Dekabrın 19-da İtaliya ilə Azərbaycan arasında Qarabağda quruculuq işlərinə dair müqavilə imzalanıb. Azərbaycan azad Qarabağda energetika infrastrukturunun yaradılmasında İtaliya ilə əməkdaşlıq edəcək.
Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni məğlub edib, torpaqlarımız işğalçılardan təmizlənərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin edilib. İndi isə həmin torpaqlara yenidən həyat verilməsi, qaçqın və köçkünlərin ən qısa bir zamanda öz ata-baba yurdlarına qaytarılması üçün işlər görülür.
Ötən həftə MDB dövlət başçılarının toplantısında çıxış edən Prezident İlham Əliyev də işğaldan azad edilmiş ərazilərdəki vəziyyət və gələcək perspektivlər haqqında bəhs edərkən, Qarabağda baş tutacaq gələcək layihələrdə ilk növbədə məhz müharibə dövründə ölkəmizə dəstək olan dövlətlərin iştirak edəcəyini bildirib. “Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır”.
Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. Üçtərəfli Bəyanatın imzalanmasından sonra regionda sülhə xələl gətirmək istəyən Fransa, Belçika, Hollandiya parlamentindəki ultra-sağçı ermənipərəst qüvvələrin qəbul etdikləri tövsiyə xarakterli saxta çağırışlar fonunda biz həm 44 günlük müharibə, həm də ondan sonrakı atəşkəsdə Roma bir neçə dəfə Azərbaycandakı səfirlik vasitəsilə ölkəmizə dəstək bəyanatları verdi.
Azərbaycan bu günlər ərzində kimin xeyirin, ədalətin, kimin isə şərin, ədalətsizliyin yanında olduğunu görmüş oldu. Bunun da nəticəsidir ki, işğaldan azad edilən rayonlarda xarici şirkətlərdən ilk olaraq Türkiyə və İtaliya şirkətləri yer alacaq.
Ötən həftəsənu “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalandı.
Bununla da azad Qarabağda həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qol qoydu. “Azərenerji” ilə “Ansaldo Energia” rəhbərləri arasında imzalanan müqaviləyə görə Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.
Burada xüsusilə xatırlatmaq lazımdır ki, Ermənistanın 30 il ərzində işğal altında saxladıqları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dağıdaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə yoxdur. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə də erməni qəsbkarları bütün enerji infrastrukturunu dağıdıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partladıb, ya da yandırıblar.
Eyni zamanda, İtaliya şirkətləri çox güman ki, həm də işğaldan azad edilmiş rayonların təbii ehtiyatlarından istifadə zamanı realllaşdırılan layihələrə də aktiv şəkildə cəlb olunacaq.
İtaliya-Azərbaycan əlaqələrindən danışarkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. Ələlxüsus indiki halda İtaliyanın Avropa İttifaqının vacib dövlətlərindən biri olması gələcəkdə Xəzərdən və Xəzər vasitəsi ilə enerji resurslarının Aİ-yə nəqli məsələlərində Romanın dəstəkləyici qüvvə kimi çıxış etməsi imkanını genişləndirir.
Çünki biz müxtəlif zamanlarda bəzi dövlətlərin bu istiqamətdə sona qədər Bakıya dəstək verməməsinin, daha doğrusu Rusiyanın maraqlarının nəzərə alınmasının şahidi olmuşduq. Azərbaycanın qaz ehtiyatları Avropa üçün yeni imkanlar kimi qəbul olunur. Bu imkanın reallığa çevrilməsi isə qazın Avropaya nəqli marşrutlarının düzgün seçilməsini zərurətə çevirirdi. Azərbaycan və Türkmənistan qazının Rusiyadan yan keçməklə Avropaya nəqli üçün nəzərdə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət müzakirə edildi. “Nabucco” ilə yanaşı, İTGİ və TAP Azərbaycan qazının Avropaya çıxarılması üçün təklif edildi. Lakin 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” siyasi və iqtisadi rəqabətə davam gətirməyərək sıradan çıxdı.
Nəticədə, Azərbaycan tərəfi regionda ətrafında baş qaldıran riskləri və Avropanın o zaman Türkmənistana siyasi-iqtisadi dəstəyinin lazımı səviyyədə olmamasını nəzərə alaraq digər layihə üzərində dayandı. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Yeri gəlmişkən, bu layihənin reallaşması da heç də asanlıqla baş verməyib. İtaliyada müəyyən qüvvələr TAP layihəsinə qarşı uzun müddət idi ki, mübarizə apararaq guya ekoloji vəziyyətdən narahatlıqlarını dilə gətirirdi. Lakin Azərbaycanın apardığı uğurlu iqtisadi diplomatiya öz bəhrəsini verdi. Nəticədə TANAP və TAP kimi Azərbaycan milli maraqlarına cavab verən qlobal layihələrin reallaşmasına nail olduq.
“Trans-Adriatik” boru kəməri İtaliyaya nəql olunacaq qaz həcmləri (ildə təqribən 8,5 milyard kubmetr) bu ölkənin “mavi yanacağa” olan tələbatının təxminən 12 faizini təmin edəcək. Cənubi-Şərqi Avropada, TAP-la qazın nəql ediləcəyi Yunanıstan və Bolqarıstanda illik qaz tələbatı müvafiq olaraq 20 və 30 faiz ödənəcək. Bazar şərtlərindən asılı olaraq, TAP sistemdəki kiçik dəyişikliklərlə kəmərin ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq mümkündür.
Beləliklə, işğal faktorunun aradan qaldırılması regionun iqtisadi rentabelliyini artıraraq bir çox dövlətlərin Qarabağa investisiya qoymaq istəyi ilə nəticələnib. Təbii ki, bu ölkələrin seçilmə kriteriyası - ilk növbədə münaqişə və müharibə dövründə onların tutduqları mövqedən birbaşa asılı olacaq. Bu fakt həm də Prezident İlham Əliyevin verdiyi bəyanatların arxasında dayandığını növbəti dəfə təsdiqləyir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi zamanı ağır günündə, həlledici məramlarda Azərbaycanın yanında olan ölkələrə üstünlük veriləcək. Türkiyə və İtaliya bu baxımdan əyani nümunədir.
Azad Qarabağda quruculuq işləri indi-indi başlayır. Yaxın vaxtlarda Qarabağda bir çox yeni irimiqyaslı layihələrin reallaşmasının şahidi olacağıq. Bu layihələrdə də ilk növbədə Azərbaycanın dostu olan ölkələrin yer alacağı şübhəsizdir.
Zaur Məmmədov,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri