• TƏHLİL

    14:23 28 sentyabr 2021

Ağlayan erməni tarixində daha bir matəm günü - TƏHLİL

İkinci Qarabağ savaşının birinci ildönümü Azərbaycan və Ermənistanda tam fərqli qeyd edilir.

Azərbaycanda keçirilən Anım Günündə yenidən bir il öncə olduğu kimi milli həmrəylik, gələcəyə inam və nikbinlik hökm sürüb. Ermənistanda isə müharibənin birinci ildönümü depressiya, çaşqınlıq, ümidsizlik şəraitində keçib. Ağlayan erməni tarixində daha bir matəm günü yaranıb. 27 sentyabrı Ermənistanda matəm kimi qeyd ediblər.

Məğlubiyyət və kapitulyasiya aktını imzalamaq məcburiyyəti erməni cəmiyyətini darmadağın edib. Orta statistik erməni vəziyyətin belə sonluğunu ehtimal etmirdi. Odur ki, cəmiyyət bir göz qırpımında uçurumdan yuvarlanmağı həzm edə bilmir.

Ermənistan siyasi elitası Azərbaycan cəmiyyətinin 27 sentyabr tədbirlərində yenidən möhtəşəm birlik modelini qura bildiyini şok effekti ilə seyr edir.

Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin Vətən uğrunda canından keçmiş şəhidlərin ruhunu necə əziz tutduğu sentyabrın 27-də ölkədə keçirilən Anım tədbirlərində bir daha aydın göründü. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin portretləri ilə paytaxtda keçirilən yürüş şəhidlərin ruhuna ehtiramla yanaşı, bir qürur səhnəsi idi.

Ermənistanda isə tam fərqli proseslər müşahidə edilir.

Hər gün Ermənistan Müdafiə Nazirliyi, Prezident iqamətgahı, Nazirlər Kabineti, parlament qarşısında mitinq və piketlər keçirilir. Ermənilər hökumətdən savaşda itkin düşən, məhv edilən övladlarının hesabını soruşurlar. Döyüşlərdə iştirak edən, əlil olanların problemlərinə erməni iqtidarı saymazyana yanaşır. Bütün bunlar erməni cəmiyyətini iki düşmən düşərgəyə bölüb. Savaşın acı nəticələri Ermənistanda vətəndaş həmrəyliyinin izini belə itirib. Minlərlə vətəndaş Baş nazir Nikol Paşinyan və komandasının istefasını, həbsini tələb edir. Əks tərəf isə etirazın istənilən formasını amansızlıqla yatırır.

44 günlük savaşın ortaya çıxartdığı məyusluq erməni ziyalılarını da çıxılmaz duruma salıb. Onlar vəziyyətdən yeganə çıxış yolu kimi təklikdə deyil, kollektiv ağlaşmağı, dərdləşməyi təklif edirlər. Erməni cəmiyyətində intiharların sayının fantastik həddə çatması vəziyyətin çıxılmazlığının bariz nümunəsidir. Vətəndaşlar gündəlik işlərindən belə ayrı düşüblər. Ağır məğlubiyyət onları gündəlik qayğılarından da uzaq salıb. Ermənilər 44 günlük savaşdan öncəki həyata qayıda bilmirlər.

Erməni tarixçilərin “bizim xalqın taleyində belə hallar çox olub, biz yenə də məğlub olmamışıq, revanş götürəcəyik” təlqininə də reaksiyalar aqressivdir. Ermənilər anlayırlar ki, daha bir revanş cəhdi Ermənistanın bir dövlət kimi xəritədən silinməsi ilə sonuclana bilər. Erməni xalqı anlayır ki, müasir silahlara malik olan, milli həmrəylik nümayiş etdirən, 44 günlük savaş zamanı bircə fərarilik halı yaşamayan Azərbaycan Ordusu ilə növbəti dəfə qarşı-qarşıya gəlmək onların sonu olacaq.

Baş verənlərdən nəticə çıxartmaq əvəzinə, ermənilər günahı xarici amillərlə bağlayır, Rusiyanın onları satdığını, Türkiyənin qarşısında geri çəkildiyini bəyan edirlər. Erməni mətbuatı regional güc kimi Rusiyanın öz təsir dairəsini itirdiyini, Türkiyənin isə əksinə, bölgənin əsas söz sahibi olduğunu qabartmaqla hərbi və siyasi fiaskolarına bəraət qazandırmağa səy göstərirlər. Erməni hakimiyyəti bu qədər güvəndiyi Sorosdan da üz çevirməyə başlayıb.

Ermənistanda hər zaman belə bir fikir mövcud olub ki, Rusiya onların əvəzinə Azərbaycana qarşı savaşacaq. Lakin onlar unudurdu ki, son illər ərzində İrəvan Moskva ilə əvvəlki əlaqələrini itirib, iki ölkə arasında kəşfiyyat sahəsində əlaqələr məhdudlaşdırılıb, hərbi əməkdarlıq zəifləyib. Adi bir fakta nəzər salmaq kifayət edir. Nikol Paşinyanın rəhbərliyi dövründə Ermənistanın üç kəşfiyyat rəisi dəyişdirildi, yeni rəislərin heç birinin heç bir səriştəsi yox idi, onlar Kremlə nifrət edirdilər, Qərbin özündə də ciddi qarşılanmırdılar. Paşinyanın anti-Rusiya ritorikası, sabiq prezident Köçaryanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi İrəvanın Moskva ilə münasibətlərini tamamilə korlamışdı.

Ermənistan rəhbərliyində və cəmiyyətində antirusiya meyllərinin gücləndiyi bir vaxtda Bakı ilə Moskva arasında münasibətlər gündən-günə dərinləşirdi. Azərbaycan bu dəfə də düzgün siyasət yürüdərək strateji hədəflərini doğru müəyyənləşdirmişdi. Bu siyasətin nəticəsi olaraq da 44 günlük müharibədə erməni cəmiyyətinin Rusiyadan gözləntiləri reallaşmadı. Maraqlıdır ki, Ermənistan və erməni xalqı hər zaman düşünüb ki, onları müdafiə etmək, onların yerinə ölkəni qorumaq, onların əvəzinə müharibə aparmaq Rusiyanın borcudur. Onlar bunu Rusiyanın öhdəliyi kimi qəbul ediblər. Məhz buna görə də 44 günlük müharibədəki məğlubiyyətlərini Rusiyanın xəyanəti hesab edirlər. Dünyanın heç yerində isə belə absurda rast gəlmək mümkün deyil.

Ermənistan onu da unudurdu ki, son 30 ildə Azərbaycan ordusu çox dəyişib. Bakı siyasi və iqtisadi baxımdan qüdrətli mövqeyə malikdir. Ermənistanın strateji hesablamaları da səhv çıxdı. Ən əsası isə ermənilər yaddan çıxarırdı ki, Azərbaycan Qarabağı nəyin bahasına olursa-olsun, işğaldan azad edəcək. Son illərin danışıqları, bəyanatları, davranışları onu deməyə əsas verirdi ki, Bakı işğalla heç vaxt barışmayacaq.

Bütün siyasətini populizm və ağlaşma üzərində quran ermənilərin reallığı dərk etməsi üçün cəmi 44 gün kifayət elədi. Ermənistanda hələ də bunu dərk etmək istəməyənlər, orda-burda revanşist sayıqlamalarla çıxış edənlər varsa, yaxşı düşünməlidirlər. Ermənistanı diz çökdürən və depressiyaya uğradan savaşdan nəticə çıxarılmasa, İrəvanı gələcəkdə nələrin gözlədiyini dərk eləmək elə də çətin deyil. Erməni cəmiyyəti də bunu nə qədər tez dərk eləsə, onları üçün o qədər yaxşı olar. Əks halda, bu məyusluqları hələ uzun sürəcək.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR