“Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil almasını istəmirlər”.
ONA-nın məlumatına görə, bunu bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
Deputat bu vəziyyətin təmsilçisi olduğu Zaqatala və şimal bölgəsində də müşahidə olunduğunu təəssüf hissi ilə vurğulayıb: “Mən özüm şahidi olmuşam ki, bəzi ailələr, valideynlər istedadlı övladlarının təhsilində, oxumasında maraqlı deyilər. Bu, çox böyük təəssüf doğurur. Bu məsələdə nəyi isə bəhanə gətirmək olmaz. Xüsusilə istedadlı uşaqlar öz təhsillərini davam etdirilməli və onlara dəstək göstərilməlidir. Mən elə hesab edirəm ki, Gənclər Fondu belə uşaqlara, yeniyetmələrə öz imkanları daxilində yardım, dəstək göstərməlidir”.
Müzakirələrin gedişində homoseksual gənclərlə bağlı məsələ də qaldırılıb. Bu məsələ iclasda iştirak edən gənc tələbələrdən biri tərəfindən dilə gətirilib. Tələbə qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar: “Onlar çox vaxt işə götürülmürlər və ya onlara iş yerlərində fiziki, mənəvi təzyiqlər göstərirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Halbuki onların işləmək və təhsil almaq, eləcə də digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır”.
Buna cavabında E.Musayev deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz: “Bu məsələ daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlı olan məsələdir. Düşünmürəm ki, onlara qarşı hər yerdə “qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları hardan almısız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.