Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfəri dünya ictimaiyyəti və mətbuatı, ələlxüsus regionda və qonşuluqda yerləşən dövlətlər tərəfindən diqqətlə izlənilib. R.T. Ərdoğanın Türkiyədən birbaşa Füzuli hava limanına gəlməsi və iki dövlətin liderlərinin Qarabağın qapısı sayılan Füzuli aeroportunun açılışında iştirak etməsi, əlbəttə ki, diqqəti çəkən çox önəmli məqamlardan biri olub.
Beynəlxalq status daşıyan Füzuli aeroportuna ilk dəfə olaraq ölkələrarası aviareys məhz Türkiyə Prezidentinin gəlişi ilə baş tutub. Bu məsələyə toxunan Azərbaycan Prezidenti İlham Əliyev səfərin aktuallığına diqqət çəkərək cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakın bir daha bizim birliyimizi, gücümüzü göstərdiyini vurğulayıb: “Bu onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.
Dövlət başçısının səsləndirdiyi başqa bir fikri isə region ölkələrinə, eləcə də bütün dünyaya mesaj kimi qəbul etmək olar.
Prezident İlham Əliyevin “Mən bilirəm ki, Sizin çox gərgin iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir” bəyanatından bəzi ölkələr nəticə çıxarmalı, bəzi ölkələr isə örnək götürməlidir.
Postmüharibə dövründə Bakı və Ankara Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni layihələr reallaşdıraraq bölgənin tez bir zamanda abadlaşdırılması və yenidən qurulması üçün konkret addımlar atmaqdadırlar. Qısa zamanda Füzuli aeroportunun istismara verilməsi, Zəngilan və Laçın hava limanlarının inşasının davam etməsi, eyni zamanda digər vacib nəqliyyat layihələrinin həyata keçirilməsi, müasir kommunikasiyaların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir.
Dünən Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli hava limanının açılışında iştirak etmələrinin həm də ciddi siyasi əhəmiyyəti var. Azərbaycan işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə, bizim bu ərazilərə qayıtdığımızı və 30 il ərzində viran edilən torpaqları məhz azərbaycanlıların cənnətə çevirəcəyini göstərir. Hazırda işğaldan azad edilmiş rayonlarda yol-nəqliyyat, kənd təsərrüfatı, sənayr obyektlərinin tikintisi intensiv şəkildə davam etməkdədir. İlin sonunadək bütün rayonların elektrik enerjisi ilə təmin olunması əsas hədəflərdən biridir.
Təsadüfi deyil ki, son zamanlar Ermənistan mətbuatında 30 il ərzində bu ölkənin hərbi-siyasi xunta rejimlərinin Qarabağda və işğal altında olan digər torpaqlarda heç bir quruculuq işi aparmadığı, yalnız özləri və ailələri üçün villalar tikyi haqqında yazılar tirajlanmaqdadır. Erməni ekspertləri və jurnalistləri Azərbaycanın bir neçə ay ərzində bölgədə yüksək səviyyəli infrastruktur, nəqliyyat-kommunikasiya və iqtisadi layihələr reallaşdırmasına diqqət çəkərək, 1991-ci ildən son dövrlərə qədər hakimiyyətdə olmuş erməni siyasətçiləri kəskin tənqid edirlər.
Bölgədə quruculuq işlərinin daha bir nümunəsi dünən Zəngilanda baş tutdu. Zəngilanın Ağalı kəndində Azərbaycan və Türkiyə liderləri birinci özəl sərmayə layihəsinin təməlini qoydular, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular.
Bundan əvvəl isə dövlət başçıları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasimində iştirak etdilər. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş-3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş-2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Zəngəzur dəhlizinin şərq hissəsinin məhz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməlinin qoyulması xüsusi siyasi əhəmiyyətə malikdir. Bununla da, Bakı və Ankara bu nəqliyyat yoluna qarşı olan bəzi regional və beynəlxalq güclərə bu məsələnin bizim ölkələrimiz üçün prinsipial əhəmiyyət daşıdığını göstərmiş oldular.
Qeyd edilməlidir ki, Vətən müharibəsinin nəticəsi olaraq imzalanan Üçtərəfli bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək əlaqənin qurulması qeyd olunur. Londondan Pekinə, Bakıdan İstanbula, ümumilikdə isə, Avrasiyanın orta xəttində şərqlə - qərbi, şimalla cənubu birləşdirəcək bu nəqliyyat xətti nəhəng materikimizdə iqtisadi və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsinə ciddi töhfə verəcək.
R.T. Ərdoğanın səfəri də göstərdi ki, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, həm də regional aktorlar üçün bir örnək rolunu oynayır. Hər iki lider öz əməli fəaliyyətləri ilə milli maraqları, bir-birinin maraqlarını hər şeydən üstün tutur və qətiyyətlə qoruyur. Bu gün öz liderlərinin sayəsində Azərbaycan və Türkiyə bütün dünyada böyük uğurlar əldə etmiş, azad və müstəqil, prinsipial siyasət yürüdən ölkə kimi tanınır. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.
Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov