb olunan sənədlərin surətini ona təqdim edir. Təqdim olunan sənədlər və məlumatlar notarius tərəfindən məqbul hesab edildiyi halda, notarius göstərəcəyi xidmətin haqqı (iş vaxtı eyni notariat hərəkətinə görə əsas xərc və xidmətə görə əlavə haqq ayrılıqda göstərilməklə) barədə sifarişçiyə məlumat verir. Sifarişçi razılığını bildirdiyi halda, bildirişin qeydə alınması barədə sifarişçiyə məlumat verilir (telefon, SMS və ya elektron poçt vasitəsilə).
Üçüncü mərhələdə tələb olunduğu təqdirdə, notarius bilavasitə xidmətin yerində göstərilməsi üçün zəruri olan tərcüməçi və mütəxəssis xidmətlərinin qabaqcadan əldə edilməsini, həmçinin xidmətə yararlı olmasına nəzarət etdiyi səyyar notariat çantasının yanında olmasını təmin edir. Bundan sonra notarius xidmət göstəriləcək razılaşdırılmış yerdə xidmətin başlama vaxtını bildirişə daxil edir. Xidmətin aparılmasına görə bu Qaydada nəzərdə tutulan vasitələrdən birinə uyğun ödənişlər həyata keçirildikdən sonra xidmət nəticəsində verilməli olan sənəd yerində təsdiq edilir və müraciət edənə verilir. Sənədin təsdiq edildiyi vaxt xidmətin başa çatma vaxtı kimi bildirişə daxil edilir. Xidmətə görə haqq POS-terminal və ödəniş sistemləri vasitəsilə (on-line), o cümlədən nağd şəkildə ödənilir.
Sifarişçi olduğu yerdə müəyyən edilmədikdə və ya 30 dəqiqədən artıq gecikdikdə, xidmətin göstərildiyi yerdə sənədlərə baxış keçirərkən notarius onların elektron qaydada və ya kağızda təqdim olunanlardan fərqli və qanuna uyğun olmadığını müəyyən etdikdə və notariat əməliyyatının aparılmasını istisna edən digər qanunla müəyyən edilən əsaslar aşkar olunduqda, xidmətin göstərilməsindən imtina edilir.
Notariusun ofisində iş vaxtı həyata keçirilən notariat hərəkətlərinə görə “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilən müvafiq xidmət üzrə dövlət rüsumu məbləğində haqq, əməliyyatın xüsusiyyətindən asılı olaraq vergi və sığorta qanunvericiliyinin tələblərindən irəli gələn icbari ödəmələrdən başqa xidmətə görə notariat hərəkətlərinin aparılması üçün notarius tərəfindən müəyyən edilən haqq alınacaq. Bu haqqın aşağı həddi Ədliyyə Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləğinin müəyyən edilməsi meyarları” rəhbər tutulmaqla xidmətə sərf edilən zamana (başlama və başa çatma vaxtları əsasında) uyğun hesablanacaq.
Xüsusi notariuslar tərəfindən notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə haqqın məbləğinin müəyyən edilməsi üçün aşağıdakı meyarlar əsasdır:
- notariat hərəkətinin aparılması ilə bağlı notariat ofisinin işçisinin, tərcüməçi və mütəxəssisin cəlb edilməsi;
- notariat hərəkətinin təşkili və aparılması üçün sərf olunan vaxt - notariat hərəkətinin aparılması ilə bağlı sənədlərin hazırlanması və bilavasitə notariat hərəkətinin aparılması vaxtı;
- notariat hərəkətinin təşkili və aparılması ilə əlaqədar nəqliyyat və rabitə xərcləri;
- notariat hərəkətinin aparılması üçün zəruri olan sənədlərin əldə edilməsinə görə sifarişçi şəxsin xahişi ilə idarə, müəssisə və təşkilatlara sorğuların verilməsi;
- notariat hərəkətinin aparılması zamanı köməkçi xidmətlərin göstərilməsi (icbari sığorta xidmətinin təşkili, tərcümənin təşkili, kserosurət və s.);
- Notariat hərəkəti elektron ədliyyə köşkündən istifadə edilməklə kənarda olan şəxslə videoyazı vasitəsilə aparıldıqda – köşkün istismar, mühafizə, inkasassiya, texniki dəstək xərcləri.