Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Ermənistan hakimiyyətini siyasi iflasa uğradıb. Baş nazir Nikol Paşinyanın davranışlarını izah eləmək artıq imkansızdır. Paşinyan anlayır ki, özünün və erməni ordusunun sonu yaxınlaşır. Döyüş meydanındakı mövqelərini günbəgün itirən Ermənistan mülki obyektləri hədəf alır, dinc əhalini, uşaqları, qadınları, qocaları qadağan olunmuş silahlarla amansızcasına qətlə yetirir. Bu siyasət Paşinyan iqtidarı üçün heç də xoş olmayan perspektiv vəd edir.
Ən əsası odur ki, bu gün Qarabağda baş verənlərin günahı birbaşa danışıqlar prosesini pozan Paşinyanın üzərindədir. Erməni xalqını Azərbaycan torpaqlarının işğalına sövq edən Paşinyan bu günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən xarici mediaya, bəzən də guya əldə etdikləri “faktlara” istinadən ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxalq ictimai rəyə sırımağa çalışır. Azərbaycan tərəfinin təkidli tələblərinə baxmayaraq, Paşinyan bir fakt belə göstərə bilməyib. Ermənilər anlayır ki, işğal olunan ərazilər artıq əldən çıxıb, odur ki, belə uydurma xəbərlərlə özlərini sığortalamaq istəyirlər. Bu gün Paşinyan dilemma qarşısında qalıb. O anlayır ki, hərbi müstəvidə məğlub olub, döyüşlərə davam etmək üçün maddi vəsaiti haradan alacağını bilmir, diplomatik baxımdan təklənib. Paşinyan aqoniya vəziyyətindən çıxa bilmir.
Ermənistanın baş naziri vurğulayır ki, Qarabağda Azərbaycan tərəfindən minlərlə yaraqlı vuruşur və o, guya ünvan da göstərir - Azad Suriya Ordusunun yaraqlıları. Lakin Paşinyan belə bir suala cavab verə bilmir - Azad Suriya Ordusu öz ölkəsindəki hərbi problemləri həll edibmi ki, hələ başqalarına da yardım göstərsin? Digər tərəfdən, 10 milyonluq Azərbaycanın heç bir xarici yardıma, “legioner döyüşçülər”ə ehtiyacı yoxdur, həlledici anda 1 milyon könüllü Azərbaycan vətəndaşı əks-hücuma cəlb edilə və ermənilərin cavabını verə bilər. Hətta buna da ehtiyac yoxdur. Azərbaycan Ordusu öz gücünə düşməni artıq diz çökdürmək üzrədir.
Ermənistanın baş naziri hər hansı ölkədə baş verən terror aktını dərhal yeni şans kimi qiymətləndirir və bundan Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, “Rossiya-1” telekanalına müsahibəsində, o, Dağıstanda baş vermiş hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə bir-birinə bağlamağa çalışır. Paşinyan yalnız özünü deyil, eyni zamanda öz xalqını gülüş hədəfinə çevirir. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir, İrəvanı beynəlxalq arenada intriqalara cəlb edir.
“The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir. Bir sözlə, məntiqi ardıcıllığı itirən, reallığı dəyərləndirə bilməyən Paşinyanın seçdiyi populizm xətti onun təlxək imicini daha da möhkəmləndirir. Hakimiyyətə gələndə Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadan baş nazir elə hesab edir ki, eyni yolla dünya ictimaiyyətini, dünya liderlərini də aldada bilər. Halbuki bütün bunlar onun haqqında olduqca mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında “siyasi təlxək” termindən istifadə edirlər. Paşinyan bu cür mənasız, məntiqsiz, ziddiyyətli fikirləri ilə gülünc vəziyyətə düşən yeganə şəxs deyil. Ermənistanın digər rəhbərləri də müsahibə və açıqlamalarında ermənilər haqqında məzlum, daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmaq istəyir, cari və tarixi faktları saxtalaşdırırlar. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan da RBK kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə “verilib”, halbuki, Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması barədə qərarı 1921-ci ildə qəbul edib. Özü də bu qərar Dağlıq Qarabağın Azərbaycana verilməsi yox, məhz Azərbaycanın tərkibində qalması barədə olub və bunu təsdiqləyən rəsmi sənədlər mövcuddur. Mütəxəssislər, eləcə də rəsmi şəxslər bu sənədi nümayiş etdirməklə, Ermənistanın guya Dağlıq Qarabağın həmin qərarla Azərbaycana verildiyi barədə iddialarının yanlış olduğunu sübut etsələr də, erməni tərəfi “kor tutduğunu buraxmayan kimi” eyni şeyi təkrarlamaqla özlərini gülünc vəziyyətə qoymaqdan əl çəkmirlər.
A. Sarkisyan iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki, SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıyaalınması zamanı burada 125,2 min insan yaşadığı sübuta yetirilib. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə “verildikdən” sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb, halbuki, 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıya almasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki, elə həmin siyahıya alınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur.
Ermənistan rəhbərliyi hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir.
Baş nazir dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi.
Paşinyanın reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz biri olduğunu nümayiş etdirir. Bununla yanaşı, onun bu cür davranışı sülhə nail olma prosesinə böyük zərbə vurur. Ona görə beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, bu ölkənin rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onları bu yoldan çəkindirməli idi. Bu baş vermədi və Bakı öz ərazilərini özü azad etməyə başladı.
Paşinyanın özünü beynəlxalq ictimaiyyətə "demokratik iqtidar” kimi sırımasının da artıq heç bir perspektivi qalmayıb. Demokratik hakimiyyət işğal və etnik təmizləmə aparmır. Ölkəsində adi bir tənqidi qadağan edən Paşinyan iqtidarı bölgə üçün də təhlükəlidir. Ermənistanın rəhbərliyində olan, siyasi aləmdə “Sorosun uşaqları” adlandırılan Nikol Paşinyan və onun komandası sərsəm bəyanatlar verməklə bölgəni yeni müharibəyə sövq edir.
Azərbaycan əks-hücum əməliyyatı ilə bölgəni gələcək savaşlardan sığortalayır. Terrorçu ölkə olan Ermənistan bütün qonşu ölkələrə ərazi iddiaları irəli sürür və onları müharibə, terror dalğası ilə hədələyir. Lakin Qarabağda ağır məğlubiyyətə uğrayan Ermənistanın gücü get-gedə tükənir və belə getsə, bu ölkə ermənilərin özü üçün təhlükə mənbəyi olacaq. Digər ölkələri təhdid etməyə isə taqəti qalmayacaq.
APA Analytics