“Fevralın 5-i Şamaxıda baş verən zəlzələdən sora çoxsaylı avtoşoklar baş verdi. Biz də zəlzələdən sonra bir sıra geoloji təhlükəli proseslərin mövcud olduğunu bilərək proqnoz etmişdik ki, həmin ərazidə vulkanların, torpaq sürüşmələrinin olması ehtimalı var”.
ONA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev deyib.
O bildirib ki, zəlzələ episentrinə yaxın ərazilərdə torpaq sürüşmələri, vulkan püskürmələri baş verib: “Biz əvvəlcədən bu hadisələrin olmasını gözləyirdik. Həmin ərazilərdə sürüşmələr yol ətraflarında baş vermişdi ki, xüsusən də Qızmeydan yolunda, Ağsu aşırımında sürüşmələr aktivləşmişdi. Yağış zamanı və hər hansı bir zəlzələ hadisəsi baş verəndə bu sürüşmələr aktivləşə bilər”.
Şöbə müdiri bildirib ki, tarixən Bayıl yamacında sürüşmə zonaları mövcuddur: “Zaman-zaman bunlar təbii və antropogen təsir nəticəsində aktivləşir. Hələ ki həmin ərazilərdə gərgin vəziyyət davam edir”.