• SOSİAL

    13:20 13 mart 2019

Fermerlər üçün ekoloji ekspertiza tələbi müəyyən edilir

Kənd təsərrüfatı kooperativləri üçün yeni tələblər müəyyənləşir.

ONA-nın məlumatına görə, bu, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsi bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin statusunun qorunması məqsədilə kənd təsərrüfatı kooperativlərinin kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Həmin obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, onların yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək.

Eyni zamanda həmin obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalıdır. Bu obyektlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilərkən onların trans-sərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin trans-sərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunacaq.

Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov deyib ki, əgər müvafiq normalar müəyyənləşdirilməsə, bu qanunun tətbiqi problemli olacaq, sahibkarlar problemlərlə rastlaşacaq.

Deputat Aydın Hüseynov deyib ki, bulaqlardan axan su evlərə çəkilir, nəticədə dərələrdə su quruyur: “Bu insanlara, bu məsələyə münasibət necə olmalıdır? Bu baxımdan normaların müəyyənləşməsi vacibdir”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə layihədə bir sıra incə məqamların aydınlaşdırılmalı olduğunu, parlamentin plenar iclaslarında layihə üç oxunuşdan keçəcəyi müddətdə bu məsələlərə aydınlıq gətiriləcəyini bildirib.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR