Bu gün - sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
2024-cü il yanvarın 1-nə qədər “Dağlıq Qarabağ Respublikası” ifadəsi həm de-fakto, həm də de-yure tarixin arxivinə yollanacaq. Düzdür, Qarabağın Azərbaycanın tam yurisdiksiyasına keçməsi 19-20 sentyabr tarixlərində baş tutan lokal antiterror tədbirlərindən bəlli idi və kapitulyasiya etmiş separatçıların Şahramanyanın simasında verdiyi qərar buna heç bir təsir edə bilməzdi, bu məsələdə diktə edən tərəf Azərbaycan idi və proses tam hərbi-siyasi rəhbərliyimizin nəzarətində idi, bununla belə, onların özlərinin də separatçı xülyadan əl çəkmələrini etiraf etmələri və 1991-ci ildə yaratdıqları qanunsuz qurumu ləğv etmələri prosesə və Azərbaycanın Zəfərinə əlavə çalar qazandırır.
Bu hadisənin tarixi əhəmiyyətini qiymətləndirmək çox çətindir.
APA xatırladır ki, baş verənlər 1988-ci il fevralın 13-də Qarabağda açıq şəkildə başlayan separatçı hərəkatın, Ermənistanın hakim dairələrinin illərlə rəsmi dövlət ideologiyasına çevirdiyi “Miatsum” prinsiplərinin süquta uğraması deməkdir.
Geniş anlamda isə bu, 200 il əvvəl, Rusiya və İran imperiyaları arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə bölgədə əsası qoyulan “erməni layihə”sinin bir hissəsinin sona çatması anlamına gəlir.
Hansı ki, 1828-ci il martın 21-də imperator I Nikolayın qərarı ilə ləğv edilmiş Naxçıvan və İrəvan xanlıqlarının yerində Ermənistan vilayətinin yaradılması “erməni layihəsi”nin legitimləşdirilməsi üçün ilk addım idi.
1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi və 1829-cu ildə imzalanan Ədirnə müqavilələri ilə İrəvana və Qarabağa 57 min erməninin məskunlaşdırılması da tarixi faktdır.
Paralel olaraq, həmin bölgədən on minlərlə azərbaycanlının çıxarıldığı da tarixi mənbələrdən məlumdur.
Təsadüfi deyil ki, 1828-ci ildə İrandan Qarabağa gələn ermənilər 1978-ci ildə keçmiş Ağdərə rayonunun Marağa kəndinə köçürülmələrinin 150 illik yubileyini qeyd etmiş, abidə belə ucaltmışdılar. Lakin ermənilər bölgəyə İran və Türkiyədən köçürüldüklərini gizlətmək üçün həmin abidəni sonradan məhv etmişdilər.
İrəvan, Göyçə, Dərələyəz və Zəngəzurun sürətlə erməniləşdirilməsi cəhdi ilə paralel Naxçıvan və Qarabağda da analoji addımlar atılırdı. Məhz bu addımlar nəticəsində, məsələn, Zəngəzurda 1897-ci ilin statistik məlumata görə, 71 200 azərbaycanlı yaşayırdısa, 1922-ci ildə onların sayı 7 minə düşmüşdü.
Eyni proseslər demək olar ki, bütün bölgələrdə, o cümlədən Qarabağda davam edirdi. 1918-1920-ci illərdə Rusiya İmperiyasının çökməsi ilə Qafqazda başlayan etnik münaqişələr zamanı Zəngəzur, İrəvan, Dərələyəz, Göyçə və Qarabağ əhalisi ciddi etnik təmizləməyə məruz qaldı. On minlərlə azərbaycanlı öldürüldü, yüz minlərlə insan doğma yurd-yuvalarını tərk etməyə vadar oldu.
Bu etnik siyasətin nəticəsi idi ki, 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə ərazi bölgüsü sırf erməni maraqlarına xidmət edirdi.
Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi, Azərbaycanın tarixi Qarabağ bölgəsində erməni əhali üçün süni Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması da bu siyasətə xidmət edirdi.
1923-cü ildə yaradılan DQMV Sovet İttifaqının Azərbaycanın daxilində yerləşdirdiyi uzunmüddətli mina idi.
Bu rolda DQMV uzun illər sakit qalsa da, 1980-ci illərin ikinci yarısında SSRİ lideri Mixail Qorbaçovun elan etdiyi “yenidənqurma” siyasəti ilə aktivləşdi. Azərbaycandakı və digər müttəfiq dövlətlərdəki müstəqillik hərəkatını önləmək və Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün Qorbaçov Qarabağda yaşayan ermənilərdən aktiv şəkildə istifadə edirdi.
Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi Abel Aqanbekyanın 1987-ci ildə Fransada aşağıdakı məzmunda çıxışı gələcək böyük fəlakətlərdən xəbər verirdi: "Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm, ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz əksini tapacaqdır".
Bunun ardınca 1988-ci il fevralın 13-də Xankəndidə ermənilərin Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə antikonstitusion mitinqi keçirilir.
İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edir. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiqləyib. İyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib.
Amma SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Bunun nəticəsi idi ki, erməni diasporu və lobbisi münaqişənin gedişatına təsir etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə uydurma iddialara əsaslanan təbliğat işi aparır və onları münaqişənin öz maraqlarına uyğun həllə yönəltməyə çalışırdı.
1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-nin Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi. Aydın görünürdü ki, Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışır.
Bundan sonra münaqişə açıq müstəviyə keçdi və 1991-1994-cü illərdə Ermənistan ordusu Azərbaycanın 20% ərazisini işğal etdi, 1 milyondan artıq insanı isə qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
1994-cü ilin mayında imzalanmış Bişkek sazişi münaqişədə müvəqqəti sakitlik yaratdı. Ərazilərinin işğalı faktı ilə barışmayan Azərbaycan dövləti isə növbəti 25 ildə ordu quruculuğuna böyük diqqət ayırdı və 2016-cı ilin aprelində 4 gün davam edən lokal hərbi əməliyyatla işğal faktı ilə barışmayacağını ortaya qoydu. Həmin döyüşlərdə Tərtər və Cəbrayıl rayonları istiqamətində önəmli yüksəkliklər azad olundu. Ardınca Naxçıvanda “Günnüt əməliyyatı” ilə ordumuz strateji yüksəkliklərə yiyələndi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunması üçün Vətən Müharibəsinə başladı.
44 günlük hərbi əməliyyatların yekunu olaraq Azərbaycan Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini 30 ilə yaxın davam edən işğaldan azad etdi. Eyni zamanda, noyabrın 8-də Ermənistanın kapitulyasiya etməsi ilə Kəlbəcər, Laçın və Ağdamı döyüşsüz azad etdi. Azərbaycan Ordusu tam Zəfər qazandı və növbəti illərdə Qarabağdakı Ermənistan ordusunun bölmələri və separatçı qurumun birləşmələrinin tərksilah edilməsi üçün məqsədyönlü diplomatik və hərbi addımlar atdı.
Qarabağda “erməni layihəsi”nin perspektivsizliyini anlamayan Ermənistan və qondarma qurumun rəhbər şəxsləri növbəti eskalasiyalara getdi və Azərbaycanı 2023-cü il 19-20 sentyabrda lokal antiterror tədbirləri görməyə vadar etdi.
Nəticədə, Azərbaycan Ordusu qısa zamanda Ermənistan ordusunun Qarabağdakı birləşmələrini və qanunsuz hərbi dəstələri darmadağın edərək onları Bakının şərtləri ilə təslim olmağa vadar etdi.
Azərbaycanın Qarabağ Zəfəri 200 il əvvəl yaradılan münaqişəyə son qoydu və bölgənin taleyini həmişəlik Azərbaycanla bağladı.
APA Analytics