• TƏHLİL

    16:17 20 avqust 2019

Ankarının növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL

Türkiyənin Diyarbəkir, Mardin və Van başda olmaqla, 29 vilayətdə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib. Türkiyə DİN-in yaydığı məlumata görə, 418 nəfər saxlanılıb, əməliyyat davam edir. Əməliyyat çərçivəsində HDP-dən seçilmiş Diyarbəkir şəhər bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraklı, Mardin şəhər bələdiyyəsinin sədri Əhməd Türk və Van şəhər bələdiyyəsinin sədri Bedia Özgökçə Ertan vəzifədən uzaqlaşdırılıb, yerlərinə qəyyum təyin edilib. Polis bələdiyyə binalarını mühasirəyə alıb, axtarış aparılıb. Vəzifəsindən uzaqlaşdırlan bələdiyyə sədrləri terror təşkilatlarına dəstək verməkdə ittiham olunur. Bundan başqa, bölgədə PKK yaraqlılarına qarşı irimiqyaslı "Kıran" əməliyyatına başlanılıb.

Türkiyənin sabiq prezidenti Abdulla Gül, sabiq baş nazir Əhməd Davudoğlu, ana müxalifət olan CHP, eləcə də digər müxalif partiyalar bələdiyyə sədrlərinin vəzifələrindən kənarlaşdırılmasını pisləsələr də, Türkiyə ilə sərhəddə “kürd qruplaşmaları”nın fəallaşdığı bir zamanda rəsmi Ankaranın belə addım atması anlaşılandır.

Ərdoğan Qərb dairələrinin “Türkiyədə insan haqları pozulur” spekulyasiyasına başlayacağını anlayır, lakin ölkənin təhlükəsizliyi üçün mühüm olan addımları atmaqdan da çəkinmir. Ankara üçün ən önəmli məsələ Türkiyənin təhlükəsizliydir. Bu baxımdan, Ankara yarı yolda dayana bilməz. Bu tendensiyanın kürdlərin sıx məskunlaşdığı digər ərazilərdə davam etdirilməsi ehtimalı da az deyil. PKK-nın açıq fəaliyyət göstərdiyi ərazilərdə eyni əməliyyatların keçirilə biləcəyi də proqnozlaşdırılır.

Əslində, rəsmi Ankaranın addımlarını tələsik adlandırmaq da olmaz. Uzun illərdir, adıçəkilən ərazilərdə separatçı meyllər davam edir. 2015-ci ildə bu ərazilərdəki bələdiyyələr o qədər irəli getmişdilər ki, hətta muxtariyyət qurmaq fikrinə düşmüşdülər. 2015-2016-cı illərdə Türkiyə təhlükəsizlik qüvvələri orada əməliyyat keçirdilər və demək olar ki, PKK silahlıları tamamilə məhv edildi. Buna baxmayaraq, son seçkilərdən sonra yenə də adıçəkilən bölgələrdəki bələdiyyələr PKK-ya açıq dəstək verməyə başladı. Belə ki, şəhid ailələrinin üzvləri müxtəlif bəhanələrlə işdən kənarlaşdırıldı. Diyərbəkirdə bələdiyyənin açılış iclaslarında Türkiyənin İstiqlal marşı deyil, PKK-nın “himn”i səsləndirildi. Bundan əlavə, Diyərbəkirin bələdiyyə sədri Adnan Səlçuq Mizraqlı PKK ilə yaxınlığına görə işdən qovulan 248 nəfəri təkrar işə götürdü. Bütün bunlar PKK-ya açıq dəstək verən vəzifəli şəxslərin işdən uzaqlaşdırılmasının Türkiyənin təhlükəsizliyi baxımından nə qədər zəruri olduğunu bir daha göstərir.

Ərdoğan iqtidarı “kürd problemi”ni həll etməyə çalışır. Ərdoğan 2005-ci ildə Diyarbəkirdə çıxış edərkən AKP hökumətinin kürd probleminin çözülməsi ilə bağlı yeni plan hazırladığının anonsunu vermişdi. Ərdoğan çıxışında hər bir dövlətin keçmişdə səhvlər etdiyini vurğulamış, “Hər bir xətaya ad qoymaq da gərəkməz. Çünki problemlər hamımızındır. Amma mütləq “ad qoyaq" deyirsinizsə, kürd problemi bu millətin bir hissəsinin deyil, hamısının problemidir. Mənim də problemimdir” söyləmiş, faktiki olaraq, barış çağırışı etmişdi.

Bu tarixi çıxışdan 4 il sonra, 2009-cu ildə AKP “Milli Birlik və Qardaşlıq” layihəsini elan etdi. 1 sentyabr 2009-cu ildə PKK atəşkəs elan etdiyini açıqladı. Bu layihəyə uyğun olaraq kürdlər yaşayan bölgələrdə sosial-iqtisadi problemlərin həlli, kürd dilində tədris, kürd dilində telekanalın açılması istiqamətində addımlar atıldı. Kürdlərin siyasi təşkilatlanması təşviq edildi. 2007-ci ildə kürdlərin Demokratik Toplum Partiyası (DTP) parlamentdə təmsilçilik qazandı. AKP sədri kimi Ərdoğan DTP təmsilçiləri ilə görüşdü. 2011-ci ildə AKP hökuməti təmsilçilərinin Oslo şəhərində PKK nümayəndələri ilə məxfi saxlanılan danışıqlar aparması barədə məlumat açıqlandı. 2012-ci ildə İmralı həbsxanasında PKK-nın həbs edilən lideri Abdulla Öcalanla görüşlər keçirildi. “Milli Birlik və Qardaşlıq” layihəsini xalqa anlatmaq məqsədilə "Müdrik İnsanlar Şurası" yaradıldı. Bu layihə çərçivəsində qanunvericiliyə çoxsaylı dəyişiklik də edildi.

Şübhəsiz ki, Ərdoğan komandasının belə addımları atmasına ciddi zərurət vardı. Ərdoğan anlayırdı ki, PKK problemi yalnız güc üsulları ilə çözülə bilməz. Bu baxımdan, AKP hökuməti doğurdan da çox böyük məsuliyyət altına girərək, “kürd açılımı”na start verdi. Bununla belə, Ərdoğanın “kürd açılımı” layihəsi ciddi müqavimətlə üzləşdi. Ərdoğan kürd məsələsinin yaxın gələcəkdə regionda necə böyük amilə çevriləcəyini hesablaya bilsə də, oyunun miqyası böyük olduğundan, ən qorxulu ssenarilərin qarşısını tam mənada ala bilmədi.

Vaşinqtonun “Yeni Yaxın Şərq layihəsi” Ərdoğana “kürd problemi”ni həll etməyə imkan vermirdi. Uzun illər ərzində Türkiyə siyasi elitasında kök atmış Vaşinqtonun “təsir agentləri” bu prosesi ləngitməyə başladılar. Həyata keçirilən tədbirləri əsas söz sahiblərindən olan hərbçilər müşahidəçi kimi izləməklə kifayətləndilər. Görünən bu idi ki, ABŞ Türkiyə hərbi elitasında təmsil olunan emissarlarını neytrallaşdıra bildi. Rəsmi Ankaranın sülh çağırışlarına və addımlarına baxmayaraq, 1999-2014-cü illər atəşkəsindən PKK daha çox faydalana və güclənə bildi. PKK yeni təbliğat vasitələri əldə etdi, onun leqal siyasi qrupları gücləndi. Daha uzun zaman kəsiyi üçün planlaşdırılmalı olan tədbirlərin sabiq baş nazir, bu gün Ərdoğanın PKK-ya qarşı addımlarını tənqid edən Davudoğlunun təkidi ilə qısa bir zamanda həyata keçirilməsinə çalışması problemlərə səbəb oldu. Cəmiyyətin bu dəyişikliklərə hazırlanması üçün də zəruri işlərin görülməsi zaman alırdı. Davudoğlu bu məsələni daha tez həll etmək istəyirdi. Nəticədə “barışıq prosesi” dalana dirəndi. AKP isə yenidən, Tansu Çillərin baş nazir olduğu vaxtlarda olduğu kimi, PKK ilə faktiki olaraq bütün vasitələrlə müharibəyə başladı. Lakin PKK əvvəlki illərə nisbətən indi daha güclü görünür və əslində, bu təşkilat kürdlərin marağının müdafiəçisi kimi çıxış etmir. PKK dünya güclərinin əlində Türkiyəyə təzyiq alətidir. Burada, şübhəsiz ki, çox əhəmiyyətli olan kənar təsirlərlə yanaşı, Ankaranı zəiflətmək istəyən Vaşinqtonun rolu az deyil.

Ərdoğanın barışıq əlinin havada buraxılması kürd probleminin siyasi üsullarla çözülməsi ideyasına da zərbə vurub. Yəqin ki, bununla əlaqədar hər şeyin yenidən danışıqlar müstəvisində müzakirəsinə nail olmaq üçün zaman və çox böyük zəhmət vermək lazım gələcək. Eyni zamanda, Yaxın Şərqdə ABŞ-ın yeni planlarının, strategiyasının da hədəflərinin düzgün qiymətləndirilməsi lazım gəlir.

Türkiyənin hazırda düşdüyü vəziyyəti də obyektiv qiymətləndirmək çox vacibdir. Ərdoğanın narahatlığı anlaşılandır. Böyük hədəflər olmadan uğur qazanmaq mümkün deyil. Eyni zamanda, Türkiyə ilə bağlı ABŞ-ın yeni planlarını da düzgün dəyərləndirmək lazım gəlir. Bu baxımdan, Türkiyə cəmiyyəti yekdillik nümayiş etdirməlidir. Ərdoğanın həll etməyə çalışdığı problem bütövlükdə Türkiyənin taleyini həll edə bilər. Milli maraqlar məsələsində isə partiya maraqları heç bir önəm daşımır...

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR