• SOSİAL

    16:03 14 mart 2019

BMT baş katibinin köməkçisi: “Dünya bərpa olunan enerji mənbələrinə üstünlük verməlidir”

VII Qlobal Bakı Forumu çərçivəsində “Dayanıqlı inkişaf üçün çağırışlar” mövzusunda panel keçirilib.

ONA-nın xəbərinə görə, panelin moderatoru Kolumbiya Universitetinin professoru Cefri Saks olub.

C.Saks bildirib ki, dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir: “Biz ətraf mühitə böyük mənfi təsir göstəririk. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunur, bu da biomüxtəlifliyə mənfi təsir göstərir. Okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir. Bu baxımdan dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidir. XX əsrdə dayanıqlı inkişaf diqqət mərkəzində olsa da, bu sahədə ciddi nailiyyət əldə olunmayıb. Bu baxımdan Skandinaviya ölkələri istisnadır. Ona görə də 2020-2030-cu illərdə dayanıqlı inkişafla bağlı 17 istiqamət müəyyən edilib. Mən praktiki müstəvidə dayanıqlı inkişafla əlaqədar nəticələri görmürəm”.

C.Saks ənənəvi yanacaq növlərindən istifadəni azaltmadan iqlim dəyişikliyi problemini həll etməyin mümkün olmadığını vurğulayıb.

Yeni Zelandiyanın sabiq baş naziri Helen Klark deyib ki, siyasi iradə, idarəetmə qabiliyyəti, resursların səfərbər edilməsi dayanıqlı inkişafı təmin edə bilər: “Sülh olmadan dayanıqlı inkişaf mümkün deyil. Eyni zamanda sağlamlıq məsələlərinə xüsusi diqqət yetirilməlidir. Dünya ölkələri iqlim dəyişikliyi problemini də diqqət mərkəzində saxlamalı, karbohidrogenlərdən yanacaq kimi istifadə səviyyəsi azaldılmalıdır. Beynəlxalq səviyyədə əməkdaşlıq da bu sahədə vacibdir”.

Kanadanın sabiq xarici işlər naziri Stefan Dion yaxın vaxtlarda Kanadada parlament seçkilərinin keçiriləcəyini nəzərə çatdırıb: “Bir çox kanadalı karbohidrogendən yanacaq kimi istifadənin azaldılmasının sərfəli olmadığını düşünür. Çünki çoxları ayında sonunda əldə edəcəyi gəlirlə maraqlanır. Bu baxımdan siyasilərin aparacağı maarifləndirmə işi böyük rol oynamalıdır”.

Yaxın gələcəkdə içməli su ilə əlaqədar ciddi problemlərin yaranacağını söyləyən Stefan Dion bir müddət sonra okeanlara atılan plastik tullantıların çəkisinin balıqlardan çox olacağını vurğulayıb: “İqlim dəyişikliyindən gələcək nəsillərin taleyi asılı olacaq. Temperaturun 2-3 dərəcə artmasından çox şey asılı olacaq. Ona görə də atmosferə atılan tullantıların azaldılmasına çalışmalı, neft, qaz və kömürü yandırmaqdan vaz keçməliyik. Hazırda enerji təminatının 70-80 faizi neft, qaz və kömürdən əldə olunur. Bu yanacaq növlərinin azaldılmasında siyasətçilərin üzərinə böyük vəzifə düşür”.

BMT baş katibinin köməkçisi Mirjana Spoljaric Egger dünyanın daha çox bərpa olunan enerji mənbələrinə üstünlük verməsini vacib sayıb: “Yoxsul insanların əksəriyyəti Yaxın Şərq ölkələrində yaşayır. Əgər biz yeni texnologiyaların tətbiqinin geniş yayılmasına nail olmasaq, bəşəriyyət olaraq arzuladığımız nəticəni əldə edə bilmərik. Buna görə də həm insanları, həm də özümüzü maarifləndirməliyik. Bu halda 2030-cu ilə kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik. Dünya əvvəllərə nisbətən daha zəngindir. Lakin biz sosial ədalətə, ora təbəqənin da bu zənginliklərdən faydalanmasına şərait yaratmalıyıq. Dünya Bankının yaradılmasında da məqsəd ölkələrin vətəndaşlarına daha keyfiyyətli xidmət təqdim etməsinə nail olmaq idi”

Moderator Cefri Saks prezident Donald Trampın ABŞ-ın maraqlarını hər şeydən üstün tutduğunu xatırladıb: “İnsanların, dünyanın maraqları ilk növbədə əsas götürülməlidir. Millətçiliklə heç nəyə nail ola bilmərik. Eyni zamanda biz ənənəvi yanacaq növlərindən uzaqlaşmalı, bərpa olunan enerji növlərinə üstünlük verməliyik. O da nəzərə alınmalıdır ki, regional əməkdaşlıq regionda sülhün qorunmasında vacibdir”.

Sloveniyanın sabiq prezidenti Danilo Turk nəzərə çatdırıb ki, hazırda dünyada 2 milyard insan təmiz su əldə etməyə çətinlik çəkir və yaxın gələcəkdə bu göstərici 4 milyard nəfərə çata bilər: “Balkan müharibəsi başa çatanda region ölkələri arasında danışıqlarda əsas mövzu su mənbələri ilə bağlı idi. Avropa İttifaqında da Su Məcəlləsi qəbul edilib. Ancaq bu, daşqınları, sudan enerji məqsədləri ilə istifadəni əhatə etməmişdi. Bir məqamı qeyd edim. Seneqal çayı ətrafında 4 ölkə yerləşir və həmin 4 Afrika ölkəsi suyun bölgüsü ilə bağlı razılığa gəlib. Bu razılaşma 40 ildir ki, özünü doğruldur. Biz tədricən regional əməkdaşlığın aktual olduğu qənaətinə gəlirik. Regional əməkdaşlıq sülhün qorunmasına böyük töhfə verir. BMT-nin Minilliyin İnkişaf Məqsədlərini qəbul edib. Biz vəziyyətin ağırlığını tam dərk etməliyik. Ətraf mühitlə bağlı problemlərin həlli üçün Çin, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin birgə səyi vacibdir”.

Panel müzakirələrlə davam edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR