Ermənistanın son vaxtlar Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesini pozmaq istiqamətində atdığı addımlar bütövlükdə bölgə üçün ciddi təhdiddir.
Bunu Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında da bəyan elədi. Bu bəyanatı Azərbaycan xarici siyasətinin növbəti əhəmiyyətli gedişi də hesab etmək olar. Azərbaycanın toplantıda yaydığı bəyanatda İrəvanın sülh prosesinə yaratdığı təhlükə faktlarla sadalandı.
Bəyanatda sadalananlara bir daha diqqət yetirək:
1. Ermənistanın danışıqların formatını dəyişmək cəhdi sülh prosesinə açıq-aşkar təhlükədir. Bu cəhdlər 2019-cu ilin martın 9-da həmsədrləri bəyanat verməyə vadar etdi. Bu bəyanatda onlar münaqişə tərəflərini digər tərəfin razılığı olmadan danışıqların formatında birtərəfli dəyişikliklərin edilməsi tələbindən çəkinməyə çağırdılar;
2. ATƏT-in Minsk Konfransının formatı konsensus yolu ilə ATƏT-ə üzv ölkələr tərəfindən razılaşdırılıb, BMT-nin müvafiq qətnamələri tərəfindən dəstəklənib və formatın dəyişməsi müzakirə mövzusu ola bilməz;
3. Minsk Konfransı çağıracağı və bununla bağlı konsensus əldə olunacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları ilə məsləhətləşmə aparıla bilər. Lakin biz bu mərhələdən hələ uzağıq, çünki Ermənistan Azərbaycanın bu regionunun azərbaycanlı icmasının mövcudluğunu tanımaqdan imtina edir;
4. Ermənistan Baş Nazirinin qızışdırıcı "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələr tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. Bu cür bəyanatlar, həmçinin Ermənistan Müdafiə naziri tərəfindən səslənən sonuncu "Qarabağ məsələsi həll olunub" bəyanatı sülh prosesi üçün zərərlidir;
5. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi, ATƏT-in qəbul etdiyi qərarlara əks gedərək israrla statusla bağlı məsələni irəli sürür. Lakin münaqişənin həlli prosesi addımbaaddım prinsipinə əsaslanır. Birinci mərhələdə Azərbaycan torpaqlarının işğalı daxil olmaqla münaqişənin köklərinə xitab edərək, Ermənistan başa düşməli və digər ölkələr xatırlamalıdır ki, bu həll yolu qaçılmazdır, alternativi yoxdur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT qərarlarına, xüsusilə də 1994-cü ildə qəbul olunan Budapeşt Sammitinin qərarına əsaslanır. Məhz Budapeşt Sammitinin qərarı münaqişənin siyasi həlli üçün çərçivə formalaşdırır. ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı bu yanaşmaya əsaslanır.
Bununla, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti, tutduğu destruktiv yol növbəti dəfə yüksək tribunadan səsləndirildi. Bir daha dünyanı idarə edən güclərin diqqətinə çatdırıldı ki, Azərbaycan torpaqları illərdir, Ermənistanın işğalı altındadır və İrəvan münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmır, əksinə bunu əngəlləyir.
Daimi Şurada səsləndirilən Bəyanatda diqqət çəkən digər mühüm məqamlar da var. Bunlardan biri ATƏT üzvü olan ölkələrin Dağlıq Qarabağ münaqişəsinə münasibəti və ikili standartlarla bağlıdır. Bəyanatda vurğulanır ki, ATƏT-də münaqişənin həlli proseduraları ilə bağlı fərqli atmosfer müşahidə olunur. "Türkiyə, Ukrayna və Gürcüstan münaqişənin həlli prinsiplərini müdafiə edir. Bu prinsiplər ATƏT regionundakı bütün münaqişələrə istisnasız olaraq bərabər tətbiq edilməlidir. Biz beynəlxalq hüquqa zidd olmamağı qəbul edirik, ATƏT-in prinsipləri və normalarını tanıyırıq, bəzi ölkələr isə uzadılmış münaqişələrin həlli ilə bağlı açıq ikili standart nümayiş etdirir. ATƏT-in prinsipləri bütün iştirakçı ölkələrə və münaqişələrə aid edilməlidir, istisnasız, ikili standartlar olmadan, coğrafi və digər üstünlüklər nəzərə alınmadan. Bu ikili standartlar aradan qaldırılmadıqca, ATƏT münaqişələrin qarşısının alınması və həlli yolları üçün effektiv mexanizm ola bilməyəcək”, - deyə Bəyanatda qeyd olunur.
Dəqiq ünvanda səsləndirilən bu fikirlər həm də nüfuzunu get-gedə itirməkdə olan ATƏT-ə mesaj kimi də qəbul oluna bilər. ATƏT öz prinsiplərinə sadiq deyil, müxtəlif məsələlərə ikili standartlarla yanaşır, üzv ölkələr arasında ayrı-seçkilik qoyur. Məhz bunun nəticəsidir ki, ATƏT münaqişələrin qarşısının alınması və həll yolları üçün effektiv mexanizm ola bilmir, belə davam etsə, ola bilməyəcək də... Bir təşkilatın içində ədalət yoxdursa, ikili standartlara yol verilirsə, nüfuz da, hörmət də təbii ki, getdikcə azalacaq və bir gün tamam itəcək. Bəyanatda məhz buna işarə vurulur.
Daimi Nümayəndəliyin Bəyanatının digər ana xətti Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı yürütdüyü siyasətlə bağlıdır. Bəyanata diqqət edək: "Azərbaycan ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkünə çevrilməsindən əziyyət çəkən ölkə kimi, münaqişənin ən tez və davamlı həll yolunun tapılmasını istəyən ən maraqlı tərəfdir. Bu gün siyasi, iqtisadi, hərbi sahələrdə söz sahibi Azərbaycan və onun rəhbərliyidir. Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır. Lakin bir daha təkrar etmək istərdik ki, münaqişənin Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək".
Bəyanatın davamı isə birbaşa vasitəçilərə ünvanlanıb: "Biz gözləyirik ki, sizin münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətiniz heç bir kompromis və müzakirə mövzusu olmayan, beynəlxalq səviyyədə qəbul edilən sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə yönələcək. Azərbaycan bu anlayışa əsaslanan münaqişənin həlli prosesinə sadiq qalır".
Bu Bəyanatın münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Daimi Şurasında səsləndirilməsi həm də Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı addımlarının ardıcıllığını göstərir. Rəsmi Bakı bütün səviyyələrdə yaranmış fürsətdən bacarıqla yararlanaraq, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə həqiqətləri çılpaqlığı ilə çatdırır, İrəvanın problemin həllini yubatmağa, "status-kvo"nun saxlanmasına yönəlmiş siyasət yürütməsini əngəlləyən addımlar atır. Son zamanlar isə Azərbaycanın bu istiqamətdə fəaliyyəti daha da güclənib. Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi bəyanat, eləcə də MDB Dövlət başçılarının Aşqabad toplantısında Ermənistanın Baş Naziri Nikol Paşinyanı çətin vəziyyətə salan çıxışının təsiri hələ səngiməyib. Bunun ardınca Azərbaycan diplomatiyası atdığı daha bir addımla Ermənistan növbəti zərbəni almış oldı.
Rəsmi Bakının adıçəkilən bəyanatından çıxan bir nəticə də budur ki, münaqişə uzun müddət dondurulmuş halda qala bilməz. Ən uzunmüddətli analoji münaqişələr Yaxın Şərq ölkələrində müşahidə edilir. Həmin münaqişələr də vaxtaşırı dondurulmuş haldan daha qaynar fazaya keçir və müxtəlif formatlarda toqquşmalar baş verir. Deməli, toqquşmalara aparan səbəbləri aradan qaldırmaq lazımdır.
Yaxın zamanlarda danışıqların hansı istiqamətdə davam edəcəyini söyləmək mümkün deyil. Lakin bəlli olan bir həqiqət var - Ermənistanın şantaj siyasəti iflasa uğrayıb, Azərbaycan təşəbbüsü ələ alıb, danışıqların format və zamanını da artıq Bakı diktə edir.
ATƏT Daimi Şurasının tribunasında səsləndirilmiş Bəyanatda "Hazırda müharibə yoxdursa, bu, Azərbaycanın münaqişənin siyasi həll yolunu axtarma siyasəti ilə bağlıdır. Lakin bir daha təkrar etmək istərdik ki, münaqişənin Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa zidd olan sülh yolu ilə həlli mümkün deyil. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək" fikirlərinin əksini tapması bunun bariz sübutudur.
APA Analytics