Hesablama Palatası ünvanlı dövlət sosial yardımı ilə bağlı təkliflər irəli sürüb.
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Hesabatda qeyd edilib ki, 2015-ci ilin martından başlayaraq ünvanlı dövlət sosial yardımı 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsi və “ələbaxımlıq psixologiyası”nın formalaşmasına şərait yaradıb. Hesablama Palatası hesab edir ki, sosial yardımın 2 il müddətinə təyin edilməsi həmin müddətdə yardımın məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb ola biləcək halların baş verməsi (uşağın doğulması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün hərbi xidmətə getməsi və ya hərbi xidmətdən qayıtması səbəbindən ailə tərkibində dəyişikliyin olması, əvvəl əmək qabiliyyətsiz olan ailə üzvünün 2 il ərzində əmək qabiliyyətli kateqoriyasına aid ola bilməsi, əmək haqqı və sosial ödənişlərin təyin edilməsi səbəbindən ailənin gəlirlərində dəyişikliyin olması) ehtimalını artırır. Bu da həmin dəyişikliklərin vaxtında aşkar edilməsi, ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırılması və ya məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır, daha böyük məbləğdə dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Qanun qüvvəyə minərkən ilkin variantda sosial yardımın 6 ay müddətinə təyin edildiyi əksini tapıb. Qanuna 13 iyun 2008-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, təyinat müddəti 1 ilədək, 24 fevral 2015-ci il tarixdə edilən dəyişikliyə əsasən isə 2 ilədək uzadılıb.