• SOSİAL

    12:35 30 mart 2019

Bakıda “Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilir

Bu gün Tibb Universitetində “Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi praktik konfrans başlayıb.

ONA-nın məlumatına görə, iki gün davam edəcək tədbirin açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli şüa diaqnostikası sahəsində əldə edilən uğurlardan danışıb.

G. Gəraybəyli deyib ki, son illər tək Bakıda deyil, regionlarda da şüa diaqnostika mərkəzləri açılıb: “Bu, ölkəmizdə şüa diaqnostikası sahəsində keçirilən ilk beynəlxalq konfransdır. Tədbirdə Türkiyə və Rusiya alimləri də iştirak edir. İnanıram ki, təcrübə mübadiləsi faydalı olacaq”.

Konfransda ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri Məlahət Sultanova Azərbaycanda radiologiyanın inkişaf tarixindən danışıb. Gələn il ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının 70 illiyinin qeyd ediləcəyini söyləyən M. Sultanovanın sözlərinə görə hazırda bu sahədə 3 tibb elmləri doktoru və 50 fəlsəfə elmləri doktoru var.

Türkiyənin 19 May Universitetinin professoru Murat Danacı, Rusiya Radiologiya Assosiasiyasının üzvü Qalina Korjenkova konfransda iştirakdan məmnun olduğunu söyləyib.

Konfrans çərçivəsində keçirilən birinci paneldə M. Danacı “Bağırsaqların iltihabi xəstəliklərinin radioloji diaqnostikası”, tibb elmləri doktoru, professor Rauşan Raximjanova (Qazaxıstan) “Qazaxıstanda süd vəzi xərçənginin diaqnostikasında innovasiya texnologiyalarının rolu” mövzusunda çıxış edib. R. Raximjanova sovet dövründə, 1955-ci ildə Qazaxıstanda Semipalatinsk nüvə poliqonunda nüvə bombası sınağının keçirildiyini, bu sınaq barədə 40 il məlumatsız olduqlarını, bu dövrdən sonra qadınlar arasında süd vəzi xərçənginin geniş yayılmasının səbəbinin də məhz nüvə bombası sınağı olduğunu söyləyib. Professor dərslərində qızlara ictimai nəqliyyatdan istifadə zamanı belə ehtiyatlı olmalarını, sinələrini zədə almaqdan qorumağı tövsiyə etdiyini nəzərə çatdırıb. R. Raximjanova süd vəzilərinin zədələnməsinin də xərçəngə yol aça biləcəyini qeyd edib. O, Qazaxıstanda süd vəzi xərçənginin diaqnostikası sahəsində əldə edilən uğurlardan söz açıb.

Tibb elmləri doktoru, professor Çingiz Rəhimov “Radioloji görüntülərin artırılmış reallıq eynəklərlə interoperasion istifadəsi”, Respublika Diaqnostika Mərkəzinin İnvaziv radiologiya şöbəsinin rəhbəri, professor Ahmet Memiş “Renovaskulyar xəstəliklərin invaziv radioloji müalicəsi” mövzularında danışıblar.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR