30 avqust dünyada Beynəlxalq İtkinlər günü kimi qeyd olunur. Təqvim 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Hazırda bütün dünyada müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq işi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur. Lakin bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını göstərməkdə acizdir.
Ermənistanın əsir və girovlarla bağlı cinayəti
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda itkin düşənlərin də sayı az deyil. Ötən əsrin 90-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı erməni tərəfinin əsir və girov götürdüyü minlərlə soydaşımızın 3890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğalı zamanı Ermənistan ordusu tərəfindən azərbaycanlı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, insanlarla amansız rəftar, özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi XXI əsrdə barbar dövlətinin hələ də mövcudluğunun əyani sübutudur. Hazırda beynəlxalq ictimaiyyət terrorçu təşkilatlarla və bəzi ölkələrdə hakimiyyəti ələ alan terror qrupları və dövlətləri ilə mübarizə apararkən, özünü dünyəvi respublika adlandıran Ermənistanda irqçi, faşist ideologiyanın dövlət tərəfindən dəstəyi regional təhlükəsizlik üçün təhdid təşkil edir.
Ermənistanda bu gün də bu ölkənin keçmiş və indiki bəzi hərbi-siyasi rəhbərlərinin təlqin etdiyi nifrət, revanşizm ideologiyası regionda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Bu gün Ermənistanda azərbaycanlılara qarşı kin və nifrətin səviyyəsi faşizmin, ksenofobiyanın əsl nümunəsidir. Bəşəriyyət faşizm, irqi və milli nifrət anlayışlarını daha çox Mussolinin və Hitlerin apardıqları siyasətlə bağlasa da, əslində, faşizm terminin kökünü erməni ideologiyasında axtarmaq lazımdır. Burada xüsusilə bir məsələni vurğulamaq lazımdır ki, əgər Almaniya və İtaliyada faşizm dalğası bəlli siyasi liderlər və tarixi zaman kəsiyi ilə əlaqəli idisə və həmin liderlərin ölümü ilə yoxa çıxdısa, Ermənistandakı faşizm, barbarlıq bir-iki liderdən asılı olmayan, əsrlərdir, o cəmiyyətdə davam edən ideologiyadır. Qarşılarına "Böyük Ermənistan" xülyasını reallaşdırmağı qoyan ermənilər XIX əsrin sonlarından başlayaraq müntəzəm olaraq Qafqazdakı müxtəlif xalqlara, ələlxüsus Azərbaycan türklərinə qarşı soyqırımlar, zorakılıqlar, qətliamlar həyata keçirmişlər.
Ən yeni tarixə nəzər saldıqda, Qırmızı Xaç və digər beynəlxalq qurumların hesabatına əsasən, Ermənistan 1990-cı illərdəki müharibə zamanı azərbaycanlı əhaliyə qarşı amansız rəftarı ilə seçilib. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü zamanı bir çox beynəlxalq hüquq normalarını, o cümlədən beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, girov götürülüb, bir çox halda isə öldürülüb. Əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar qətlə yetirilib, işgəncələrin izlərinin itirilməsi məqsədilə cəsədləri belə Azərbaycan tərəfinə verilməyib.
Erməni tərəfinin 1990-cı illərin əvvəllərindəki müharibə zamanı bəzi halda qarşılarında ordu olmamasına baxmayaraq, yaşayış məntəqələrinin işğalı zamanı mülki əhaliyə, qadın və uşaqlara qarşı törətdikləri cinayətlər faktlarla sübuta yetirilib.
Beynəlxalq hüququn pozulması
Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları BMT-nin 1949-cu il 12 avqust tarixli "Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, BMT-nin 1954-cü il 14 may tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Konvensiyası ilə tənzimlənir.
Mülki əhalinin hücuma məruz qalması ilk növbədə 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə edilmiş 1-ci protokolun 52-ci maddəsinin 1-ci bəndinə görə müharibələr zamanı mülki obyektləri, əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur.
Digər tərəfdən, Ermənistan ordusunun mülki əhaliyə qarşı amansız rəftarı həmin hərbçilərin elementar döyüşçü etikasına malik olmamalarının, onların xəstə barbar təfəkkürünün bariz nümunəsidir.
Azərbaycan rayonlarının işğalı zamanı erməni vəhşiliyindən bir epizod
Azərbaycanın əlində ermənilərin bu kimi cinayətləri ilə bağlı əsaslı faktlar var. Misal üçün, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilib. Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya və bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilib ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Ermənilərin məqsədi törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olub.
Ermənistanın 90-cı illərdə Azərbaycanın torpaqlarının işğalı zamanı dinc insanlara qarşı törətdiyi cinayətlərin siyahısı kifayət qədər uzundur. Buraya hazırda bəzi dövlətlər tərəfindən tanınmış Xocalı soyqırımından tutmuş Ballıqaya qətliamına qədər müxtəlif cinayətləri misal gətirmək olar.
Ermənistan bütün bu illər ərzində cinayətini ört-basdır etməklə məşğul olub. Əsir və girov kimi BQXK-nın qeydiyyatında olan soydaşlarımız belə bir sıra halda sonradan ya öldürülüb, ya da yoxa çıxıb. Məsələn, 1998 və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan Ermənistan həmin 54 nəfərdən 17-ni öldürərək, onların cəsədlərini qaytarıb, digərlərinin isə taleyi naməlumdur.
Girov və əsirlərin yaxınlarına, qohumlarına qarşı barbarlıq
Digər maraqlı məqam ondan ibarətdir ki, erməni tərəfi əlində olan əsirlərlə kifayətlənməyib, onların yaxınlarını və qohumlarına qarşı da barbarlıq edib, onları qətlə yetirib, oğurlayıb. Bununla bağlı iki misalı nəzərinizə çatdıraq:
- 31 dekabr 1992-ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olmuş qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı Məmmədov Məmməd Qərib oğlu 7 noyabr 1993-cü il tarixdə Ermənistanın Gürcüstanla sərhəd ərazisinə gedərək orada ermənilərlə danışığa girib, sonda Əsgər İsayevlə görüşdürəcəkləri və onu azad edəcəkləri adı altında aldadılaraq Ermənistana aparılıblar. Hazırda onların hər üçünün taleyi naməlumdur.
- 1993-cü ilin fevral ayında Azərbaycanın Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaradıblar. Onları Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ dolları müqabilində onu azad edəcəklərini bildiriblər. Yaxın qohumlarının köməkliyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya gedib. Lakin ermənilər Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu götürüb qaçıblar.
Ermənistan tərəfinin əsir-girovlarla bağlı barbar davranışını aşağıdakı kimi təsnifatlandırmaq olar:
• Əsir-girovların antitürk, antiazərbaycan ideoloji-təbliğat vasitəsinə çevrilməsi, nifrət hissinin artırılması məqsədi ilə onların mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi, onların müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur edilməsi;
• Əsir və girovlardan qul kimi istifadə olunması, onların işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə vandalizm aktlarında istifadəsi və zərərli istehsal sahələrində işlədilməsi;
• Əsir və girov götürülmüş şəxslərdən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunması və Azərbaycanda terror-təxribat aktlarının törədilməsinə məcbur edilməsi;
• Əsir və girovların biri-birinin əleyhinə ifadələr verməyə məcbur edilməsi, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur edilməsi;
• Yaşına və cinsinə məhəl qoyulmadan onlara dəhşətli işgəncələr verilməsi və qeyri-insani şəraitdə saxlanılması;
• Əsir və girovların Ermənistanda ağır cinayətlər törətmiş erməni əsilli şəxslərlə birlikdə həbsxanalarda saxlanılması;
• Cenevrə Konvensiyalarının ziddinə olaraq müxtəlif məlumatların əldə olunması üçün dəhşətli işgəncələrin müşayiəti ilə qeyri-qanuni sorğu-suallara cəlb olunması;
• Əsir və girovların müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilməsi, bədənlərinə şüalar verilməsi və tərkibi məlum olmayan maddələr yeridilməsi.
Azərbaycanlılara qarşı amansız rəftarların etirafı
Ermənilərin azərbaycanlılara qarşı amansız, vəhşi rəftarının təkcə Azərbaycan tərəfi fakt və sübutlarla ortaya qoymur. Ermənilər özləri, eləcə də üçüncü şəxslərin etiraflarında da buna rast gəlinir.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “Xocalı faciəsinədək azərbaycanlılar fikirləşdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq-biz bu streotipi dağıda bildik”, rus jurnalist Viktoriya Uvelovoyun “ermənilər hamilə qadının qarnını yararaq körpəni ordan götürüb yerinə pişik qoyub tikdilər”, “İzvestiya” qəzetinin müxbiri V. Ballaxın “Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şey görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”, Xocalı soyqırımında iştirak edən hərbi hissənin kəşfiyyat şöbəsinin rəisi V.Savelyevin “Mən bütün bunları yazmaya bilməzdim. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat idarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi” kimi dəhşətli etiraflar insanlıq adına yaraşmayan vəhşiliyin nümunəsidir.
Elə bu yaxınlarda Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin etirafları da Ermənistanın özlərini hərbçi adlandıran şəxslərinin vəhşiliklərinin göstəricisidir. Məhkəmənin gedişində bu iki şəxsin işgəncə verdiyi insanlar zərərçəkmiş ifadə verib, onları tanıyıb, əməllərini açıqlayıb. Mkrtiçyan və Xosrovyan hər ikisi əməllərini etiraf edib, azərbaycanlı əsir və girovlara işgəncə verdiyini bildirib.
Xülasə
Ermənistan tərəfinin əsir və girovlarla bağlı apardığı barbar siyasət bu dövlətin əsl niyyətinin və simasının nədən ibarət olduğunun göstəricisidir. İrəvanın hələ də əsir və girovlarla bağlı Azərbaycanla əməkdaşlıq etməməsi, onun anti-hümanist davranışları bəşəriyyətə təhdid olmaqda davam edir. Ermənistan tərəfi bilməlidir ki, yaxın vaxtlarda azərbaycanlılara qarşı cinayətlərdə iştirak edən hər kəs əməllərinə görə cavab verəcək, Azərbaycan dövləti tərəfindən mühakimə ediləcək. Rəsmi İrəvan itkin, girov düşmüş bütün azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir. Öz növbəsində, beynəlxalq ictimaiyyət, aidiyyəti qurumlar azərbaycanlılara qarşı vəhşiliklər törədən erməni cinayətkarları ilə bağlı müvafiq ölçü götürməlidir.
Bu işdə əsas məsuliyyət məhz beynəlxalq humanitar hüququn, beynəlxalq ictimaiyyətin üzərinə düşür. Məhz beynəlxalq ictimaiyyət ermənilərin özləri tərəfindən də etiraf edilən barbarlıq əməllərinə qiymət verməlidir.
İstər Ermənistan, istərsə də beynəlxalq ictimaiyyət onu da yaddan çıxarmamalıdır ki, Azərbaycan əsir və girov düşmüş bir vətəndaşını belə yaddan çıxarmır, onun taleyinə aydınlıq gətirilməsi, əsir və girovlara qarşı qeyri-insanı rəftara yol verənlərin, bu vəhşi cinayəti törədənlərin məsuliyyətə cəlb olunması üçün bütün lazımı addımları atır, bundan sonra da atacaq.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov