• TƏHLİL

    15:53 10 noyabr 2021

Başqasının torpağına göz dikənlərin aqibəti - Kapitulyasiya aktı - TƏHLİL

Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm və tarixi hərbi zəfərindən bu il ötür. Düz bir il öncə İrəvan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Baxmayaraq ki, Ermənistanda hələ də revanşdan danışanlar var, kapitulyant İrəvanın yazılı sənədlə öz üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirməyə vadar olacağı şübhəsizdir. İrəvan arzulasa belə, siyasi reallığı dəyişdirə bilməz.

Ermənistanın 30 il ərzində yürütdüyü işğalçılıq və düşmənçilik siyasəti sonda onun məğlubiyyəti ilə nəticələndi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ərzində uğurlu döyüş əməliyyatları ilə torpaqları işğalçılardan təmizlədi, Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atmalı oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı.

Bu Bəyanat Ermənistanın kapitulyasiyasını əks etdirən sənəd olmaqla yanaşı, bir çox baxımdan da mühüm əhəmiyyətə malikdir. Bunlardan biri Ağdam, Kəlbəcər və Laçının qansız və heç bir itkisiz Azərbaycana qaytarılmasıdır. Ağdam 2020-ci il noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Düşmənin 30 il ərzində Ağdamda yaratdığı müdafiə istehkamlarının, səngərlərin, bunkerlərin mövcudluğu, ərazinin başdan-başa minalanması, Kəlbəcər və Laçının mürəkkəb relyefi, qışın yaxınlaşması ilə əlaqədar aparılacaq döyüş əməliyyatlarının çətinləşməsi bu rayonların müharibə ilə işğaldan azad edilməsinin hansı itkilər hesabına başa gələcəyini təsəvvür etməyə imkan yaradır.

Digər mühüm məqam Dağlıq Qarabağın statusu ilə məsələnin Bəyanatda əksini tapmamasıdır. 10 noyabr 2020-ci ildən sonra Azərbaycan Türkiyə ilə birgə bölgədə mühüm oyunçuya çevrildi. İrəvanın əsas hamisi olan Rusiya da yeni reallıqla barışmaq məcburiyyətindədir. Rusiya öz satelliti Ermənistanı reallığı qəbul etməyə vadar edir. 10 noyabr Bəyanatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq, dövlətlərarası xarakterini bir daha təsdiqləmiş oldu. Ermənilərin onu 1988-91-ci illərdə SSRİ-nin tərkibində olduğu kimi daxili münaqişə formasında saxlamaq cəhdləri birdəfəlik aradan qalxdı. Dağlıq Qarabağın statusu məsələsi danışıqlar predmetindən çıxmış oldu, orada yaşayan ermənilərə öz müqəddəratını təyinetmə prinsipinin heç daxili aspekti də şamil edilməyəcək. Onlar Azərbaycan vətəndaşına verilən hüquqlardan yararlanmalı olacaqlar. Digər tərəfdən, münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi bazası yenilənməlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi və bu istiqamətdə BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutaraq, özü həmin qətnamələrin tələblərini yerinə yetirmiş oldu.

Azərbaycan 44 günlük savaşı qələbə ilə yekunlaşdırmaqla bölgədə tamamilə fərqli situasiya yarada bildi. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 km-lik hissəsi işğaldan azad edildi və artıq orada sərhəd zastavaları qurulub. Uzun müddət həmin istiqamətdə transmilli cinayətkarlığın bəzi təzahürləri geniş inkişaf etmiş və kriminal işbirliyi formasında həyata keçirilirdi. Artıq bunun qarşısı alınıb.

Savaşın nəticəsinin daha mühüm bir cəhəti odur ki, dəhlizlərin mübadiləsi ideyası gerçəkləşmək üzrədir. Bu, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru yolunun olması deməkdir. Ermənistana yalnız Laçın dəhlizi vasitəsilə və qarşıdan gələn 3 il ərzində o istiqamət üzrə inşası nəzərdə tutulan yolla Azərbaycana daxil olmağa icazə verildiyi halda, Azərbaycana həm Laçın, həm də ölkəmizin digər qərb rayonları vasitəsilə Naxçıvana çıxış imkanı verilir. Şübhəsiz, Azərbaycandan öz ərazisi olan Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiya və Çin Xalq Respublikasına kimi nəhəng zolağı uzanacaq. Bu ideyanın müəllifi Pol Qobl 1992-ci ilin iyununda hazırladığı sülh planına belə bir müddəa daxil etmişdi. Strateji əhəmiyyətə malik olan bu plana 1992-ci ilin yayında (o zaman Azərbaycan Şuşanı və Laçını itirmişdi) Azərbaycan, Ermənistan, İran, hətta Rusiya mənfi münasibət bildirmişdi. Qeyd edilən plan ABŞ və Türkiyənin maraqlarına cavab verirdi. P. Qoblun bu planına əsasən, o vaxt "Penzoyl'' neft şirkətinə yaxın olan ABŞ prezidenti ata - Buş Azərbaycan neftini məhz həmin dəhlizlə keçirməklə İranın Ermənistana çıxışını əngəlləməyə, Ermənistanı bu layihəyə qoşmağa və Rusiyanın təsirindən xilas etməyə çalışırdı. Türkiyəyə isə bayaq dediyimiz üstünlük veriləcəkdi. Azərbaycanın qələbəsi illər boyu arzulanan planı gerçəkləşdirir.

Bakının parlaq qələbəsi başqa dəyişikliklərə də səbəb olub. Bu günlərdə Ermənistanın keçmiş Baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan deyib ki, "biz bu razılaşma ilə təkcə əraziləri vermədik, eyni zamanda, Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaq''.

Ermənistan kapitulyasiya aktına imza atmaqla dünya tarixində məğlub ölkə imicini də qazandı.

Tarixdən də məlumdur ki, kapitulyasiya zamanı düşmənin hərbi əmlakı qalib gəlmiş tərəfə keçir, silahlı qüvvələrin şəxsi heyəti isə silahsızlaşdırılır və əsir götürülür. Kapitulyasiyanın növlərindən biri də danışıqsız kapitulyasiyadır. Bu zaman kapitulyasiya haqqında akt qalib gəlmiş tərəfin irəli sürdüyü şərtlər əsasında, məğlub edilmiş tərəfin nümayəndələri tərəfindən imzalanır. Məsələn, İkinci dünya müharibəsinin sonunda Almaniya və Yaponiya danışıqsız kapitulyasiya haqqında sənədləri imzalamışdı.

İkinci Dünya müharibəsinin nəticəsinə uyğun olaraq, Almaniyanın kapitulyasiyasına dair protokol 1945-ci il mayın 7-də Fransanın Reyms şəhərində imzalanıb.

Sənədi Almaniya tərəfdən general Alfred Yodl, ingilis-amerikan ordusu adından general Uolter Bedell Smitt, SSRİ tərəfdən general İvan Susloparov, Fransa tərəfdən isə müşahidəçi statusunda general Fransua Sevez imzalayıb.

Dörd bənddən ibarət olan kapitulyasiya aktı imzalananda SSRİ şərt irəli sürüb ki, istənilən müttəfiq ölkə tərəfindən daha bir kapitulyasiya aktı imzalana bilər. Tərəflər bu şərti qəbul edib. Bu şərt əsas götürülərək, mayın 8-də Berlinin Karlhorst qəsəbəsində Almaniyanın sözsüz və tam kapitulyasiyası ilə bağlı növbəti akt imzalanıb.

Almaniya tərəfdən aktı general Vilhelm Keytel, general Ştumpf və Frideburq, SSRİ tərəfdən marşal Georgi Jukov imza atıb.

Kapitulyasiya aktının imzalanmasından sonra müttəfiq dövlətlər Almaniyandan külli miqdarda təzminat alıb, hətta bu ölkənin bölünməsinə qərar verib. Nəticədə Almaniya ərazisində uzun illər paytaxtı Bonn şəhəri olan Almaniya Federativ Respublikası (AFR) və paytaxtı Berlin olan Almaniya Demokratik Respublikası (ADR) fəaliyyət göstərib.

Hətta 1961-ci ildə AFR və ADR arasında uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan Berlin divarı çəkilib.

Yalnız 1990-cı ildə Berlin divarları sökülərək, Almaniya birləşdi.

26 iyun 1945 ildə isə anti - yapon koalisiyasının müttəfiqləri Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945-ci ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945-ci ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hirosima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945-ci ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır.

10 avqust tarixində Yaponiya “Podstam Deklarasiyası” çərçivəsində, imperator idarə strukturunun qorunub saxlanması şərti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ “Postam Deklarasiyası”nın xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir. 14 avqust Yaponiya rəsmi olaraq (İmperatorun toxunulmazlığı dəyişikliyi olmaqla) kapitulyasiyanı qəbul etdiyini bildirir. Bununla belə, cəbhədə döyüşlər Aktın imzalanmasına qədər davam edib.

Tarixdən də göründüyü kimi, başqasının torpağına göz dikən ölkələr son anda təslimçilik aktına imza atmalı olurlar. Bu gün təklənən və darmadağın olan Ermənistanın Bakının şərtlərini sona qədər qəbul etməkdən başqa yolu qalmayıb. Proses buna doğru da gedir. Əslində, İrəvanın Bakı və Ankara ilə anlaşmaq, sülh içində yaşamaqdan savayı yolunun olmadığını hər kəs anlayır. Bunu Kremldə də başa düşürlər. Onu da yaxşı bilirlər ki, 44 günlük müharibədən sonra Türkiyə real olaraq bölgədədir, Azərbaycanın yanındadır - özünün böyük hərbi və iqtisadi potensialı ilə...

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR