Azərbaycan – neft-qaz sektorunda böyük tarixə malik və neft hasilatı sahəsində bir sıra böyük dünya kəşfləri edən ölkədir. Buna baxmayaraq, yüksəlişlərlə yanaşı, Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət kəsb edən bu sektorda enmələr də olub.
Lakin SSRİ-nin dağılmasına yaxın bir müddətdə Azərbaycanda neft-qaz sənayesinin tənəzzülə uğramasına baxmayaraq, müstəqillik qazandıqdan sonra iqtisadiyyatın bu aparıcı sektorunu dirçəltmək və inkişaf etdirmək üçün mühüm addımlar atıldı. Ölkə iqtisadiyyatını yüksəltməyə və Azərbaycanı beynəlxalq iqtisadi münasibətlərin aktiv iştirakçısına çevirməyə imkan verən ən vacib, qətiyyətli addım "Əsrin müqaviləsi"nin imzalanması oldu.
"Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz neft-qaz yataqları blokunun işlənməsi üzrə müqavilə 1994-cü ilin sentyabrın 20-də imzalanıb. Məhz bu müqavilə Azərbaycanın neft-qaz sənayesinin dirçəliş dövrünə edilən ilk addım oldu. Müqavilə sahəsində istehsal prosesinin təşkili ilə yanaşı, AÇG-də istehsal olunan “Azəri Light” neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, habelə dəmir yolu ilə ixracına imkan verən zəruri nəqliyyat infrastrukturunun inkişafı və yaradılması işləri aparıldı.
Hazırda ölkədə istehsal olunan neftin əksəriyyəti AÇG-nin payına düşür və bu blok ölkə iqtisadiyyatında olduqca vacib bir rol oynayır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) müstəqil olaraq ildə 7,5 mln. tona yaxın neft hasil etdiyi halda, 2018-ci ildə blokdan 29 mln. ton yüngül Azərbaycan nefti çıxarılıb.
Ümumiyyətlə, 1997-ci ilin noyabr ayından bu günə qədər (sentyabr 1-nə) AÇG-dən 492 mln. ton neft hasil edilib ki, bunun da 287 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Bütün bu göstəriciləri nəzərə alaraq qeyd etmək lazımdır ki, bu blok ölkəyə böyük gəlir gətirir. Xüsusilə, mənfəətli neftin satışından əldə olunan gəlir Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır, oradan tfansfert edilərək dövlət büdcəsinə daxil olur və ölkə üçün vacib olan layihələrin inkişafına yönəldilir. Belə ki, 2001-ci ilin əvvəlindən bu ilin iyulun 31-nə kimi AÇG layihəsinin icrası çərçivəsində Fonda 143,4 mlrd. ABŞ dollara yaxın vəsait daxil olub.
Qeyd edək ki, AÇG bloku ARDNŞ tərəfindən xarici tərəfdaşlarla birlikdə işlənilir. Müqavilədə iştirak payı bu cür bölüşdürülüb: BP (layihə operatoru) – 35,78%, “Chevron” – 11,27%, “Inpex” – 10,96%, AzACG – 11,65%, “Equinor” (əvvəlki “Statoil”) – 8,56%, “Exxon” – 8 %, TPAO – 6,75%, “Itochu” – 4,3% və ONGC – 2,72%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Bu neft-qaz sektorunun gələcəkdə birgə inkişafı təkcə xarici investisiyaların axınını təmin etməyəcək, həm də müasir avadanlıqların, texnologiyaların və xarici tərəfdaşların neft və qaz istehsalı sahəsindəki təcrübəsinin daha da dərindən öyrənilməsinə kömək edəcək. Bundan əlavə, Azərbaycanda son illərdə kəşf edilmiş bütün yataqların qaz-kondensatlı olması və son illərdə ölkədə yeni neft yataqlarının kəşf olunmamağı (xüsusən də AÇG kimi miqyasda və səviyyədə olan) da nəzərə alınmalıdır. Buna görə də, birgə və rasional işlənilmə prosesi bu əfsanəvi yataqlar blokunun ömrünü uzatmaq üçün şərait yaradacaq.
Yeri gəlmişkən, AÇG-də təkcə neft deyil, eyni zamanda qaz da istehsal olunur ki, bunun da böyük bir hissəsi təzyiqi saxlamaq üçün yenidən rezervuara vurulur, digər hissəsi isə təmənnasız olaraq SOCAR-a təhvil verilir. Təkcə AÇG-nin deyil, həm də “Şahdəniz” dəniz qaz-kondensat yatağının inkişafı sayəsində Azərbaycanın “mavi yanacaq” idxalından imtina edə bilməsi və enerji təhlükəsizliyini tam təmin etməsi nöqtəsi nəzərdən də çox vacibdir. Azərbaycan özünü təbii qazla təmin edilməsi ilə yanaşı, respublika Türkiyə və Gürcüstana qaz ixrac edir və 2020-ci ildə Avropaya qaz tədarükünə başlayacaq ki, bu da ona beynəlxalq qaz bazarında yerini tutmağa, həmçinin ölkəyə neft-qaz tarixində yeni parlaq bir səhifə yazmağa imkan verəcək.
Buna baxmayaraq, məhz “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın rifahının və firavanlığının yüksəlməsinə zəmin yaratdı. Respublikanın enerji sektorunun inkişafı, xüsusən də iqtisadiyyatın qeyri-neft sektorunun aktiv inkişafına səbəb oldu.