“Mən "Diqlas" Ticarət Mərkəzinə yaxın ərazidə yaşayıram, hadisə baş verəndə də ora getmişdim. Baş verən hadisə əhalinin, sahibkarların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə ehtiyac olduğunu bir daha ortaya qoydu”.
Bunu ONA-ya açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İslam Mustafayev deyib.
İ. Mustafayev bildirib ki, fövqəladə hallar haqqında normativ hüquqi aktlara riayət olunmaması belə genişmiqyaslı yanğının baş verməsinə gətirib çıxarıb: "Sözsüz ki, öncə fövqəladə halları proqnozlaşdırmaq, onun profilaktikasını həyata keçirmək lazımdır. İkincisi, artıq hadisə baş veribsə, prosesin idarə olunmasını təkmilləşdirmək tələb olunur”.
Kafedra müdiri qeyd edib ki, FHN əməkdaşlarının hadisə yerinə tez çatdığının şahidi olub: “Yanğının söndürülməsinə vertolyotlar da cəlb olunmuşdu. Amma ilk növbədə digər məqamlara diqqət yetirmək lazımdır. İlkin səbəb hələlik dəqiq bilinməsə də, ara söhbətlərdə yanğının dönərxanadan başladığını bildirilir. Ekspert komissiyası nəticələri açıqlanmayana qədər yanğının başlama səbəbi barədə birmənalı fikir söyləmək olmaz. Mən onu deyə bilərəm ki, bu sahədə maarifləndirmə və məlumatlandırma işləri sürətləndirilməlidir. Həm ticarət mərkəzinin rəhbərliyi, həm də ticarət mərkəzində çalışanlar yanğın təhlükəsizliyi barədə məlumatlı olmalıdırlar. Ticarət mərkəzində elektrik sistemlərinin, qoruyucuların qaydalara uyğun yerləşdirilməsinə, açıq elektrik sobalarının, açıq alovun olduğu dönər aparatları ilə bağlı təhlükəsizlik qaydalarına riayət edilməlidir. Bunlara əməl olunsaydı, belə hadisə baş verməzdi. Bu hadisə ekspertlər tərəfindən araşdırılmalıdır. Biz gələcəkdə bu hadisəni tələbələrə həm də bir dərs kimi keçəcəyik”.
İ. Mustafayev qeyd edib ki, ölkədə sahibkarlıq sahəsində yoxlamaların azaldılması da nəzarət tədbirlərinin yumşaldılmasına səbəb olur: “İndiki halda belə ticarət mərkəzlərinin rəhbərliyi çox ciddi məsuliyyət daşımalıdır. Ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına nə dərəcədə riayət olunması, haranın kimə icarəyə verilməsi və necə idarə olunması dövlət strukturlarının nəzarəti altında tələb edilən səviyyədə olmalıdır”.
Kafedra müdiri “Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi ərazidə yanğınsöndürən maşınların manevr etmək imkanlarının olmadığına da diqqət çəkib: “Yol o qədər dardır ki, artıq yolun ətrafındakı kiçik obyektlərə də yanğın keçmişdi. Tikinti, arxitektura normalarına ciddi riayət olunmalıdır. Dəfələrlə baş memar, ziyalılar binalarının yaxın tikilməsinin problemlərə yol açdığını, binaların arasında manevr imkanlarının olmadığını qeyd ediblər. Mən gördüm ki, yanğınsöndürmə maşınları ticarət mərkəzinə yaxınlaşa bilmirdi, iki maşın yaxınlaşa bildi. Arxadan isə ticarət mərkəzinə yaxınlaşmaq mümkün olmadı, ara məsafəsi çox dardır. Şəhərsalmanın prinsiplərinə riayət etməmək son nəticədə belə fəlakət hallarında ciddi problemlərə yol açır”.
İ. Mustafayev yanğının sürətlə və geniş əraziyə yayılmasının da təsadüfi olmadığını söyləyib: “Ticarət mərkəzi əsasən polimer materiallardan ibarətdir, ticarət mərkəzinin özündə isə tezalışan materiallar satılır. Ona görə də ticarət mərkəzində birdən-birə alışmalar baş verirdi. Bu ticarət mərkəzini daşla tikilən binalarla müqayisə etmək olmaz. Həmin ticarət mərkəzinin ancaq karkası qurulub, qalanı polimer materiallardır. Həmin materiallar da tez yanır. Su şırnağı ilə od çox çətinliklə sönürdü. Bəlkə də manevr etmək imkanları geniş olsaydı, köpüklü maddələrdən, karbon-dioksiddən istifadə etmək mümkün olardı. Vertolyotlardan da istifadə etdilər. Məncə, ticarət mərkəzi və ətrafı şəhərsalma prinsiplərinə uyğun tikilmiş olsaydı, manevr imkanları geniş olsaydı, yanğın daha tez söndürülərdi”.
Kafedra müdiri qanunvericilikdə institusional strukturun da vəzifələrinin əksini tapdığını qeyd edib: “Fövqəladə Hallar Nazirliyi lazım gəldikdə, sanksiya tətbiq etmək hüququna malik olmalıdır. Tutaq ki, sahibkara deyilir ki, filan avadanlıqları yığışdırın, elektriki belə çəkməyin, faydası olmur. Belə hallarda qanunvericiliyin tələblərinə əməl olunması həmin ticarət mərkəzlərinin rəhbərlərinin şəxsi keyfiyyəti ilə müəyyənləşir. Əgər dövlət qurumu müvafiq xəbərdarlıq edirsə, tələblərə riayət olunmasını tələb edirsə, riayət olunmadığı hallarda da müəyyən sanksiyalar, cərimələr tətbiq etmək hüququ olmalıdır. Əks halda, hansı mənzərənin yarandığını görürük. Belə hallara yol vermək olmaz. Görürsünüz ki, nə qədər insan ziyana düşdü. Bu, ölkə iqtisadiyyatına, mövcud duruma da ziyandır. Ayrı-ayrı insanların iddiası səbəbindən belə hallar yaranmamalıdır”.
İ. Mustafayev yanğınsöndürənlərin fəaliyyətini də yüksək qiymətləndirib: “Mən orada idim, yanğınsöndürənlər yanğınla fədakarlıqla mübarizə aparırdılar, həyatlarını təhlükəyə atmışdılar. Orada alovu bir kənara qoyaq, onlar polimerin yanmasından ayrılan tüstünü udurdular. Yanğınsöndrənlərin fəaliyyətinə hansısa irad tutula bilməz. Ticarət mərkəzinin ətrafında tikililər elə tikilib ki, yanğınsöndürən heyət və texnika istənilən qaydada işləyə bilmirdi”.