Xəzər dənizinə təmizlənmədən axıdılan axarların qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqi və fiziki şəxslərə etdiyi xəbərdarlıqdan sonra mövcud durum necədir? Xəzərin çirkləndirilməsinin qarşısının alınması istiqamətində hazırda hansı işlər görülür?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Mirsalam Qənbərov ONA-ya açıqlamasında bildirib ki, Xəzər dənizi müxtəlif tullantılarla, o cümlədən təsərrüfat və sənaye mənşəli axıntı suları ilə çirkləndirilir. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib və bu işlər davam etdirilir: “Lakin bəzi müəssisələr tərəfindən bu məsələyə hələ də biganə yanaşılır, formalaşan tullantı suları təmizləmə mərhələsi keçmədən ətrafdakı su hövzələrini çirkləndirməklə Hövsan kanalı və digər axarlar vasitəsilə Xəzərə axıdılır ki, bu da bizi çox narahat edir”.
Xəzər dənizinə daha çox çirkləndirici təsir göstərən istehsalat sahələri, eyni zamanda hüquqi və fiziki şəxslər haqqında məlumat verən şöbə müdiri bildirib ki, onlara qarşı tədbirlər görülür: “Hazırda ətraf mühiti və Xəzər dənizini çirkləndirən bir sıra müəssisələr mövcuddur. “Suraxanı Oil Operation Company S.A.”, “Balaxanı Operating Company Ltd" və “AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lay suları təmizləmə prosesi keçmədən mövcud göl və gölməçələri çirkləndirməklə Xəzər dənizinə axıdılır, bu problem təcili öz həllini tapmalıdır. Bu gün də əməliyyat şirkətləri standartlara cavab verməyən texnoloji üsullardan istifadə edir. Mütərəqqi texnologiyalar mövcud olduğu halda bu avadanlıqları əldə edib quraşdırmağa və istifadə etməyə önəm verilmir. Lay sularının uducu quyulara vurulması, ətraf mühitdən təcrid olunmaqla qapalı su dövriyyəsinə keçirilməsi, bu suları təmizləməklə texniki məqsədlər üçün təkrar istifadə edilməsi məsələləri həll olunmur.
Yaranmış problemlərin aradan qaldırılması məqsədilə dəfələrlə adları qeyd olunan müəssisələrdə mövcud vəziyyət və problemin həlli yollari ilə bağlı müzakirələr keçirilıb və pozuntuların aradan qaldırılması ilə əlaqədar tərəfimizdən icrası məcburi olan tapşırıqlar verilib, inzibati tənbeh tədbirləri görülüb”.
M. Qənbərov deyib ki, qısa müddət ərzində problem həll olunmasa, cnazirlik sərt tədbirlər görməyə məcbur olacaq: "Təqsirkarlar barəsində ciddi tədbirlər görüləcək və toplanılmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcək”.