"Azərbaycanda hər zaman qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin prioritet sahəsidir. Bu gün qadınlarımız, gənc qızlarımız dövlətimizin yaratdığı bütün imkanlardan yararlanır, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur".
ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Qadınlar dayanıqlı inkişafa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin hədəfləri müəyyən edilib: “Baxmayaraq ki, gender bərabərliyi ayrıca məqsəd kimi göstərilib, lakin digər məqsədlərlə də gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır”.
H.Hüseynova deyib ki, bütün sahələrdə qadınların və qızların hüquqlarının bərabər səviyyədə qorunması, inklüziv, ədalətli, keyfiyyətli institutların yaranması üçün geniş imkanlar yaradılıb: "Bu imkanlar qadınların maarifləndirilməsinə üçün şərait yaradır. Ölkənin 8 regionunda yaradılan Qadın Resurs mərkəzləri qadınların iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Bunun nəticəsidir ki, artıq kənd yerlərində məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir. Qadın sahibkarların da sayı artır. Belə ki, əgər 2012-ci ildə sahibkar qadınların çəkisi 17 faiz idisə, 2019-cu ilin əvvəlinə bu göstərici 30 faizdən çoxdur. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda maraqlı tərəflərdən biri də qadınlardır. Çünki qadınlar həm də gələcək nəsil yetişdirir. Onlar sağlam, güclü, təhsilli olmalıdır ki, böyütdükləri övladları da hərtərəfli olsun".