Ulusların tarixində böyük bir dönüş nöqtəsi mahiyyəti daşıyan günlər olur ki, bəzən onların önəminin anlaşılması üçün vaxta ehtiyac duyulur.
Məhz həmin günlərin hesabına xalqların və dövlətlərin taleyi formalaşır, onların gələcək siyasi, iqtisadi, hərbi təkamül xəttinin əsası qoyulur. Bəzən isə həlledici savaşlara son verən atəşkəs razılaşmaları döyüşdə üstün tərəfin qələbəsinin oğurlanması kimi qəbul edilə bilir, lakin vaxt keçdikcə onun daha böyük bir planın bir parçası olduğu anlaşılır.
Məsələn, Mudanya atəşkəs sazişi ilə Mustafa Kamal paşanın liderliyində aparılan Qurtuluş Savaşına son verilərək işğalçı yunan ordusundan bir qisim ərazilər geri qaytarılsa da, saziş qalib tərəf olan Türkiyənin öz məqsədinə tam çatması anlamına gəlmirdi. Bir çox çatışmazlıqları olan bu razılaşma ilə, məsələn, Türkiyənin boğazlar üzərində suverenliyi təmin edilmirdi. Lakin bu razılaşma qarşıdakı illərdə yeni Türkiyənin xəritəsinin müəyyənləşdiriləcəyi Lozanna sazişinə, həmçinin, Ankaranın boğazlar üzərindəki suverenliyinin tanınacağı Montrö müqaviləsinə zəmin hazırladı. Bu baxımdan bu gün modern Türkiyənin qlobal arenada söz sahibinə, qüdrətli orduya, qabaqcıl hərbi sənayeyə, mürəkkəb texnologiyalara malik bir ölkəyə çevrilməsində onun öz ərazisində aparılan dağıdıcı müharibəyə son vermiş və bir zamanlar əlverişsiz hesab edilən Mudanya sazişi bir başlanğıc rolu oynamışdı. Təbii ki, dövlətçilik ənənələrinə, güclü siyasi iradəyə malik Türkiyə dövləti və xalqı qarşıdakı illərdə öz maraqlarını digər alətlərlə təmin edə bildi.
44 günlük müharibəyə son verən, Azərbaycan ərazilərinin tək bayraq və tək iradə altında birləşdirilməsinə yol açan 10 noyabr üçtərəfli bəyanatını da məhz bu perspektivdən qiymətləndirmək olar.
Müharibə davam etdiyi və Azərbaycan Ordusunun ard-arda qələbələr qazandığı bir vaxtda rəsmi Bakı güclü xarici təzyiqlə üzləşirdi, hadisələri izləyən hər kəs yaxşı xatırlayar ki, atəşkəsin əldə edilməsi və beləcə Xankəndidəki separatçı rejimin mövcudluğunun saxlanılması məqsədilə Azərbaycana müxtəlif paytaxtlardan təzyiqlər göstərilir, bəyanatlar səsləndirilirdi. Belə bir şəraitdə Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşləri keçirilirdi. Tam qələbəyə köklənmiş Azərbaycan xalqının bu görüşlərin nəticəsinə dair ən böyük narahatlıqlarından biri 30 illik alçaldıcı işğala son verilməsinin bir addımlığında ikən “atəşkəs” qərarının qəbul əldə edilməsi idi.
Lakin “Dəmir Yumruq” əks hücum əməliyyatının əvvəlindən Azərbaycan Ordusunun qarşısına konkret tapşırıqlar qoyulmuşdu: Azərbaycan ərazilərini işğaldan azad etmək, Azərbaycan xalqına qarşı təhlükəsizlik təhdidlərini aradan qaldırmaq... Bu baxımdan Azərbaycan tərəfindən aparılan diplomatik danışıqlar da hərbi əməliyyatların mahiyyəti üzrə aparılırdı – bütün təmaslarda düşməndən Azərbaycan ərazisini tərk etməsi, işğal etdiyi ərazilərdən çəkilməsi tələb olunurdu. Bununla belə, keçirilən bu görüşlərdə hələ də öz “hərbi gücünə” inanan, hamilərinin dəstəyinə arxalanan düşmən Azərbaycana ərazilərinin qismən qaytarılmasına razılıq verirdi və nəticə olaraq qanlı döyüşlər hələ bir müddət də davam etdi. Nəhayət, Azərbaycan əsgərinin Qarabağın alınmaz qalası olan Şuşanı geri qaytarmasından sonra Ermənistan məğlubiyyətini etiraf etdi və kapitulyasiya aktına imza atdı.
2020-ci ilin 10 noyabrında (9 noyabr) Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanatı imzalaması ilə Ermənistan 30 illik işğaldan sonra rüsvayçı məğlubiyyətini qəbul etdi. Bu bəyanat faktiki olaraq kapitulyasiya aktı anlamı daşıyırdı, çünki Ermənistan 30 il boyunca möhkəmləndiyi Azərbaycan rayonlarından döyüşsüz çəkilməyi, həmçinin, öz maraqlarına zidd olan bir sıra addımlar atmağı öhdəsinə götürürdü.
Bununla belə, Vətən müharibəsində tam qələbəyə köklənmiş Azərbaycan xalqı üçün sazişdəki bəzi məqamlar hələ aydın deyildi, məsələn, separatçıların Xankəndi və ətrafında qalması, “Laçın dəhlizi” məsələsi, sülhməramlıların yerləşdirilməsi və s. kimi məsələlər narahatlığa səbəb olurdu. Bu baxımdan atəşkəs razılaşmasından sonra belə bir təsəvvür yaranmışdı ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi tam deyil və ola bilsin oğurlanıb. Bütün bunlarla yanaşı, ABŞ, Avropa İttifaqı, Fransa kimi dövlətlər 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idi. Hətta bu məqsədlə ATƏT-in Minsk qrupunun reanimasiyasına da cəhdlər göstərildi, yenidən uzun-uzadı danışıqlar prosesinə başlamağa cəhdlər edilirdi.
Lakin rəsmi Bakı son üç ildə bütün bu təzyiqlərə tab gətirməyi bacardı və öz məqsədinə çatmaqda israrlı olduğunu göstərdi.
44 günlük müharibədən sonrakı dövrdə separatçı rejimin rəhbərliyi təxribatçı fəaliyyətləri davam etdirdi, müxtəlif paytaxtlara səfərlər edərək Azərbaycanın qələbəsinə, suverenliyinə kölgə salmağa çalışdı. Bu müddət ərzində Azərbaycan ərazilərində ekoloji terror fəaliyyətləri davam etdirildi, Azərbaycan xalqına məxsus təbii sərvətlər başqa ölkələrin şirkətləri tərəfindən qanunsuz yollarla Ermənistana daşındı. Ötən müddətdə Ermənistanın və separatçı rejimin hərbi təxribatları da səngimədi - atəşkəs razılaşmasına zidd olaraq yeni istehkamların yaradılmasına cəhdlər edildi, humanitar məqsədlər üçün nəzərdə tutulmuş “Laçın dəhlizi” ilə Ermənistandan minlərlə mina gətirilərək azərbaycanlıların qayıdacağı mülki yaşayış yerlərinə, təsərrüfat sahələrinə basdırıldı, quldur dəstələrinin silahlandırılmasına davam edildi. Əlbəttə, bütün bunlar proqnozlaşdırıla bilən idi, çünki bu cür böyük bir qələbəyə rəğmən, Qarabağda separatçı rejimin mövcudluğunun “davam etməsinə icazə” verilməsi görüntüsü, eləcə də erməni ordusu ilə bağlı miflər revanşizmə şərait yaradırdı və bu baxımdan müəyyən qruplar mümkün gələcək hərbi toqquşmalara hazırlıq görürdülər. Həm İrəvan, həm də Xankəndidəki qanunsuz dəstə keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati sərhədlərinin böyük bir hissəsinin hələ də Xankəndinin nəzarətində qalmasını “Artsaxın müharibədə məğlubiyyətə baxmayaraq, öz müstəqilliyini qoruyub saxlaması” kimi qiymətləndirirdi. Onlar düşünürdülər ki, Azərbaycan dövləti və xalqı 10 noyabr bəyanatının şərtləri ilə, ətraf rayonların qaytarılması ilə kifayətlənib və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının separatçıların nəzarətində qalmasına, öz ərazisində separatizmin davam etdirilməsinə göz yummağa hazırdır.
Bu həm də ona görə baş verirdi ki, müəyyən ölkələr regiona təsir rıçaqlarını əlində saxlamaq məqsədilə Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə kifayətlənməyə məcbur etmək cəhdləri edirdi.
Bununla paralel olaraq separatçı fəaliyyətlər də Azərbaycan üçün ciddi təhlükəsizlik təhdidləri törətməyə davam etdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni ordusunun bölmələrinin 10 noyabr razılaşmasına rəğmən, hələ də Qarabağda olduğunu etiraf etməsi, Laçın yolu ilə Qarabağda qalan erməni silahlı formasiyalarının silahlandırılmasının davam etdirilməsi bu təhdidlərin miqyasını göstərirdi.
Bütün bunlar Azərbaycan rəhbərliyinin antiterror tədbirlərini başlatmasını zəruri edirdi. Nəhayət, bu il sentyabrın 19-da başladılan və cəmi 1 gün davam edən antiterror tədbirləri ilə Azərbaycan ərazilərində separatizmə son verildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin üçrəngli bayrağı Xankəndidə ucaltması ilə həm ölkə daxilində, həm də xaricdə, bəzən haqlı narahatlıqlarla, bəzən isə pis niyyətlə səsləndirilən bütün suallara cavab verildi. Əməliyyatdan dərhal sonra Qarabağın müxtəlif nöqtələrində aşkarlanan silah və sursatların miqyası Azərbaycanın bu əməliyyata başlamaqda nə qədər haqlı olduğunu, Azərbaycan xalqının “silahlı mülki ermənilər”, “yerli erməni milislər”lə deyil, ordu ilə mübarizə apardığını təsdiqlədi.
Ən əsası isə, bu gün əməliyyat nəticəsində Azərbaycan əleyhinə təxribatçı bəyanatlar səsləndirən, onun ərazi bütövlüyünü şübhə altına salmağa çalışan, Bərdəni, Gəncəni və digər rayonları raket və top atəşinə tutmağı əmr edən, yüzlərlə mülki şəxsin, minlərlə hərbi qulluqçunun ölümünə bais olan separatçı liderlər bu gün Azərbaycan qanunları ilə mühakimə olunurlar.
Son üç ilin mənzərəsi rəsmi Bakının “böyük şahmat taxtasında” ustalıqla etdiyi gedişlərin, qlobal və regional hərbi siyasi vəziyyətə yaxşı bələd olmasının, uzunmüddətli planlaşdırma bacarığının və təbii ki, Azərbaycan Ordusunun hər bir qəhrəman döyüşçüsünün, şəhidlərin səyi və fədakarlığı sayəsində mümkün oldu.
Bütün fəaliyyəti boyunca “Nəyi, necə, nə vaxt” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi missiyanı öz üzərinə götürərək məntiqi sonluğuna çatdırdı. Biz artıq müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq.
Bu hadisələr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir və son 3 ildə baş verən bu hadisələrə şahidlik etmək belə hər bir azərbaycanlı üçün çox böyük qürur mənbəyidir.
Bu baxımdan, necə ki dünya Mudanyada Ankaranın iradəsini qəbul etdi və bu, Türkiyəyə öz ərazi bütövlüyünə nail olmasına şərait yarandı, 10 noyabr bəyanatı da Bakının öz ərazi bütövlüyünü bərpa etmək iradəsini təsdiqlədi və bugünkü vahid Azərbaycanın ortaya çıxmasına şərait yaratdı.
APA Analytics