Bu gün Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfrans keçirilib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Konfransda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri iştirak edib.
Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov və Qənirə Paşayeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başqaları məruzələrlə çıxış edib.
Konfransı giriş sözü ilə açan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, tədbirin məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və təbliğidir.
O bildirib ki, erməni millətçiləri həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının tabeliyində həlledici bir zaman kəsiyi olduğu deyib: “Sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi bu hadisələrin ən yüksək zirvəsidir. Lakin 1918-ci ilin əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilib, hətta onun mövcudluğunu şübhə altında qoymuş hadisələr baş verib”.
Konfransda çıxış edənlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya qoyub. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdiyi qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlət başçısının iştirakı ilə kompleksin açılışı keçirilib.
Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımının 100 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunub.