Hesablama Palatası 2015-2017-ci illərdə ümumtəhsil məktəblərində şagird-müəllim nisbətini təhlil edib.
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Hesabatda qeyd edilir ki, respublika üzrə orta ümumtəhsil məktəblərində şagird-müəllim nisbəti 2015-ci ildə 8,2 şagird, 2016-cı ildə 8,6 şagird, 2017-ci ildə 9,3 şagird təşkil etməklə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının göstəricilərindən aşağı olub. Təşkilata üzv ölkələrdə şagird-müəllim nisbəti 2015-ci ildə 13,7, 2016-cı ildə 13,4 şagird olub.
Rayon (şəhər) orta ümumtəhsil məktəblərində bir müəllimə orta hesabla düşən şagird sayı ilə bağlı 2017-ci ilin göstəriciləri 2015-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə 0,8 şagird və ya 10,8 faiz, o cümlədən ibtidai məktəblər üzrə 0,3 şagird və 3,8 faiz az, ümumi orta məktəblər üzrə 0,2 şagird və ya 3,3 faiz az, tam orta məktəblər üzrə 0,8 şagird və ya 11,1 faiz çox, 2016-cı ilin müvafiq göstəriciləri ilə müqayisədə 0,3 şagird və ya 3,8 faiz, o cümlədən ibtidai məktəblər üzrə 0,1 şagird və ya 1,1 faiz az, ümumi orta məktəblər üzrə 0,2 şagird və ya 2,7 faiz az, tam orta məktəblər üzrə 0,3 şagird və ya 4 faiz çox olmaqla müvafiq olaraq 6,4 şagird, 5,8 şagird və 8,2 şagird təşkil edib.
Bir müəllimə düşən şagird sayı 2015-ci ilə nisbətən 0,8 şagird və ya 10,8 faiz, 2016-cı ilə nisbətən 0,3 şagird və ya 3,8 faiz artaraq 2017-ci ildə 8,2 şagird təşkil etsə də, bu artım ayrı-ayrı rayon və şəhərlər üzrə müxtəlif olub.
Müəllim-şagird nisbəti 2015-ci ilə nisbətən 2017-ci ildə ibtidai təhsil pilləsi üzrə 0,3 şagird və 3,8 faiz, ümumi orta təhsil pilləsi üzrə 0,2 şagird və ya 3,3 faiz azalıb. Tam orta təhsil pilləsi üzrə isə 0,8 şagird və ya 11,1 faiz artıb. Təhsil pillələri üzrə mövcud olan uyğunsuzluq sonrakı illərlə müqayisədə də mövcud olub. 2016-cı illə müqayisədə 2017-ci ildə bir müəllimə düşən şagird sayı ibtidai təhsil pilləsi üzrə 0,1 şagird və ya 1,1 faiz, ümumi orta təhsil pilləsi üzrə 0,2 şagird və ya 2,7 faiz azalsa da, tam orta təhsil pilləsi üzrə 0,3 şagird və ya 4 faiz artıb.
Sənəddə qeyd edilir ki, təhlilin nəticələri haqqında arayış məlumat üçün Təhsil Nazirliyinə göndərilib. Təhsil Nazirliyinin Hesablama Palatasına cavab olaraq təqdim etdiyi məlumatda bildirilib ki, 2011-ci ilə qədər müəllimlərin işə qəbulunda dərs yükünün optimal həcmi nəzərə alınmayaraq sərbəst şəkildə həyata keçirilməsi, xüsusilə dağlıq rayonlarda azkomplektli məktəblərin fəaliyyət göstərməsi qeyd edilən nisbətdə olan uyğunsuzluqların formalaşması ilə nəticələnib. Nazirlik bildirib ki, təhlildə qeyd edilən təkliflər nəzərə alınmaqla mövcud uyğunsuzluqların minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsinə ciddi nəzarət edilməsi qərara alınıb və müvafiq tapşırıqlar verilib.