• SOSİAL

    15:44 15 aprel 2019

Dövlət Məşğulluq Xidmətinin rəisi: “Az sayda əmlakın verilməsi ilə bağlı uyğunsuzluqlar olub" - MÜSAHİBƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayevin ONA-ya müsahibəsi

- Özünüməşğulluq Proqramı nə dərəcədə özünü doğruldub?

- Özünüməşğulluq Proqramı özünü doğruldur. Bu, sözün əsl mənasında səmərəli proqramdır. Əslində, ölkə başçısının təşəbbüsü ilə 2017-ci ildən başlamış proqrama 1200-dən artıq vətəndaşımız cəlb olunub. Monitorinqin nəticələri layihənin uğurlu olduğunu göstərdiyi üçün artıq keçən il proqrama 7200-dən artıq vətəndaş cəlb olunub. Ümumilikdə, 7600-dən artıq vətəndaş təlim keçib, 7267 vətəndaş imtahan prosesini uğurla verərək, əmlak və aktivlərlə təmin olunma mərhələsinə adlayıb. Onların 6 mindən artığını əmlak və aktivlərlə təmin etmişik, qalanlarla bağlı isə satınalma prosesi başlayıb. Bu il satınalma prosesi çərçivəsində qalanlar da əmlak və aktivlərlə təmin ediləcək. Eyni zamanda 2019-cu ildə də Özünüməşğulluq Proqramı çərçivəsində təlimlərə cəlb edilənlər var. Bu günə müraciətlərin sayı 30 minə çatıb.

Ötən həftənin cümə axşamı və cümə günləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev regionlarda vətəndaşları qəbul etdi. Mən əyani olaraq o qəbulda da vətəndaşların Özünüməşğulluq Proqramına ciddi marağının şahidi oldum. O cümlədən yerlərdə Özünüməşğulluq Proqramına qoşulmuş, aktivlərlə təmin edilmiş vətəndaşlarla da görüş keçirildi, evlərinə baş çəkildi. Nazirliyin sosial şəbəkədəki səhifəsində də bu görüşlər işıqlandırıldı. Vətəndaşlar çox sevinirlər ki, dövlətin belə dəstəyi var. Dövlət tərəfindən vətəndaşların gəlirlərinin artmasına, daha yaxşı yaşamasına şans yaradılıb. Vətəndaşlar Prezident başda olmaqla, Özünüməşğulluq Proqramının icra edənlərə təşəkkür edirlər. Ona görə də Özünüməşğulluq Proqramının özünü doğrultmasından danışmaq yox, layihənin uğurunu qeyd etmək lazımdı.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə Özünüməşğulluq Proqramının neçə il həyata keçirilməsinə ehtiyac olduğunu araşdırıbmı?

- Biz hazırda layihənin gələcəyini dəyərləndirməkdəyik. Hazırda BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığımız davam edir, bu layihənin dəyərləndirilməsi həyata keçiriləcək. Nazir Sahil Babayevin də iştirakı ilə BMT-nin İnkişaf Proqramı ilə saziş də imzalanıb. Eyni zamanda Dünya Bankının bir ekspertləri ilə bu layihənin dəyərləndirilməsini həyata keçiririk. Biz layihənin effektivliyini dəyərləndirməkdəyik. Özünüməşğulluqla bağlı yeni instrumentlər, yeni imkanlar haqqında da düşünürük. Məsələn, Gənclər Fondu ilə əməkdaşlıq edir, gənclərin startap layihələri barədə düşünürük. Eyni zamanda bu qəbildən yerli iqtisadi reallığı nəzərə alaraq, özünəməşğulluğun təşkil edilməsi və ümumilikdə aktiv məşğulluqla bağlı analizlər, müzakirələr aparılır.

Sözsüz ki, Özünüməşğulluq Proqramı sonsuz ola bilməz, biz bunu da bilirik. Analizlərimizin nəticəsi barədə mətbuata da məlumat verəcəyik. Analizlərimiz başa çatmadığı üçün Özünüməşğulluq Proqramı ilə bağlı konkret tarix yoxdur. Amma nəzərə alsaq ki, bu günə qədər Özünüməşğulluq Proqramı ilə bağlı 30 minə qədər müraciət var, biz də maliyyə imkanları nəzərə alaraq ildə 7 min vətəndaşın proqrama cəlb edilməsini nəzərdə tuturuq, bu hesabla ən azı 4-5 il Özünüməşğulluq Proqramına ehtiyac var.

- Özünüməşğulluq Proqramı ilə bağlı sosial şəbəkələrdə neqativ hallar da qabardılır. Məsələn, inək qocalıb, ağzında dişi yoxdur, ancaq Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşa verilib. Dişi tökülmüş inək vətəndaşa təsərrüfat qurmaq üçün necə verilə bilər? Nazirliyin keçirdiyi tenderin nəticələrinə əsasən, bu işlə məşğul olan şirkət bu əmələ görə cəzalandırılıb, yaxud həmin şirkətin xidmətlərindən imtina olunubmu?

- Əfsuslar olsun ki, bəzən xüsusən sosial şəbəkələrdə, bəzi veb-saytlarda layihənin uğuruna kölgə salmaq üçün müxtəlif hallar işıqlandırılır. Nazir də Özünüməşğulluq Proqramı ilə bağlı rəqəmləri açıqlayıb. Minlərlə insana kənd təsərrüfatı, o cümlədən xidmət sahələri ilə bağlı əmlaklar, aktivlər verilib. Çox az sayda əmlak və aktivlərin verilməsi ilə bağlı uyğunsuzluqlar olub. Bu hallar da dərhal yerində araşdırılmaq, aktlaşdırılmaqla aradan qaldırılıb. Baxmayaraq ki, vətəndaş tərəfindən həmin aktivlər qəbul edilib, razılığı bildirilib. Amma biz məsələni yerində araşdırmaqla vətəndaşa verilən aktivin keyfiyyətində problem olduğunu üzə çıxaranda həmin aktivlər dəyişdirilib. Bu, çox az sayda olub.

Təəssüflər olsun ki, bir çox halda belə iddialar böhtan xarakterli olub. Baxmayaraq ki, vətəndaşın təqdim edilən aktivlərdən razılığını bildirən istər videogörüntü, istər aktlar, istərsə də digər sübutedici məqamlar olmasına baxmayaraq, vətəndaş aktivlərin təqdim edilməsindən bir neçə ay keçəndən sonra müxtəlif iddialarla çıxış edir. Vətəndaşın iddialarının sübutu ilə bağlı heç bir fakt olmadığı halda biz heç bir addım ata bilmərik, çünki qanuni dövlətdə yaşayırıq. Vətəndaşın müraciəti əsasında hər hansı şübhələr yaranarsa, bunu müvafiq komissiya yerində araşdırarsa və müraciətə hər hansı əsas olarsa, aktlaşdırma aparılır və müvafiq olaraq aktivlər də dəyişdirilir. Burada heç bir narahatlığa əsas yoxdur, vətəndaşlarla ünsiyyətimiz tam qanuni və şəffaf şəkildə qurulub.

Bir məqamı da qeyd edim. Məşğulluq alt sistemi artıq fəaliyyətə başlayacaq və bu il Özünüməşğulluq Proqramına qoşulmuş bütün vətəndaşlar barədə məlumatlar bu alt sistemdə əksini tapacaq. Arzumuz budur və nazir Sahil Babayev tərəfindən də məsələ belə qoyulub ki, belə müraciətlər olarsa, biz bu məlumatları ictimaiyyətə açıqlayaq.

- Özünüz də etiraf edirsiniz ki, az da olsa, müəyyən neqativ hallar olub. Bu hallara da birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsul deyil, əmlak və aktivlərin verilməsi ilə nazirliyin keçirdiyi tenderdə qalib gələn şirkətlər məşğul olur. Nazirlik indiyə qədər belə hallara yol vermiş şirkətlərlə bağlı hansı tədbirləri görüb?

- Nazirlik həmin şirkətdən tələb edib və həmin şirkət müvafiq qaydada gedib o aktivləri dəyişib.

- Tenderdə qalib gəlmiş və belə əmələ yol vermiş şirkətlərin yeniləri ilə əvəzlənməsi proseduru yoxdur?

- Ümumiyyətlə, aktivlərin dəyişdirilməsi də, proses də “Satınalamalar haqqında” qanun əsasında həyata keçirilib. Nazirliyin təkid edib, hansısa şirkəti dəyişdirməsi üçün mexanizm yoxdur, qanun var. Hazırda nazirlik tərəfindən satınalma prosesi elan edilib, istənilən şirkət bu prosesə qoşula, iştirak edə bilər. Bizim burada seçim imkanımız yoxdur. Hətta bəzən vətəndaşlarımız təqdim edilən aktivlərin qiymətindən şikayət edirlər. Biz deyirik ki, axı bu, satınalma prosesidir, hər hansı əmlakın qiymətini satınalma prosesi keçirməmiş müəyyən edə bilmərik. Qanunla müəyyən edilmiş ardıcıllıqla satınalma prosesi həyata keçirilir və biz də hamı kimi o prosesi keçirəcəyik. Satınalma prosesində hansı şirkət qalib olacaqsa, o şirkət qarşısında da tələblərimizi qoyacağıq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR