• SOSİAL

    15:05 7 mart 2019

ETSN iş adamlarına müraciət edib: “Xaricdən ting almağa ehtiyac yoxdur”

"Payız ağacəkmə mövsümündə 167 min müxtəlif cinsli ağac tingi paylanılıb".

ONA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən payızağacəkmə mövsümündə nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib. “Hər ailə ağac əksin!”, “Bir şagird bir ağac əksin və qorusun!” devizləri altında keçirilən aksiyalar zamanı isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlif cinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanılıb.

Nazir müavini deyib ki, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə ümumilikdə 320 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 5000-ə yaxın müxtəlif cinsli ağac əkilib: “Aksiyalarımız davam edəcək. İş adamlarına səslənirəm ki, gedib xaricdən ting almağa ehtiyac yoxdur. Bizdə kifayət qədər ağac tingi var”.

Firdovsi Əliyev meşələrin çəpərlənməsi məsələsinə də toxunub: “Azərbaycanda meşələrin çəpərlənməsi yalnız o zaman olacaq ki, oraya kənar müdaxilələr olsun. Meşələrin hazırkı çəpərlənməsi isə daimi olmayacaq. Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür və onlar başqa ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var".

Nazir müavini hesab edir ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Bunun üçün isə meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar: "Çox əfsuslar olsun ki, təyin etdiyimiz bəzi adamların təşkilatçılığı zəif olduğu üçün əməkdaşlığı davam edə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini işdən çıxardıq. Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas vacib olmalıdır. Ümumilikdə təkcə 2018-ci ilin dekabr ayından bu tərəfə 52 nəfər meşə işçisini işdən uzaqlaşdırmışıq. Əgər cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına məlumat vermişik".

F.Əliyev meşələrdə hələ də vandalizm hallarının baş verdiyini deyib: "Bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına əli silahlı adam qoysun. Biz hamılıqla vətəndaş mövqeyi nümayiş etdirməliyik. Oğuz rayonunun Calud, Buxaz kəndlərində kömürbasdırma geniş yayıldığı üçün orda yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar axı. Qəbələ rayonunun Həmzəli kəndində peşəkar meşə qırmaqla məşğul olan adam var. Biz onu cərimə etsək də, əməlindən əl çəkmir. Qəbələdə Avrıq, Masallıda Yelağac kəndləri qanunsuz şəkildə ağacı kəsib kömürbasma ilə məşğul olurlar. Qubadan da bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz etimadımızı doğrultmadı".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR