Mətbuat Şurası Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirir.
ONA xəbər verir ki, tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub: “Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz, bəziləri isə dedi ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu barədə müzakirə aparacağıq”.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib ki, bu, cəmiyyətdən gizlədiləsi hadisə deyil: “Önəmli olan niyyətdir. Mətbuat azaddır, təki verdiyi informasiyalar kriminal və qeyri-qanuni çağırışlar olmasın. İnformasiya verənləri qınamaq olmaz”.
ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı baş vermiş xoşagəlməz olayı cəmiyyəti silkələyə bilmək baxımından istisna hadisə adlandırıb: “Millət vəkillərinin, tanınmış şəxslərin, sadə insanların bu hadisə ilə bağlı davranışları yüksək qiymətləndiriləsi haldır. Xüsusilə gənclərin intiharının kütləviləşməsinə ictimai rezonansın olması yaxşı şeydir”.
V.Mahirqızı qeyd edib ki, medianın da bu məsələyə münasibətində müəyyən yanlışlıqlar var, dövlət qurumlarının da: “Hər bir məsələyə operativ münasibət bildirilməlidir. Burada istənilən halda ailənin, ailədə baş vermiş parçalanma və problemlərin təsiri var. O uşağa qarşı psixoloji təsir göstərən həm də məktəb şagirdlərdir. Bizim müəllimlərinizin davranış kodeksi olsa, yaxşı olar. Bu, mediaya da aiddir. İntihar edən qızın videosunun media tərəfindən yayılması qəti şəkildə doğru deyildi. Bu videonin yayılması son dərəcə yolverilməzdir, həmin media orqanları hüquq-mühafizə orqanları tərəfindən cinayətə cəlb olunmalıdır. Bu görüntülərin yayılması, istintaq materiallarının verilməsi yolverilməzdir. Media bu məsələdə suçlu olmaq tərəfə gedir. Bizim hamımız övladlarımızı məktəbə əmanət edirik. Bu, valideynlərdə fobiya yaradır. Hesab edirəm ki, dövlət qurumları ilə media bu hadisəni bir yerdə işıqlandırmalıdır. Bu məsələdə medianın məktəbə, müəllimə hücumu dayandırılmalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu intiharın səbəblərini araşdırmağın vacib olduğunu deyib: “Bu məsələdə günahkar hamımızıq. Düşünürəm ki, mənəviyyatı hüquqla tənzimləmək olmaz, ona görə də bu zəncirdə günahlandırmaq lazımdırsa, ən sonuncu mediadır”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid şagirdlərin psixologiyasına təsir edəcək görüntülərin yayılmasını düzgün saymadığını vurğulayıb: “Media öz məsuliyyətini dərk etməli və psixologiyasına təsir edəcək materiallara nəzarət etməlidir”.
Deputat Kamilə Əliyeva E.Hacıyevanın intiharına görə məktəb rəhbərliyinin də məsuliyyət daşımalı olduğunu söyləyib: “Tərbiyə işləri üzrə direktor müavininin, sinif rəhbərinin işi nədən ibarədir? Amma hər bir şeyi də məktəbin üstünə atmaq olmaz. Hər bir valideyn öz övladını daha yaxşı tanımalıdır. Əgər valideyn bu yaşa qədər qeyri-adilik aşkar etməyibsə, demək, onun da günahı var”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər şeyi məktəbin və ya valideynin üzərinə atmağın doğru olmadığını deyib: “Valideyn-məktəb-şagird üçlüyünü yaratmaq lazımdır. Cəmiyyətin maariflənməsində elektron KİV və sosial şəbəkələr diqqətli olmalıdır”.
Deputat Aydın Mirzəzadə hadisədən sonra məktəb direktorunun işdən uzaqlaşdırılmasını düzgün hesab etdiyini bildirib: “Müəyyən hissə ajiotaj yaratmaq və qurumları ittiham etməkdə maraqlıdır. İstintaq başa çatmamış, cəmiyyətdə qıcıq yaradacaq videoları yayan media orqanlarına və sosial şəbəkə istifadəçilərə çağırış edirəm ki, diqqət edək və təsirini düşünək”.
Deputat Sona Əliyeva bu tipli xəbərlərə həssaslıqla yanaşılmasının tərəfdarı olduğunu vurğulayıb: “Bu məsələləri məktəbin və medianın üzərinə yıxmaq olmaz”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan medianın bəzən fərqinə varmadan sosial şəbəkələrlə yarış içində olduğunu təəssüflə qeyd edib: “Bəzi xəbərləri sosial şəbəkə ilə yarışaraq veririk, bunun nəticəsində belə xəbərlərin yayılması meydana çıxır. Bir çox inkişaf etmiş Avropa ölkələrində intihar, zorlama, qəza və sair kimi olaylar mediada, hətta sosial mediada belə yayılmır. Cəmiyyətlə media arasında bir anlaşma var”.