• SOSİAL

    12:30 29 avqust 2023

Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Urmiya gölünün qurumasına həsr edilmiş ikinci məqaləni təqdim edir.

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası

Urmiya gölünün İran İslam Respublikası tərəfindən qəsdən qurudulması və bu siyasətə qarşı Güney Azərbaycan türklərinin çoxsaylı etirazları haqqında əvvəlki yazımızda izah vermişdik. Bu yazıda məsələni başqa tərəfdən araşdırmaq istəyirik. Təbii ki, “İran rejimi Urmiya gölünü qəsdən qurudur” dedikdə bu cür suallar yarana bilər: Bir hökumət niyə öz sərhədləri daxilində belə bir iş görsün ki?! Urmiya gölünün qurudulmasının, ətraf mühitin dağılmasının bu hökumətə nə faydası var?!

Fikrimizcə, bu suallardan öncə “Urmiya gölünün quruması hansı nəticələrə gətirib çıxara bilər?” sualına cavab vermək lazımdır. Daha aydın ifadə etsək, Urmiya gölünün quruması həmin gölün ətrafındakı sakinlərin, yəni Güney Azərbaycan türklərinin həyatına təsiri barədə danışacağıq.

Urmiya gölünün qurumasının zərərli nəticələri

Urmiya gölünün qurumasının zərərli təsirləri ilə bağlı dünyanın, xüsusən də İran və Türkiyənin universitet və elm mərkəzlərində bir sıra araşdırmalar aparılıb. Universitet tələbə tezisləri və ya elmi məqalələr şəklində çap olunan və ya yayımlanan bu araşdırmaların nəticələri göstərir ki, bu gölün quruması ətraf mühitə və milyonlarla insanın, Güney Azərbaycan türklərinin, həyatına düzəlməz zərərli təsirlər göstərəcək. Sözügedən araşdırmaların bir çoxunda gölün qurumasının genişmiqyaslı və düzəlməz ekoloji fəlakətə gətirib çıxaracağı vurğulanıb. Yazıda qısa şəkildə də olsa, fəlakətin, ən azından, bəzi başlıqlarını dilə gətirmək istəyirik.

Urmiya gölünün qurumasının ekoloji nəticələri göl suyunun duzluluğunun artması, 150 min hektar şoranlığın yaranması, səhralaşma və torpaqların şoranlaşması, su quyularının quruması, əkinçilik və heyvandarlığın aradan çıxması, bölgədə turizmin zəifləməsi, həyat zəncirinin və onun bir çox bioloji xüsusiyyətlərinin məhv edilməsidir. Elə bir şəkildə ki, bu gölün quruması və altında 8 milyard ton duzun aşkarlanması, həmçinin duz fırtınalarının başlanması ilə bölgə sakinlərin həyatı ilə yanaşı, təbiət, təhsil, səhiyyə, fabriklər və sənaye də zədələnəcək və məhv olacaq. Xüsusilə yay və payız aylarında əsən güclü və isti duzlu küləklərlə bölgənin keyfiyyətli torpaqları, habelə Şərqi Azərbaycan əyalətindəki Marağa, Bunab və Təbrizin münbit düzənlikləri şoranlığa və səhralaşmaya doğru gedir. Bütün bunların nəticəsində tezliklə bölgədə əkinçilik deyə bir anlayış qalmayacaq.

Xatırlatmalıyıq ki, gölün su hövzəsində 36-dan çox şəhər və 3150 kənddə 5 milyondan çox Güney Azərbaycanlı yaşayır. Bu əhalinin də 60%-dən çoxunun əsas gəlir mənbəyi və peşəsi əkinçiliklə heyvandarlıqdır. Təbii ki, həmin 5 milyon insan Urmiya gölünə çox yaxın yerlərdə yaşayanlardır və ilk addımda onun qurumasının zərərli təsirlərini yaşayanlar da məhz onlar olacaq. Elmi araşdırmaların nəticələrinə, hətta İran rəsmilərinin açıqlamalarına görə, Urmiya gölünün qurumasının təhlükəli və zərərli nəticələri bütün Güney Azərbaycanın sakinlərinə təsir edəcək.

Söhbət bütün Güney Azərbaycan bölgəsində həyatın kökünü qurutmağa qadir olan 8 milyard tonluq duz bombasından gedir. Bir neçə il əvvəl özünü duz fırtınaları şəklində göstərən 8 milyard tonluq duz bombası ətraf mühitin, əkinçilik sahələrinin və kəndlərin dağıdılması ilə yanaşı, duzdakı ağır metallar vasitəsilə sağalmaz xəstəliklərə – tənəffüs problemləri və qida borusu xərçəngi, ürək-damar, böyrək, dəri xəstəlikləri – səbəb olacaq və daha doğrusu artıq səbəb olub. Qeyd edək ki, yerli əhali, xüsusən də Urmiya gölünün qonşu kəndlərinin sakinləri illərdir bu gölün qurumasının zərərli təsirlərini hiss edirlər. Bir çox kənd artıq boşalıbdır. Beləliklə dünənə qədər öz məhsuldar torpaqlarının üstündə əkinçilik və maldarlıqla məişətini təmin edən bir çox Güney Azərbaycan türkü hal-hazırda Tehran küçələrində iş tapmaq üçün ona-buna yalvarmaq məcburiyyətində qalıblar. Əslində, Tehran hakimiyyətinin istəyi də elə budur.

Tehran hakimiyyətinin Urmiya gölünü qurutmaqdan məqsədi nədir?

Qeyd etdiyimiz kimi, Urmiya gölünün quruması, ən azı, 5 milyon Güney Azərbaycanlının öz yurdlarından köçmək məcburiyyətində qalmasına səbəb olacaq və bu üzücü məsələ artıq zamanla özünü göstərməkdədir. Başqa bir yandan, yenə də İran rəsmilərinin dediyinə görə, Urmiya gölünün qurumasından zərər görən insanlar yalnız bu 5 milyonluq qrup deyil, bütün Güney Azərbaycan türkləridir. Demək, bu gölün quruması ilə, daha doğrusu, qurudulması ilə bütün Güney Azərbaycan bölgəsində həyat təhlükəyə düşəcəkdir.

Əslində, Urmiya gölünün qurudulması İranda Rza şahın dövründə (1925 – 1941) Güney Azərbaycan türklərinə qarşı başlayan və yüz ildən bəri davam edən siyasətlərin son addımıdır. Bütün bu müddət ərzində İran hökuməti Azərbaycan türklərinə iqtisadi, sosial və siyasi təzyiqlər edərək onları fars bölgələrinə köçməyə məcbur edib. Fakt budur ki, İranın mərkəzi hökuməti bu siyasəti həyata keçirməkdə müəyyən qədər də uğurlu olub. Bu yüz il ərzində Azərbaycan türklərinin böyük bir hissəsi dolanışıq, iqtisadi, sosial və siyasi problemlər üzündən fars bölgələrinə köç etmiş, əksər hallarda onların ikinci və üçüncü nəsilləri azərbaycanlı və türk kimliklərini tamamilə unutmuşlar. Bu gün fars şəhərlərində “Ata-anam türkdür, amma özüm yox!” kimi acı verici ifadəni bol-bol eşitmək olar.

Güney Azərbaycan türklərini İrandakı fars rejiminin ən böyük düşməni kimi hesab edən və hər zaman onlardan qorxan İran mərkəzi hökuməti yüz il qabaqdan fərqli yollarla Güney Azərbaycan türklərini zəiflətməyə başlayıb. Bir tərəfdən, onları assimilyasiya etməyə, dilini, mədəniyyətini və tarixini yox etməyə çalışıb, digər tərəfdən, onları min illərdən bəri yaşadıqları torpaqlarından uzaqlaşdırmağı hədəf alıbdır. Yuxarıda da vurğuladığımız kimi, bu qeyri-insani siyasətin məqsədi Güney Azərbaycan türklərini farsların yaşadıqları bölgələrə köçürmək yolu ilə bir-iki nəsildən sonra onların tarixi yaddaşını silib farslar içində və hətta farsçılıq düşüncəsi biçimində əridib məhv etməkdir. İkinci bir məqsədi isə, Güney Azərbaycan bölgəsində türklərin sayını azaltmaq və beləliklə, Güney Azərbaycandan gələcək olan təhlükənin gücünü və ya şiddətini zəiflətməkdir. Qacar dönəminin sön günlərinədək (1925) İranda ən sıx məskunlaşan və ən çox cəmiyyətə sahib olan Təbriz şəhəri yuxarıda vurğuladığımız siyasətin nəticəsində bu gün yalnız Tehrandan yox, Məşhəd və İsfahan, hətta Şiraz və Kirman kimi şəhərlərdən də daha az nüfuza malikdir. Müzakirə mövzusu sadəcə Təbriz şəhəri deyil, Qacar dönəminin son illərinədək İranda ən sıx məskunlaşan şəhərlərdən sayılan Güney Azərbaycan şəhərləri, o cümlədən Xoy, Urmiya, Ərdəbil, Marağa kimi şəhərlər bu gün ümumi baxımdan bir çox fars şəhərindən geridə qalır. Demək, son yüz ildəki İran hökumətləri Güney Azərbaycan bölgəsinin cəmiyyətini azaltmaqda müəyyən dərəcədə müvəffəqiyyətli olublar.

Bölgədəki siyasi gedişatı diqqətə alan zaman Urmu gölünün qurudulması təkcə Güney Azərbaycan türklərinin köçməyə məcbur qalmasını deyil, daha böyük regional və hətta beynəlxalq ölçülər qazanır. PKK terror təşkilatının uzantıları olan və Güney Azərbaycanın qərbində fəaliyyət göstərən dəstələrin mediadakı çıxışlarını izlədiyimizdə bölgədə Güney Azərbaycan türklərini Türkiyədən və hətta müəyyən dərəcədə Azərbaycandan ayrı salmaq mövzusunda qərarlı olduqlarını görürük. Məqsəd, şübhəsiz, Güney Azərbaycanın şimal-qərbində, yəni Türkiyənin şərq sərhədləri və Azərbaycanın cənub sərhədlərində terror koridoru yaratmaqla sözügedən ölkələrin torpaq əlaqəsini, sərhədini aradan qaldırmaq və bir-birindən ayrı salmaqdır. Son illərdə əsas məsələlərdən biri terror dəstələrinin sırf bu məsələ haqqında geniş təbliğat yaymasıdır ki, bu halı, yəni Güney Azərbaycan ərazisi üstündə torpaq iddialarını fars mediası da üstü örtülü olaraq dəstəkləyir!

İran İslam İnqilabından sonra ilk dəfə olaraq son zamanlarda Qərbi Azərbaycan əyalətinə bir kürd valisini göndərmək müəyyən dərəcədə məqsədli hərəkət sayılır. İran rəsmilərinin İraqın quzeyindəki yerli hökumətin rəsmilərini zaman-zaman İranın Kürdüstan əyalətində yox, Qərbi Azərbaycan əyalətində qarşılamağı və onları Urmiya şəhərində qonaqlamağı da yetərincə anlamlı bir hərəkət sayılır. Bütün bunlar göstərir ki, İran hökumət siyasətinin gizli ölçüsündə Güney Azərbaycan torpaqlarına göz dikən qruplarla müəyyən dərəcədə fikir birliyi və hətta işbirliyi vardır.

Urmu gölünün qurudulmasının son məqsədi

İndi bu tapmacanın hissələrini bir yerə yığmağa çalışaq. Birinci mərhələdə son yüz ildə başlamış olan siyasətin son hissəsi olaraq Urmu gölün qurudulması ilə İran rəsmilərinin də dediyi kimi, Güney Azərbaycan türkləri kütləvi şəkildə öz yurdlarından köçmək məcburiyyətində qalacaqlar. Bunlar bir-iki nəsildən sonra farsların içində əriyib gedəcəklər. İkinci mərhələdə yenə də son zamanlar başlamış olan siyasətin istiqamətində Güney Azərbaycanın qərb bölgəsi kürdləşdiriləcəkdir (Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycan əyaləti ilə müqayisədə Urmu gölünün qurudulmasından daha az zərər görəcək və Şərqi Azərbaycan əyaləti kimi yaşayış imkanlarını bütünlüklə əldən verməyəcəkdir. Bunun bir səbəbi bölgədə əsən yel və küləklərin şərqdən-qərbə əsməsidir). Necə ki son 50 il içində bu mövzuda ciddi inkişafa şahid oluruq və İran hökumət siyasətinin nəticəsində Qərbi Azərbaycan əyalətində başqa bölgələrdən və hətta İraqın quzeyindən kütləvi şəkildə axın edən kürdlərin məskunlaşmağını görməkdəyik. Bu qeyri-təbii yerləşmələrin nəticəsində bu bölgədə demoqrafik dəyişik üz verməkdədir. Son mərhələdə bu demoqrafik dəyişikliyin nəticələrini bəhanə edərək PKK terror dəstəsinin üzvləri işin içinə girərək bölgənin Güney Azərbaycan türklərinə məxsus olmadığını dilə gətirərək təxminən 30 il bundan qabaq Qarabağda yaşadığımız acıları bu dəfə Güney Azərbaycanda bizə yaşatmaq istəyəcəklər. Burada açıqladığımız layihə nə sui-qəsd illüziyasıdır nə də çox gizli və sirli bir macəra. Fars və kürd mediasını izlədiyimizdə bu layihə haqqında açıq və ya gizli bir şəkildə təbliğata şahid oluruq.

Məhz buna görədir ki, Urmu gölünün qurudulmasına Güney Azərbaycan türklərindən başqa heç bir xalq etiraz etmir. Hətta dəfələrlə görmüşük ki, bəzi yerli kürd dövlət məmurları və İran parlamentindəki kürd təmsilçiləri Urmiya gölünün bərpası üçün maliyyə vəsaitin ayrılmasına qarşı olduqlarını açıq şəkildə bəyan ediblər və ya gölün su haqqının verilməsinin qabağını alıblar.

Məhəmməd Rəhmanifər

ONA

Teqlər:

SON XƏBƏRLƏR