• SOSİAL

    19:32 7 mart 2020

Azərbaycanlı alimlər: “ÜST koronavirusun yayılma səviyyəsini çox yüksək qiymətləndirir” - MƏQALƏ


Dünyanı təşvişə salan koronavirus necə və harada yaranıb? Ən çox hansı heyvanlarda qeydə alınıb? Koronavirus indiyə kimi daha çox hansı xəstəlikləri törədib? Bu virusun ən çox yayılmış növləri hansıdır?

e-tibb.az Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Namiq Əliyev, institutun virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova və Qrip, kəskin respirator xəstəliklər laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Fəridə Heydərovanın koronavirusla bağlı bir çox məlumatları əks etdirən "Yeni minilliyin pandemiyası" adlı məqaləsini təqdim edir:

XX əsrdə Ümumdünya Səhiyyə Təşkilatının işləyib hazırladığı və həyata keçirdiyi bir sıra proqramların nəticəsi olaraq difteriya, qızılca, poliomielit kimi təhlükəli infeksiyalar ləğv olunmuş, bəzi digər infeksiyalarla xəstələnmə minimuma endirilmişdir. Keçən əsrdə meydana çıxmış QİÇS kimi çox təhlükəli virus infeksiyası ilə mübarizədə və onun müalicəsi sahəsində mühüm uğurlar əldə edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının 1996-cı ildə keçirilən sessiyasında belə bir tezis səslənmişdi: “Biz yoluxucu xəstəliklərin qlobal partlayışı ərəfəsində yaşayırıq. Heç bir ölkə infeksiyadan kifayət qədər qorunmamış və heç bir ölkə artıq bu problemi danmaq iqtidarında deyildir”.

2020-ci ilin əvvəlindən koronavirus infeksiyasının tüğyan etməyə başlaması bu tezisi bir daha təsdiq etdi.

Koronavirus ailəsinin ilk nümayəndəsi olan toyuqların infeksion bronxiti virusu çoxdan ABŞ-da toyuq fermalarında qeydə alınırdı və 1936-cı ildə amerika tədqiqatçıları Beach və Scalm bu xəstəliyin virus təbiətini sübut etdilər. Bu virus ştamı 1937-ci ildə toyuq embrionunda təcrid edildi və QBV adlandırıldı. Koronavirusların digər bir növünün törətdiyi siçanların hepatit virusu 1949-51-ci illərdə Qledhill və Anderson tərəfindən təsvir edilmişdir. 1951-ci ildə Qledhill virusu təcrid etmiş və göstərmişdir ki, virus yoluxmuş siçanların qaraciyər, böyrək, qan, nəcis və sidikdə olur. Bu viruslar MHX adlandırıldı. 1965-ci ildə ingilis tədqiqatçıları Turrel və Bynoe xəstədə yoluxucu zökəm zamanı rinoviruslarla yanaşı digər agentləri aşkar etmişlər ki, onlarda birqatlı hüceyrə kulturası və heyvanlarda çoxalmamışlar. İlk ştam B814 kimi qeydə alınmışdır. Daha sonra KRX olan könüllülərdən 229E, 241D, 243D, 276D, 299D ştamları da əldə olunur. 1967-ci ildə ingilis tədqiqatçıları Almeida və Tyrell əldə olunan ştamların morfologiyasını tədqiq etmiş və müəyyən etmişlər ki, bu ştamlar bir-birinə oxşayırlar və virus hissəciklərinin səthində sancağa bənzər çıxıntılar var və onlar tac formasını əmələ gətirdiklərindən bu virusa koronavirus adı vermişdir.

Koronaviruslar (CoV) həm insanlarda, həm də heyvan, quş və məməlilərdə parazitlik edə bilir və pantropizmə malikdirlər.

Koronavirusların daha çox aşağıdakı növləri qeyd olunur:

1. İnsanın KRX CoV

2. Toyuqların infeksion bronxiti CoV

3. Siçanların hepatiti CoV

4. Siçovulların pnevmotrop CoV

5. Donuzların yoluxucu qastroenteriti CoV

6. Donuzların hemaqlütinasiyaedici ensefalomieliti CoV

Həmçinin hind toyuqlarının göyərmə xəstəliyi, siçovulların sialodakrioadeniti, yeni doğulmuş buzovların diareyası və pişiklərin peritaniti xəstəliklərini törədən koronavirus növləri də məlumdur.

ÜST-ün baş direktoru Tedros Qebreisus koronavirus infeksiyası ilə bağlı qeyd etmişdir ki, indi qorxu və dezinformasiya qarşılaşdığımız ən böyük problemdir.

Koronavirusla yoluxma halları dünyanın, 50-dən artıq ölkəsində qeydə alınır. İslandiya, Belarus, Meksika, Niderland və Yeni Zelandiyada və s. yeni yoluxma müşahidə olunur. Son məlumatlara görə, dünyada 100 minə yaxın insan yoluxmuş, 3000-dən çox xəstə bu infeksiyadan dünyasını dəyişmişdir. İranda ölənlərin sayı 100-dən çoxdur. Koronavirus infeksiyasının (Covid-19) ölkə sərhədlərinin aşaraq belə qlobal yayılması onun pandemiyası adlandırıla bilər. Avropa ölkələri arasında koronavirusa ən çox yoluxma halı İtaliyada qeyd olunur. Burada hazırda 3 mindən çox insan yoluxmuş və 200-ə yaxın insan həyatını itirib. Bir sıra ölkələrdə ölkədaxili karantin tədbirləri ilə yanaşı ölkələr arasında da ticarət, turizm əlaqələrinə ya məhdudiyyət qoyulmuş, ya da tamamilə kəsilmişdir. ÜST 2019-cu ilin son günündə Çinin Uhan şəhərində naməlum patogen tərəfindən törədilən 44 pnevmaniya hadisəsi haqqında məlumat yaydı. Bu patogen CoV-2019, hazırda isə SARS-CoV-2 ştam kimi adlandırıldı. Hazırda ÜST dünya üzrə koronavirus infeksiyasının yayılma səviyyəsini çox yüksək qiymətləndirmişdir.

SARS-CoV-2 infeksiyası zamanı proqnoz birmənalı deyildi. Ölənlərin əksəriyyətini 60 yaşdan yuxarı və xronik xəstəliyi olan pasiyentlər təşkil edir. SARS-CoV-1 və MERS-CoV infeksiyası ilə müqayisədə bu infeksiyadan letallıq çox aşağıdır.

Koronavirus infeksiyasının profilaktikası məqsədilə ÜST bir sıra tövsiyələr irəli sürür:

- şəxsi gigiyena tədbirlərini maksimum yerinə yetirmək;

- təmasları maksimum azaltmaq;

- insanların kütləvi toplanma məkanlarından uzaq olmaq;

- yüksək hərarət, öskürək, təngnəfəslik olan zaman dərhal həkimə müraciət etmək;

- xəstə aşkar edildikdə onun təcili izolyasiyası (hospitalizasiyası) və onunla təmasda olanlar üzərində karantin tədbirlərinin aparılması;

- əhalinin müxtəlif təbəqələrinin bu infeksiya haqqında lazımi bilgilərlə müntəzəm məlumatlandırılması (KİV ilə çıxışlar, reklam çarxları, müxtəlif yaddaş broşuraları və bukletlərin yayılması vəs.)

ONA

Teqlər:

SON XƏBƏRLƏR