Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlardan biri də səməni halvasıdır.
Novruzun əsas atributlarından birinə çevrilən səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun yalnız təbii məhsullardan hazırlanmasıdır. Səməni halvası faydalarına görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur.
ONA-nın qərb bürosunun xəbərinə görə, Gəncədə bəzi ailələrdə bu gün də səməni halvası bişirmək adəti yaşadılır. 92 yaşlı Yahu nənə 64 ildir səməni halvası bişirməklə məşğuldur. Qayınanasının sənətini davam etdirən Yahu nənə deyir ki, 150 ildən artıqdır hər il Novruz bayramı ərəfəsində ocaqlarında səməni halvası hazırlanır. Onun sözlərinə görə, ailələrində bundan sonra da bu sənəti davam etdirəcəklər.
Halvanı bişirmək üçün yüksək keyfiyyətli, köhnə olmayan buğda tələb olunur. Buğda təmizlənib yuyulur və ilıq suya qoyulur. Səməni daha sonra ət maşınında çəkilir. Ət maşınından çəkilən kütlə daha sonra yuyulur. Bu kütlə səməni halvasının bişirilməsinə istifadə olunur.
Səməni halvasının hazırlamaq maraqlı olsa da, çətin bişirilmə texnologiyası var. Yahu nənənin qızları deyir ki, əsrlərdir yaşayan bu adət-ənənəni Tanrı verdiyi ömür qədər davam etdirəcəklər.
Səməni halvasını yay aylarından başqa ilin bütün fəsillərində bişirmək mümkündür. Amma onun hazırlanması çətin proses olduğu üçün səməni halvası yalnız Novruz bayramında bişirilir.
Fuad Hüseynov