• TƏHLİL

    18:20 1 iyul 2021

Bakı və Ankaradan Ermənistana tarixi şans - TƏHLİL

İyunun 30-u Azərbaycan və Ermənistan arasında gələcək münasibətlərə və bölgədəki proseslərə dair bir-birinin ardınca maraqlı bəyanatlar səsləndi. Azərbaycan, Türkiyə və Rusiyadan gələn bu bəyanatlara diqqət yetirsək, vəziyyətin Bakının lehinə olduğunu əminliklə deyə bilərik.

Azərbaycan Ermənistana ikitərəfli danışıqlar təklif edir?

Xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışında bildirib ki, Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.

Ceyhun Bayramovun “Ermənistana ikitərəfli müzakirələri başlamağı təklif edirik” təklifi, sözsüz ki, təsadüfi sayıla bilməz. Bu məsələ olduqca aktualdır və vacib əhəmiyyət kəsb edir. Ermənistanda parlament seçkilərinin başa çatması və hakimiyyətin bu ölkənin geosiyasi çətiri sayılan dövlətdən digər siyasətçilərdən nisbətən az asılı olan Nikol Paşinyanın əlində qalması, Bakı və İrəvan arasında müəyyən perspektivlər açıb. Əlbəttə, rasional düşünməyi bacaran istənilən erməni siyasətçisi çoxdan bilməli idi ki, ətrafında 150 milyona yaxın türkün yaşadığı coğrafiyada “Böyük Ermənistan” xəyalları qurmaq və qonşuların torpaqlarına iddia etmək yaşı cəmi 30 il olan erməni dövlətçilik institutunun inkişafına deyil, süqutuna aparan ən yaxın yoldur. Əslində, 44 günlük müharibə erməni cəmiyyəti üçün bir çox həqiqətləri ortaya qoydu. Məlum oldu kı, ermənilər vuruşmağı bacarmırlar, məlum oldu kı, “Miasum” erməni xalqının faciəsi idi, o da məlum oldu ki, indiyə qədər öz mənfəətləri üzərində saxta soyqırımı və Qarabağ iddiaları şüarlarını əllərində bayraq edən erməni kilsəsi və diasporu ilə Ermənistan dövləti arasında çox ciddi uçurum var.

Hər halda, artıq Cənubi Qafqazda yeni proseslərə start verilib və bu proseslərdən Ermənistan da bəhrələnə bilər. İndiyə qədər öz evini qorumağı bacarmayan və qadınlarını, uşaqlarını rusların qoruduğu Ermənistan qarşısında Bakı və Ankaranın verdiyi tarixi şans var. Bu, ilk növbədə, Azərbaycan və Türkiyəyə ərazi iddiasından əl çəkmək müqabilində ikitərəfli münasibətlərin qurulması ilə bağlı verilən şansdır. Hər halda Azərbaycanın xarici işlər nazirinin dilindən Ermənistana səslənən təklif regionda yeni münasibətlərin qurulması üçün bir şansdır. Bu, həm də o deməkdir ki, hər iki tərəf bəzi mövzularda üçüncü tərəfin iştirakı olmadan danışıqlara başlaya, dialoq qura bilər. Adətən münaqişənin bitdiyi mərhələlərdə, müharibənin başa çatdığı dövrlərdə iki münaqişə tərəfi arasında birbaşa dialoq müəyyən mövzularda vasitəçi dövlətlərin iştirakı ilə baş tutan dialoqdan daha effektiv ola bilər.

Təbii ki, Bakı və İrəvan arasında danışıqların ikitərəfli və ya çoxtərəfli keçməsindən daha vacib məsələ Ermənistan hakimiyyətinin yeni reallığı dərk etməsi və qarşıda görməli olan işlərlə bağlı qəti addımlar atmasıdır. Bununla bağlı Ceyhun Bayramov “Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”, - deyə qeyd edib.

Bu kontekstdə hazırda müzakirə predmeti olan ən vacib məsələlər sırasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, minalanmış ərazilərin xəritələrinin qaytarılması və iki tərəf arasında sülh müqaviləsinin imzalanması dayanır.

Qarabağ erməniləri nə rus sülhməramlılarına, nə də erməni siyasətçilərə inanır

“Open Armenia” təşkilatının apardığı sorğuya nəzər yetirərkən bir daha aydın olur ki, Ermənistanın iqtidarlı-müxalifətli siyasətçilərinin bir qismi hələ də reallıqdan uzaqdadır. Əks təqdirdə, bir tərəfdə bu gün özünü hansısa qondarma rejimin nümayəndəsi hesab edənlər, digər tərəfdə isə Ermənistandakı ayrı-ayrı siyasətbazlar Qarabağın statusu ilə bağlı reallıqdan uzaq gülünc fikirlər səsləndirməzdi. Bu təxribatlar kontekstində Araik Arutunyan, Robert Koçaryan, Armen Totoyan və digərləri siyasətbazların qurbanı olan toplumun fikirlərinə məsuliyyətlə yanaşsaydılar, həqiqəti başa düşərdilər. Misal üçün, bu yaxınlarda baş ofisi İrəvanda yerləşən “Open Armenia” təşkilatının ermənilər arasında keçirdiyi sorğu maraqlı cavablarla yadda qalıb. Sorğu Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə keçirilib.

Anonim sorğuda iştirak edən ermənilərin 64 faizi mühacirət etmək istədiyini dilə gətirib. Belə ki, Rusiyaya getmək istəyənlər 32%, ABŞ-a getmək istəyənlər isə 25% olub. Sonrakı yerlərdə isə müvafiq olaraq Kanadaya (17%), Qazaxıstana (12%), Ukraynaya (4%) və Fransaya (3%) mühacirət etmək istəyənlər gəlir.

Sorğuda iştirak edənlərin 86%-i maddi-sosial durumlarının, 91%-i isə psixoloji vəziyyətlərinin çox pis olduğunu deyib.

“Qarabağın statusu necə olacaq?” sualına rəyi soruşulanların 64%-i “bilmirəm”, 22%-i “hər şey artıq həll olunub” cavabını verib.

Respondentlərin 43%-i isə Rusiyanı “qarabağlı ermənilərin dostu və müttəfiqi” hesab etmədiyini dilə gətirib.

Bölgədəki ermənilərdən təxribatlarda istifadə etmək niyyətləri

Rus sülhməramlılarının və Ermənistanın Azərbaycanın nəzarəti altında olmayan bölgələrdə ermənilərin sayını dəfələrlə şişirtməyinə baxmayaraq, bölgədə təxminən 16-20 min civarında erməninin yaşadığı bildirilir. “Open Armenia” təşkilatının və bir çox anonim tədqiqatların nəticələri onu deməyə əsas verir ki, Xankəndidə və ətraf rayonlarda yaşayan ermənilərin yarısından çoxu pandemiyanın bitməsini gözləyərək evlərini satmağı və xaricə köçməyi planlaşdırır. Sorğudan da göründüyü kimi, maddi durumlarının çox ağır olması və girovlarında olduqları separatçı siyasətbazların davranışları, yerli ermənilərin “böyük köç”ünün əsas səbəbləridir.

Təbii ki, indi həm Rusiya, həm də Ermənistan üçün vacib vəzifələrdən biri bölgənin erməni əhalisinin köç etməsinə yol verməmək, onların oraya qayıdışı üçün münbit şəraitin yaradılmasından ibarətdir. İstisna deyil ki, gələcəkdə bəzi dairələr sülhməramlıların nəzarətindəki ermənilərdən öz təxribatlarında istifadə edə bilər. Misal üçün, bir neçə gün əvvəl Rusiyanın TVC federal televiziya kanalının efirində Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən "Zaqafqazskiy uzel" adlı reportaj efirə verilib. Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda Dağlıq Qarabağ ayrıca ölkə kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb. Jurnalist Dağlıq Qarabağda ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almağı arzuladığını bildirib. Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmaq istədiklərini vurğulayıblar.

Rusiyadakı bəzi dairələrin belə niyyət güdməsi çox təhlükəli proseslərlə nəticələnə bilər. Həmin qruplar bu kimi “xəyallara” düşərkən 15 iyunda Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsini nəzərdən qaçırmamalıdır.

Çavuşoğlu və Lavrov arasında Qarabağ müzakirələri

Rusiyadakı bəzi dairələrin müəyyən təxribatları fonunda Ankara və Bakının yaratdığı yeni reallıq qarşısında Kreml və Smolensk meydanı həqiqəti qəbul etməkdədir. Türkiyənin “İstanbul kanalı” kimi Qara dənizin taleyini dəyişəcək layihənin inşasına başlaması, onun Qara və Aralıq dənizlərinin sahillərində möhkəmlənməsi, “Zəngəzur dəhlizi”nin yaxın vaxtlarda açılması ehtimalı Bakı və Ankaranın geosiyasi mövqelərini daha da gücləndirəcək. Məhz belə bir vaxtda Rusiyanın XİN rəhbəri Lavrovun Türkiyəyə səfər etməsi və Ankara ilə Moskva arasında həssas məsələləri müzakirə etməsi Moskva üçün Türkiyə və Ərdoğan amilinin vacibliyinin göstəricisidir. Həmin səfərin hər iki tərəf üçün nəticəli keçdiyi ilə bağlı açıqlamalar, sözsüz ki, Qarabağ və Zəngəzur ətrafında hadisələrin Azərbaycanın lehinə cərəyan etməkdə davam edəcəyini göstərir. Təsadüfi deyil ki, erməni mətbuatı da Türkiyə və Rusiya arasında olan dialoqdan narazı qalıb.

Antalyadakı mətbuat konfransında bölgəmiz üçün səsləndirilən bəzi çox vacib bəyanatlara da nəzər salmaq lazımdır. Ərdoğanın Şuşa səfərinə toxunan Lavrov bunu Azərbaycan və Türkiyənin daxili işi olduğunu bildirib, bu isə, erməni revanşistlərə ağır zərbə kimi qiymətləndirilməlidir. Hələ bir müddət əvvəl Şuşanı və Hadrutu diplomatik yolla geri qaytaracağını qeyd edən Robert Koçaryan və separatçılar yaxşı olardı ki, gözlərini dörd açaraq reallığı dərk etsinlər. Reallıq isə budur: dünənə qədər Türkiyəni Qarabağdakı münaqişədən uzaqda saxlamaq istəyən Lavrov 44 günlük müharibənin nəticələri ilə barışmağın ən optimal yol olduğunu başa düşüb.

Ermənistan da başa düşməlidir ki, böyük dövlətlər arasında dünya xəritəsinin müxtəlif nöqtələri ilə bağlı qarşılıqlı kompromislər, anlaşmalar tez-tez baş verir və Cənubi Qafqaz Qars müqaviləsinin 100-cü ildönümündə Azərbaycanın liderliyinə keçid almış oldu. Antalyadakı görüşün Türkiyə və Rusiya üçün “bazarlıq” baxımından vacib olduğunu Lavrovun Möntre sazişinə toxunması da sübut edir. Hazırda Qara dənizdə, Krım sahillərində kifayət qədər ciddi çağırışlarla üzləşən Rusiya Antalyadakı görüş zamanı Ankaranın Ukrayna məsələsində gələcək davranışı ilə bağlı əmin olmalı idi. Lavrov deyib: "Montrö Konvensiyasının icrası ilə bağlı Türk dostlarımız və həmkarlarımızla qarşılıqlı fəaliyyətdən məmnunuq", əlavə edib ki, "Kanal İstanbul"un inşası heç bir şəkildə xarici hərbi birləşmələrin orada yerləşməsinə zəmin yaratmayacaq".

Razılaşaq ki, bu, indinin diplomatik gedişləridir, sabah isə vəziyyət dəyişə bilər. Əlbəttə, 5 ildən sonra “İstanbul kanalı”ndan Qara dənizə kimin hərbi gəmilərinin keçəcəyi qərarına birbaşa olaraq Türkiyə tərəfinin qərar verəcəyi Azərbaycan üçün də olduqca vacib amildir. 5 il sonra Qarabağda Rusiya sülhməramlıların aqibəti, “Zəngəzur dəhlizi”nin statusunun və digər vacib məsələlərin gündəmdə olduğu vaxtda Bakı üçün bir çox amil çox vacib sayılacaq.

Hər halda, regionun yeni tarixi mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Prezident İlham Əliyevin Şuşa sazişi zamanı tarixi Qars müqaviləsinə yada salması, 2020-ci ilin noyabrında Zəngəzurun iki hissəyə parçalanmasının 100-cü ildönümündə Şərqi Zəngəzurun işğaldan azad olunması, Qərbi Zəngəzur məsələsinin isə Üçtərəfli Bəyanatda yer alması təsadüfi sayıla bilməz. Bütün bu baş verənlər, o cümlədən Azərbaycan tərəfinin ikitərəfli dialoqla bağlı Ermənistana etdiyi təklif, Lavrov və Çavuşoğlu arasında əldə edilən razılıq qarşıdakı illər ərzində bölgədə bir çox məsələnin həllini tapacağının işartıları kimi qiymətləndirilə bilər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR