“Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülmüş analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır”.
ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
O bildirib ki, burada ən çox çirkləndiricilər ictimai iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı sularıdır: “Aparılan monitorinqlər zamanı iri müəssisələrdə formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən çaylar vasitəsilə və birbaşa dənizə axıdıldığı məlum olub. Xəzər dənizi Abşeron yarımadasında məişət tullantı suları və neft məhsulları, bölgələrdə isə daha çox məişət tullantı suları ilə çirkləndirilir. Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib”.
Ə. Həsənov qeyd edib ki, dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılıb, müəssisə sahiblərinə atılmaların qarşısının alınması məqsədilə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib: “Şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alaraq müasir təmizləyici qurğular quraşdırıblar. Əksəriyyətində isə bu istiqamətdə tədbirlər görülməyib. Onlarla izahat işlərimizi davam etdiririk. Məqsədimiz daha çox izahat yolu ilə çirkləndiriciləri dənizimizi və su hövzələrimizi birgə qorumağa cəlb etməkdir”.