Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Ekoloji təhlükəsizlik haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya” və “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
ONA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri B.Muradova deyib ki, Azərbaycanda çox böyük iqtisadi layihələr reallaşdırılır, böyük yol qovşaqları, körpülər çəkilir, müxtəlif infrastruktur layihələri, ətraf mühitin sağlamlaşdırılması istiqamətində enerji layihələri həyata keçirilir: “Bu fəaliyyət nəticəsində ətraf mühitə müsbət və mənfi təsirlər olur ki, bu da nəzərə alınmalı, onların qarşısının alınması və müsbət təsirlərinin genişləndirilməsi nəzərdə tutulmalıdır. Bu məqsədlə qanunlara dəyişiklik etmək lazım gəlir. Bu baxımdan “Ekoloji təhlükəsizlik haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya” və “İnformasiya əldə etmək haqqında” digər qanunlara dəyişiklik nəzərdə tutulub”.
Millət vəkili Hikmət Babaoğlu bu qanunlara dəyişiklik edilməsinin ekoloji ekspertizanın tətbiq edilməsi ilə bağlı olduğunu söyləyib: “Özümüz üçün aydınlaşdırmalıyıq ki, bu qanunu qəbul edəndə nəyə nail oluruq. Doğrudanmı ekoloji tarazlığı qoruyacağıq, doğrudanmı bu, effektiv bir qanun olacaq? Yoxsa müxtəlif növ fəaliyyətlə məşğul olan vətəndaşlarımız üçün bir bürokratik baryer olacaq? Biz bu məsələdə diqqətli olmalıyıq. Ona görə də hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mütəxəssislərin iştirakı ilə bu məsələni bir daha müzakirə edək. Görək, bunların arqumenti nədən ibarətdir”.
B.Muradova bildirib ki, bu məsələlər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun qəbul edilərkən müzakirə olunub: “Nazirliyin nümayəndələri də həmin qanunun qəbulu zamanı müzakirələrdə iştirak ediblər. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun həm parlamentin komitələrində, həm də parlamentin plenar iclasında müzakirə olunub, qəbul edilib. Artıq “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrasını tətbiq etmək məqsədilə yeni qanunun digər qanunlarda əksini tapması prosesini həyata keçiririk. Bu dəyişikliklər qanunların uyğunlaşdırılması məqsədilə həyata keçirilir. Mən hesab etmirəm ki, burada hansısa şübhə doğuran məqamlar var. Biz ətraf mühiti qoymaq üçün qaydaları sərtləşdirsək də, qanunun birbaşa icrası prosesində arzuedilməz hallar baş verməyəcək. Amma, əlbəttə, hansısa subyektiv amillər ola bilər. Bütün cəmiyyətlərdə də bu hallar mövcuddur”.
Daha sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.