• TƏHLİL

    11:40 23 noyabr 2021

Baydenin “demokratiya çətiri” - TƏHLİL

Müasir dünya siyasətində demokratiya təkcə azad söz, azad mətbuat, şəxsin azadlığı, insan hüquqları və sair kimi mütərəqqi ideyalar deyil. Müasir siyasi proseslərdə demokratiya həm də bəzi Qərb dövlətlərinin qeyri-Qərb dövlətlərinə bu ad altında təzyiq mexanizmidir. Təbii ki, söhbət, ilk növbədə, ABŞ-ın demokratiya pərdəsi altında beynəlxalq münasibətlər sistemində apardığı ikili yanaşmalardan gedir.

Qərbdəki müxtəlif dairələrin yaymağa çalışdığı “demokratiya” hər dəfə bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib. Ən sadə halda isə ABŞ demokratiya adı altında dünyada bir çox çevriliş cəhdinin arxasında dayanan əsas fiqur olub.

Diqqət yetirsək, görərik ki, “inqilab”ların reallaşdırıldığı ölkələrin nə siyasi sistemində, nə də cəmiyyətlərində inqilabi situasiya yetişmişdi. Sadəcə olaraq, kənar müdaxilə nəticəsində xüsusilə də “beşinci kolon”un əli ilə ölkələrdə süni etirazlar təşkil olunmuş, ardınca silahlı müxalifət yaradılmaqla legitim hakimiyyətlər devrilmişdi. Hazırda isə həmin ölkələrdə əvvəlki sabitliyi, insanların firavan, dinc yaşayışını bərqərar etmək müşkülə çevrilib. Bu, Qərb və xüsusən ABŞ-ın qlobal demokratiya oyununun bir istiqamətidir.

Digər istiqamət isə guya dünyada demokratiya və insan hüquqlarının inkişafına dəstək vermək, əslində isə Qərbin, əsasən də ABŞ-ın ayrı-ayrı dövlətləri öz nəzarətinə almaq məqsədilə yaradılmış QHT-lər vasitəsi ilə həyata keçirilən siyasətdir.

Həmin təşkilatlar “Artiсle 19”, “Amnesty İnternational”, “Fredoom House”, İREX, “Sərhədsiz Reportyorlar” və s. olmaqla onlarladır. Həmin təşkilatlar ABŞ və Qərbin maraqlarından deyil, öz milli maraqlarından çıxış edən dövlətlərdə guya demokratiya və insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı materialların yer aldığı hesabatlar hazırlayıb yaymaqla məşğuldur. Hər dəfə bu hesabatlarla tanışlıq onların qərəzli olduğunu çılpaqlığı ilə ortaya qoyur.

Birmənalı şəkildə qeyd etməliyik ki, bu gün ABŞ və Qərbin demokratiya oyunu tam çılpaqlığı ilə ifşa olunub. Ən son, ABŞ-ın Əfqanıstandan çıxması və ölkədə hakimiyyətə zor gücü ilə taliblərin gəlməsi bu ölkənin demokratiya adı altında apardığı siyasətə, ümumiyyətlə ABŞ-ın dünyadakı imicinə çox böyük zərbə vurdu.

Son günlər dünya mediasının ən çox müzakirə etdiyi mövzulardan ABŞ Prezidenti Co Baydenin 9-10 dekabr tarixlərində təşkil edəcəyi demokratiya forumudur. Demokratiya pərdəsi altında ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmağa heç bir mənəvi haqqı olmayan Qərb dairələri, ABŞ-ın Demokratlar partiyası bu dəfə də maraqlı siyahı ilə sammitə ikili standartlar qatıb. ABŞ-ın “Demokratiya zirvəsi”nə dəvət etdiyi dövlətlərin siyahısında Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Nepal, Barbados, Panama, Surinam və s. kimi dövlətlər var. MDB məkanından isə Bayden Ermənistan, Moldova, Ukrayna və Gürcüstanı sammitə dəvət edib. Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan sammitə dəvət edilməyənlər siyahısındadırlar. Avropa İttifaqının üzvü olan və artıq türk dünyasının bir üzvünə çevrilən Macarıstanın, Şərqin ən demokratik dövləti sayılan Türkiyənin “Demokratiya Forumu”na dəvət edilməməsi bu tədbirin Demokratlar partiyası üçün hansı mənanı kəsb etdiyinin göstəricisidir. MDB məkanında isə Rusiyadan uzaqlaşmaqda olan dövlətləri tədbirə dəvət edən Bayden və ətrafı bu kimi siyasəti ilə daim digər dövlətlərə bir “yol xəritəsi” göstərir - “Rusiyaya qarşı çıxın, siz də o dünyanın bir üzvü olun”. Təəssüflər olsun ki, belə şirnikləşdirici şüarlar Gürcüstan və Ukrayna timsalında həmin dövlətlərə inkişaf və xoşbəxtlik gətirmədi. ABŞ və bəzi Qərb dairələri öz məkrli planlarını həyata keçirərək Qərb yolu seçən Ukraynanın və Gürcüstanın yanında yalnız sözdə oldular, əməldə isə, Rusiyanın hərbi təcavüzü qarşısında bu ölkələri tək qoyaraq Bjezinskinin şahmat lövhəsi konsepsiyasını reallaşdırmış oldular. Elə Saakaşvilinin bu gün üzləşdiyi durum da ABŞ-ın hansı siyasi əxlaqa malik olmasının bariz nümunəsidir.

Dekabrın 9 və 10-da keçiriləcək tədbir, Baydenin fevral ayında prezident kimi ilk xarici siyasət müraciətində onun səlahiyyət müddətində ABŞ-ın qlobal liderliyə qayıdacağı və Rusiya-Çinin rəhbərlik etdiyi avtoritar dünyaya qarşı mübarizə aparacağını açıqladığı bəyanatının təzahürüdür. İlk dəfə “Politico” tərəfindən elan edilən siyahıda demokratiya sahəsində sayılıb-seçilən dövlətlərlə yanaşı, bu sahədə kifayət qədər ciddi nöqsanları olan, lakin xarici siyasət davranışında Vaşinqtonun vassalı olan dövlətlərin adı da var.

Demokratların himayəsində olan bəzi ekspertlər güclü liderlərə xoş münasibət sərgiləyən Trampı tənqid edərək, Baydenin yenidən demokratiya dalğasına qayıtmasını müsbət qiymətləndirirlər. Lakin aydın məsələdir ki, bu deyilənlər yalnız və yalnız azadlıq ifadəsi altında okeanın o tayının apardığı maskalanmış siyasətin təzahürüdür.

Dekabrda baş tutacaq “Demokratiya Forumu” həm də ABŞ-ın Rusiya və Çinə qarşı geosiyasi mübarizəsi, dünyadakı strateji nöqtələrdə ona sərf etməyən siyasi rejimlərə qarşı apardığı “demokratiya” siyasəti kontekstində araşdırılmalıdır.

Yaxın Şərq Demokratiya Layihəsi üzrə tədqiqat direktoru Amy Hawthorne qeyd edir: “Aydındır ki, Çinə qarşı mübarizə ilə bağlı strateji mülahizələr Hindistan və Filippin kimi Çinin qonşuluğunda yerləşən çox problemli, geri dönmüş demokratiyaları dəvət etməkdə rol oynayır”. Dünənə qədər "insan hüquqlarına əhəmiyyət vermədiyini" bildirən Filippin prezidenti Rodriqo Duterte və “Freedom House” təşkilatının Hindistanı avtoritarizmə doğru apardığını qeyd edən Narendra Modi “demokratlar forumunda” insan haqlarını müzakirə edəcək liderlər siyahısında yer alıblar.

Ağ Evin 30 illik hərbi cinayətlər törətmək “təcrübə”si olan, hazırda parlamentli respublika adı altında bütün rəqiblərinə qarşı pressinq aparan Ermənistanı tədbirə dəvət etməsi də heç də bu ölkədəki liberal siyasi abı-hava ilə bağlı deyil. Yeri gəlmişkən, bu yaxınlarda BMT-nin İnsan Haqları Komitəsi Ermənistanda sərbəst toplaşma azadlıqlarının əsassız məhdudlaşdırılması, dinc nümayişlərə polis müdaxiləsi və nümayişçilərin qanunsuz olaraq uzunmüddətli saxlanmasından narahatlığını ifadə edib. Komitənin sözügedən məsələ ilə bağlı bəyanatında bildirilir ki, BMT ekspertləri Ermənistana aksiyalar zamanı polisin sayını azaltmağı və həddən artıq güc tətbiq olunaraq həbslərin həyata keçirilməsi barədə faktları araşdırmağı tövsiyə edib. Komitə Ermənistanı daxili qanunvericiliyin BMT-nin hüquq-mühafizə orqanları tərəfindən güc və odlu silahın tətbiq olunması üzrə Əsas Prinsiplərinə tam uyğunlaşdırılmasını təmin etməyə çağırıb. Məhkəmə hakimiyyətinin asılılığına gəldikdə, komitə icra və qanunverici hakimiyyətin hakim və prokurorların təyinatı və azad edilməsi prosesinə təsirindən narahatdır. Komitə Ermənistan hökumətinə hakim və prokurorları istənilən təzyiq formasından və müdaxilədən qorumağı və onların təhlükəsizliyini təmin etməyi tövsiyə edib.

Əlbəttə ki, yuxarıda da qeyd edildiyi kimi, hər bir digər dövlətlə münasibətlərdə olduğu kimi Ermənistan məsələsi də Vaşinqton üçün ABŞ-Rusiya münasibətləri prizmasından təhlil edilməlidir. Azərbaycan və Türkiyənin tədbirə dəvət edilməməsi isə bu ölkələrin apardığı müstəqil xarici siyasət, ikitərəfli münasibətlərdə qarşılıqlı bərabərhüquqlu tərəfdaş tələb edən dövlət olması ilə bağlıdır. Bayden tərəfindən Ankara və Bakının demokratiya tədbirinə dəvət edilməməsi heç bir halda Ağ Evin iki qardaş ölkədən imtina etməsi kimi başa düşülməməlidir. Birmənalı şəkildə qeyd edilməlidir ki, ABŞ öz xarici siyasət davranışında indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan və Türkiyə ilə münasibətlərdə orta xətt anlayışını prioritet götürəcək. Vassal Ermənistandan fərqli olaraq, xarici siyasətdə daim müstəqil qərarları qəbul etməyi bacaran Azərbaycan və Türkiyənin apardığı siyasət bu ölkələrin xalqlarının milli maraqlarının həyata keçirilməsi ilə nəticələnəcək. ABŞ-ın NATO-dakı müttəfiqinin Xəzərin sahilində güclənən hərbi-siyasi varlığı, Bakı və Ankaranın Avrasiyanın Orta Xəttində Britaniyanın da xüsusi rol oynadığı yeni layihədə formalaşdırdıqları yeni geosiyasi konfiqurasiya, sözsüz ki, iki güclü türk dövlətinin beynəlxalq proseslərdə kənarda qalan subyektlər deyil, əsas subyektlər olduğunu, bundan sonra da Vaşinqton və London üçün vacib dövlətlər olacağını söyləməyə əsas verir.

O ki qaldı Ermənistana, Paşinyan yaxşı olardı ki, heç bir illüziyaya qərq olmasın, onun sammitdə iştirakı ABŞ-ın Rusiya ilə mübarizə kontekstində Ermənistanı növbəti qurban qismində görməsi ilə bağlıdır. Ermənistandakı küçə inqilabından sonra “Sorosçu”lar tərəfindən hakimiyyətə gətirilən, ölkə daxilində cəmiyyətin alt qatlarında Rusiyaya qarşı nifrətin getdikcə gücləndiyi, son zamanlar kütləviləşən anti-Putin və anti-Rusiya aksiyaları fonunda, əlbəttə ki, Vaşinqton Paşinyanı sammitə dəvət edərək onu və erməni cəmiyyətini “ağa”larından bir qədər də uzaqlaşdırmalı idi.

Beləliklə, məkrli siyasi oyunların mərkəzinə çevriləcək “Demokratiya Sammiti”ndə” iştirak etməyən Azərbaycan və Türkiyə qismində xarici və daxili siyasətdə hər hansı xarici vektorun deyil, qərarların öz paytaxtlarında verildiyi dövlətlərin tədbirə dəvət almaması əslində onların qlobal hegemon qüvvələr arasında mübarizədə obyekt deyil, subyekt olduğunun göstəricisidir. Öz növbəsində, baş tutacaq tədbir Baydenin bəyan etdiyi kimi ABŞ-Rusiya, ABŞ-Çin qarşıdurması fonunda Vaşinqtonun beynəlxalq siyasətdə “demokratiya çətiri” mexanizmindən yaxın illərdə yenidən istifadə edəcəyi xəbərini verir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR