• SOSİAL

    12:32 25 fevral 2019

Xəzər dənizini çirkləndirən əsas mənbələr açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizini çirkləndirən əsas mənbələrin adlarını açıqlayıb.

ONA-nın xəbərinə görə, ETSN-nin əməkdaşı Mirsalam Qənbərov bildirib ki, bu gün Xəzər dənizini çirkləndirən, tənzimlənməyən axarlar mövcuddur. Onun sözlərinə görə, bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır: “Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən, “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir. Təəssüf ki, bu müəssisələrdə əmələ gələn tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır”.
M. Qənbərov qeyd edib ki, təkcə əhalinin formalaşdırdığı tullantı suları deyil, bəzi təşkilatlarda əmələ gələn tullantı suları da buraya aiddir: “Əsasən, kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır. Böyük narahatlığa səbəb olan bu problemlər aidiyyəti təşkilatlar tərəfindən tez bir zamanda həllini tapmalıdır. Bu sahəyə cavabdeh təşkilatlar, özəl strukturlar öz məsuliyyətlərini dərk edərək bu problemə biganə qalmamalı və təcili işlər görməlidir. Belə çirkləndirmə mənbələrinin qarşısını almaq mümkün deyilmi? Əlbəttə ki, mümkündür. Məsələn, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, Tağıyev, Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni, bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr bunu edə bilərlər”.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması ETSN-nin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır: “Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılır, tərkibində normadan artıq zərərli maddələr olan axarlar və bu axarları formalaşdıran fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlərlə yanaşı maarifləndirici, daha innovativ texnologiyaların tətbiqi tövsiyə olunur”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR