• TƏHLİL

    13:42 11 yanvar 2024

Azərbaycan Prezidentindən Ermənistan üçün “yol xəritəsi”: Tərəqqi, yoxsa əbədi dalan? - TƏHLİL

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanat Qarabağ məsələsinin həllində əsaslı dönüş idi. Bəyanatın imzalanması ilə ümid yaranmışdı ki, Ermənistan rəhbərliyi Azərbaycan ərazilərinin 30 il davam edən işğalının perspektivsizliyini dərk edər və konstruktiv dialoq yolunu tutar.

Amma növbəti 3 ildə rəsmi İrəvanın Vətən Müharibəsindən sonra yaranmış geosiyasi durumu növbəti dəfə doğru dəyərləndirmədiyi aydın oldu. Yenidən məsələni dondurulmuş vəziyyətdə saxlamaq, status-kvonu qeyri-müəyyən müddətə qədər uzatmaq niyyəti, revanş üçün hazırlıq planı və yekun həll prosesini diplomatik dalana dirəmək cəhdləri rəsmi İrəvanın sülhə çalışmadığını ortaya qoydu. Azərbaycan rəhbərliyi ilə hərbi-diplomatik oyun oynamaq cəhdləri 19-20 sentyabrda Qarabağda antiterror əməliyyatı və qondarma rejimin yekun süqutu ilə tamamlandı.

Beləliklə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün əsas maneə aradan qaldırıldı.

Rəsmi Bakı Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan rəhbərliyinin sülh müqaviləsinə doğru addım atacağını, üçtərəfli bəyanatda imza qoyduğu bəndləri icra edəcəyini gözləyirdi. Azərbaycanın siyasi rəhbərliyi sülh müqaviləsinin 2023-cü ilin sonuna qədər imzalanması perspektivlərini real sayırdı. Ermənistan rəhbərliyi də beynəlxalq platformalarda, görüşlərdə müqavilənin imzalanmasını real hesab etsə də, pərdə arxasında danışıqları pozmaq, ən azından ləngitməyə çalışır.

Bu kontekstdə ötən gün yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev əslində, dünənki çıxışı ilə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının bütün şərtlərini ifadə etdi və bir növ Ermənistan üçün normallaşma prosesinin “yol xəritəsi”ni cızdı.

Dövlət başçısı Ermənistanla sülh müqaviləsi üçün labüd şərtləri - sərhədlərin delimitasiya və demarkasiya prosesi, Zəngəzur dəhlizini, anklavlar problemi və s. üçün rəsmi Bakının haqlı və konkret mövqeyini ifadə etdi.

İlk növbədə, dövlət başçısı Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın şərtlərinə zidd olaraq Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmadığını xatırlatdı.

“Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”, - deyə Prezident müsahibəsində qeyd edib. O, Naxçıvana gedən yolun təhlükəsizliyi ilə bağlı Ermənistan rəhbərliyinin qarantiyalarının kifayət olmadığını, nəzarəti razılaşmada qeyd olunduğu kimi Rusiya tərəfinin həyata keçirməli olduğunu deyib.

Dövlət başçısı Azərbaycan dəfələrlə ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü tanıdığını, Zəngəzur dəhlizini hərbi güc yolu ilə açmayacağını vurğulayıb.

Amma, eyni zamanda imzaladığı üçtərəfli sazişin bəndini icra etməyərək dəhlizi bağlı saxlayacağı təqdirdə, Azərbaycanın da Ermənistanı dünyaya açacaq nəqliyyat arteriyalarını bağlı saxlayacağını bildirib. Azərbaycanın strateji tərəfdaşı Türkiyənin də sərhədlərin açılması prosesini Azərbaycan-Ermənistan normallaşması ilə birbaşa əlaqələndirdiyini nəzərə alsaq, Ermənistan yenə də regionda təcrid durumunda, Prezidentin son çıxışında dediyi kimi, əbədi dalan rolunda qalacaq.

Prezident Zəngəzur dəhlizi kontekstində Ermənistanın irəli sürdüyü “sülh kəsişməsi” layihəsinə də münasibət bildirib. Dövlət başçısı bunu piar aksiya adlandırıb.

“Faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir”.

Dövlət başçısı Ermənistan tərəfinin sərhədlərin delimitasiya və demarkasiyasının 1975-ci il xəritələrinə əsasən aparılması barədə təklifinə də cavab verib. O, Ermənistanın daha çox Azərbaycan torpaqlarını pay aldığı xəritələri əsas götürdüyünü deyib. Dövlət başçısı delimitasiya və demarkasiya prosesinin ya siyasi metodologiya, ya da xronoloji metodologiya ilə aparılmalı olduğunu, ya da bütövlükdə heç bir xəritə əsasında iş qurulmamalı olduğunu deyib.

“Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq”.

Göründüyü kimi, rəsmi Bakı delimitasiya prosesinin konkret metodologiyasının təsdiq edilməli olduğunu, buna uyğun aparılmasını vacib sayır.

Prezident Ermənistanın müvəqqəti nəzarəti altında olan 8 Azərbaycan kəndi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, anklav olmayan 4 kəndimizin qeyd-şərtsiz qaytarılmalı olduğunu deyib, digər 4 kəndlə bağlı isə ayrıca ekspert qrupu yaradılmasının vacibliyini bildirib.

“Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidi”, - dövlət başçısı deyib.

Bununla yanaşı, rəsmi Bakı sülh müqaviləsinin delimitasiya prosesi olmadan imzalanmasının tərəfindədir. “Delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər”, - Prezident İlham Əliyev qeyd edib.

Ermənistanın siyasi hakimiyyəti Prezident İlham Əliyevin sülh müqaviləsinin imzalanması üçün səsləndirdiyi şərtləri doğru analiz etsə, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar olması bir neçə ay tələb edər. Çünki sülh yalnız qalib tərəfin - Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalana bilər və dövlət başçısının dediyi kimi, bu şərtlər çox ədalətlidir.

Hazırkı məqamda Nikol Paşinyan hakimiyyətinin ata biləcəyi yeganə rasional addım Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalamaq, Zəngəzur dəhlizini açmaq, işğal altında saxladığı Azərbaycanın 8 kəndini azad etmək və sərhədlərin delimitasiya prosesinə başlamaqdır.

Bu addımların gecikdirilməsi, sülh müqaviləsinin imzalanmasının ləngidilməsi ilk növbədə Ermənistanın özünə ziyandır. Ən azından 30 ildən çox davam edən Qarabağ məsələsinin finalı bunu əminliklə deməyə əsas verir.

Azərbaycanın isə istənilən məsələ ilə bağlı hər zaman B planı mövcuddur.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR