15 sentyabr xalqımızın tarixində mühüm günlərdən biridir. 1918-ci ilin 15 sentyabr tarixində Bakı şəhəri bolşevik-daşnak işğalından azad olunub, Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edilib.
Bu möhtəşəm qələbənin 103-cü ildönümü münasibətilə bu gün, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etmək idi. Milli hökumətin ixtiyarında olan cəmi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək isə mümkün deyildi.
Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək Osmanlı Türkiyəsindən köməklik istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi.
1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı.
Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlara və soyqırımına məruz qoyulurdu. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks-hücuma başladı. Daşnak-bolşevik birləşmələri darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Növbə Bakıya çatdı.
Həmin vaxt bolşeviklərə qarşı olan və Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxovun qoşunu da Bakıda idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyi tutmuşdu.
Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı yaratdılar. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək mövqeyi tutdu. Avqustun 4-də 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi.
Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam Ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu.
Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi.
Qafqaz İslam Ordusu isə sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdı.
Sentyabrın 16-da Bakı şəhərində Qələbə paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Bu gün olduğu kimi, həmin dövrdə də Qərb və Rusiya Türkiyənin Cənubi Qafqaza ayaq basmasına qarşı çıxır, ciddi cəhdlə mane olmağa çalışırdı. Buna baxmayaraq Osmanlı Türkiyəsi qardaşlıq missiyasını axıra kimi yerinə yetirdi. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi.
1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
1918-ci ilin 28 may-15 sentyabr tarixlərində və bu gün müstəqil Azərbaycan Respublikasına qarşı düşmənlərin məkrli planına qarşı əsl qardaş qismində məhz Türkiyə çıxış etməkdədir. İndi Ankaranın Azərbaycanda və Cənubi Qafqazda güclənməsinə qibtə ilə yanaşan qonşu dövlətlər, o cümlədən qoca Avropa və okeanın o tayı, bir həqiqəti dərk etməlidirlər ki, istər 103 il bundan əvvəl, istərsə də indi Türkiyənin bölgədəki hərbi varlığını şərtləndirən ən böyük amillərdən biri beynəlxalq güclərin erməni məsələsində ədalətsizliyin, şərin, işğalçının yanında durmasıdır. 44 günlük müharibənin başlanması və postmüharibə dövründə Azərbaycan və Türkiyə arasında bütün, ələlxüsus hərbi sahədə dərin inteqrasiya məhz şimalımızda, cənubumuzda yerləşən ölkələrin bölgə ilə bağlı apardıqları yanlış siyasətin nəticəsində baş verdi. Təəssüflər olsun ki, hələ də həmin qüvvələr əməllərindən əl çəkmir, onlar regionda münaqişənin davam etməsinə ciddi şəkildə səylər göstərməkdədir.
Azərbaycan-Türkiyə qardaşlığı isə regionda sülhün qurulması, ədalətin bərpa olunması üçün vacib rol oynayaraq bundan sonra da Qafqazlarda türkün gücünü, onun əzəmətini göstərməkdə davam edəcək. Ankara və Bakı arasında qardaşlıq respublikamızın müstəqillik əldə etdiyi ilk günlərdən artan xətt üzrə inkişaf edib. 2000-ci illərdə Xəzər dənizinin Bakı səmasında türk ay-ulduzlularının “Azərbaycana toxunarsızsa, qarşınızda bizi görəcəksiz” ismarıcı da, hər iki ölkə arasında qardaşlığın hansı səviyyədə olduğunun göstəricisi idi.
15 sentyabr 1918-ci ildə Bakının azad olunması ilə həmin tarixə qədər Gəncədən Azərbaycanın indiki paytaxtına qədər rəşadət nümayiş etdirən hər iki ölkənin əsgərləri işğalçıları darmadağın edərək türkün qüdrətini bir daha göstərmiş oldular. Təsadüfi deyil ki, həmin tarixi qələbənin 100 illiyinə həsr edilən Bakı paradında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyip Ərdoğan cahana səslənərək qardaşlığımızın əbədi olacağı mesajlarını verdilər.
2018-ci ildə hələ torpaqlarımızın işğal altında olduğu bir dövrdə iki ölkənin liderləri 103 il əvvəl olduğu kimi, indi də tarixi ədalətin bərpa ediləcəyinə eyham vurdular. Həmin vaxt Prezident İlham Əliyev öz geniş nitqində aşağıdakıları demişdi: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun... Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.
Eyni zamanda Azərbaycan dövlət başçısı həmin çıxışı zamanı gələcək hədəfinin torpaqları işğaldan azad etmək olduğunu bir daha vurğulayaraq, “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”, - deyə qeyd etmişdi.
Öz növbəsində, Türkiyə lideri R.T. Ərdoğan çıxış nitqində tarixə və müasirliyə nəzər salıb, iki xalq arasında qardaşlıqdan danışmışdı. Bildirmişdi ki, “Bu gün 1918-ci il sentyabrın 15-də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik. İllərdir, Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır”.
Həmin dövrdə Azərbaycan və Türkiyə liderlərinin dedikləri bu sözlər onların iki xalqın gələcəyini məhz birlikdə gördüklərinin göstəricisi idi. Təsadüfi deyil ki, həmin çıxışlarda 100 il əvvəl baş tutan bu qələbənin daima yaddaşlarda qalmasının zəruriliyi qeyd edilmişdi.
Artıq 2021-ci ildir. Azərbaycan və Türkiyə Bu gün Bakının xilas olunmasının 103-cü ildönümünü işğaldan azad edilmiş Şərqi Zəngəzurda, Qarabağda qeyd edir, Şuşa Bəyannaməsini imzalayaraq qeyd edir.
Zamanında Azərbaycan və Türkiyəyə ədalətsiz yanaşanlar, bölgədə şəri və işğalı yayan qüvvələr indi Bakı-Ankara qardaşlığı qarşısında daha diqqətli olmalıdır. Unutmamalıdırlar ki, 44 günlük Vətən Müharibəsi regiondakı geosiyasi konfiqurasiyanı dəyişdi, türk əsgərini Şuşa Bəyannaməsi ilə Azərbaycana gətirdi. Bu gün artıq Azərbaycan və Türkiyənin bir-birinə qarşılıqlı hərbi-texniki, hərbi dəstəyi hüquqi sənəddə həkk edilib: “Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar”.
Beləcə, 15 sentyabr 1918-ci ildə Bakının azad olunması tarixindən düz 103 il sonra Azərbaycan və Türkiyə Qafqazda eyni qüvvələrə qarşı bu dəfə daha güclü və qüdrətli şəkildə mübarizə aparır...
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov