Ötən il dekabrın 12-dən başlayaraq azərbaycanlı ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyaya başlayıblar.
Ekofəallar və QHT təmsilçiləri Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına Laçın-Xankəndi yolunda aksiya ilə etiraz edirlər.
Azərbaycan ictimaiyyəti haqlı olaraq, beynəlxalq birliyin Azərbaycan ərazisi kimi tanıdığı, öz yurisdiksiyasına aid bölgədə təbii sərvətlərin qanunsuz istismarına və Ermənistana daşınmasına etiraz edir.
Təsadüfi deyil ki, “Qızılbulaq” və “Dəmirli” yataqlarından çıxarılan qiymətli və əlvan metalları Ermənistana daşıyaraq gəlir əldə edən, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkəti aksiyanın təsir gücü altında 2022-ci il dekabrın 28-də mədən fəaliyyətini dondurduğunu açıqladı.
Sözsüz ki, bu, ekoloji aksiyanın qarşısında duran çoxsaylı hədəflərdən birinin uğurlu icrasının nümunəsi idi.
Amma ekoloji aksiyanın məqsədi və məramları daha geniş miqyas daşıyır və 2025-ci ildə sülhməramlı kontingent regionu tərk edəcəyi günə qədər ərazidə baş verə biləcək qanunsuzluqların qarşısını almağa hesablanıb.
Xüsusən, xarici işlər naziri Ceyhun Bayramovun da bir neçə gün əvvəl qeyd etdiyi kimi, 2020-ci ilin 9 noyabr üçtərəfli razılaşmasına zidd olaraq, sülhməramlıların nəzarətində olan ərazidən erməni hərbi birləşmələrinin tam çıxarılmaması, erməni hərbçilərin rotasiyasının həyata keçirilməsi, Ermənistandan mina və s. hərbi təyinatlı yüklərin daşınması fonunda Laçın yoluna Azərbaycanın dövlət orqanlarının nəzarət mexanizmlərini tətbiq etməsinin aktuallığı ortaya çıxır.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın suveren ərazilərində tam monitorinq və təftiş üçün şərait yaradılması ilə bağlı Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi də ekoloji aksiyanın elementlərindən biridir.
Unutmamalıyıq ki, ekoloji aksiyanın başlanması üçün qığılcım rolunu 2022-ci il dekabrın əvvəllərində “Qızılbulaq” və “Dəmirli” yataqlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən birgə monitorinqinin təşkil olunmasına maneə yaradılması oynadı.
Azərbaycanın öz ərazisində tam monitorinq və təftiş apara bilməsi ekoloji aksiyanın əsas tələblərindən biridir.
Aksiyanı alovlandıran amillərdən digəri isə uzun illər Rusiyada bizneslə məşğul olmuş, adı bir sıra maliyyə cinayətlərində və maxinasiyalarda hallanan erməni iş adamı Ruben Vardanyanın bölgəyə gəlməsi ilə bağlıdır. Ruben Vardanyanın Qarabağa qanunsuz gəlişi və orada qalması bölgədə vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə yol açıb və artıq orada yaşayan ermənilər də bunu anlamağa başlayıb.
Sirr deyil ki, bəzi xarici dairələrin tapşırığı və şəxsi ambisiyaları naminə bölgəyə göndərilən Vardanyan sülh prosesi üçün ciddi maneəyə çevrilib. Əslində, elə onun əsas missiyası Qarabağda yaşayan erməni əhalinin Azərbaycana reinteqrasiyasına imkan verməməkdir.
Qarabağda olduğu müddətdə verdiyi təxribatçı açıqlamalar da məhz Bakı ilə Qarabağ erməniləri arasında yaranmaqda olan dialoqu və etimad mühitini pozmağa hesablanıb. Halbuki bu ərazilərin yalnız Azərbaycanla birgə inkişaf edə biləcəyini hər kəs anlayır. Bu gün Rusiya hərbçilərinin müvəqqəti nəzarətində ola ərazilər əkin-biçin üçün yararsızdır, logistika baxımından da Azərbaycana çıxış olmadan inkişaf etməsi mümkün deyil. Bunu yaxşı anlayan Vardanyanın siyasəti isə yerli əhalini faktiki olaraq girov kimi saxlamağa yönəlib. Bunun üçün Vardanyan fərqli manipulyasiyalara əl atır.
Məsələn, ekoloji aksiya “blokada” kimi təqdim edilsə də, bu Vardanyanın qurduğu oyundur, bundan əziyyət çəkənlər yenə də erməni əhalidir.
Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinə dəfələrlə bildirib ki, Xankəndi əhalisi üçün ərzaq lazımdırsa, Tərtər və Bərdədən ərzaq təminatı təşkil oluna bilər. Amma erməni tərəfi bununla razılaşmır, çünki Vardanyana blokada şousu üçün süni “qıtlıq” və “boş piştaxtaların” görüntüləri lazımdır.
Avropadakı bəzi ermənipərəst media orqanları və siyasətçilər də “blokada” və “aclıq” barədə yalançı təəssüratı gücləndirmək üçün vasitə kimi istifadə olunur. Amma hər kəs anlamalıdır ki, Laçın-Şuşa yolundakı aksiya ilə bağlı Azərbaycana ən müxtəlif səviyyələrdə - siyasi-diplomatik, parlamentlər, beynəlxalq təşkilatlar və s. tərəfindən təzyiq göstərmək cəhdləri heç bir effekt verən deyil. Nə ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngi, nə Avropa Parlamentinin qətnaməsi, nə Qarabağdakı “blokada” ilə bağlı qurama videoreportajlar vəziyyəti dəyişəcək.
Tələblər yerinə yetirilməmiş, proseslər tam olaraq öz məntiqi sonluğuna çatmamış Şuşada – Laçın-Xankəndi yolunda ekoloji aksiya davam edəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Azərbaycana edilən təzyiqlərin nəticə verməyəcəyini düşünür.
Politoloq hesab edir ki, ABŞ dövlət katibi Entoni Blinkenin Bakıya telefon zəngi, Fransa parlamentində qəbul edilən qətnamələr, eləcə də Avropa Parlamentinin sonuncu qətnaməsi vəziyyəti dəyişməyəcək.
Aksiyanın tələblər yerinə yetirilməyənə qədər davam edəcəyini diqqətə çatdıran Elxan Şahinoğlunun fikrincə, aksiyanın dayandırılması üçün, ilk növbədə, Ruben Vardanyan Azərbaycandan çıxmalı, Rusiyanın müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının monitorinqinə şərait yaradılmalı, Azərbaycanın Laçın yoluna nəzarət mexanizmləri təmin olunmalıdır.
Politoloq hesab edir ki, Ruben Vardanyanın keçən il sentyabr ayında Moskvadan Xankəndiyə göndərilməsi bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirib.
“Vardanyan gələndən bu yana, yəni 5 ay içərisində Azərbaycan əleyhinə açıqlamalar, müsahibələr verir, Azərbaycanı düşmən adlandırır. Əgər əvvəllər Azərbaycan tərəfinin Qarabağ erməniləri ilə müəyyən təmasları var idisə, o, bunun da qarşısını aldı. Yəni, bu adam sülh prosesinə ən böyük əngəldir. İndi də erməni lobbisi və havadarları vasitəsilə təxribatçı, yalan xəbər yayır ki, guya yol bağlıdır, acından ölürlər, ərzaq çatışmazlığı var. Halbuki yol açıqdır, nəqliyyat vasitələri də işləyir. Sadəcə, açıq şəkildə hərbi sursat daşıya bilmirlər. Bu baxımdan, əlbəttə, ən optimal variant odur ki, Vardanyan bölgəni tərk etsin. Çünki bu adamın Qarabağa heç bir aidiyyəti yoxdur, Qarabağda doğulmayıb, vəziyyəti gərginləşdirməyə gəlib. Üstəlik, əleyhimizə sağa-sola müsahibələr verir, Azərbaycan əleyhinə fikirlər səsləndirir. Ona görə də ən optimal variant onun bölgəni tərk etməsidir”, - deyə Elxan Şahinoğlu bildirib.
O, Vardanyanın sona qədər Qarabağda qalacağı barədə bəyanatını isə cəfəngiyyat sayır.
“Vardanyan deyib ki, axıra qədər Qarabağda qalacaq, amma bu, mümkün deyil. Çünki Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti iki ildən sonra bitəcək və Azərbaycan orada artıq separatçıların tamamilə tərksilah olunması, Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində ən son addımlarını atacaq. Həmin vaxt iki seçim qoyulacaq. Bu barədə Prezident İlham Əliyev də deyib: ya qanunlarımızı qəbul edib yaşayacaqlar, qanunlarımızı qəbul etməyənlər isə Azərbaycanı tərk etməli olacaqlar. Aydındır ki, Vardanyan Azərbaycanda qala bilməz, çünki separatçı fəaliyyətini davam etdirə bilər. O baxımdan, Vardanyan bu prosesə müqavimət göstərə bilməz. Vardanyan üçün yeganə seçim Azərbaycanı tərk etmək olacaq. Düzdür, indi o, Rusiya vətəndaşlığından da məhrum olunub, amma Qərb ölkələrində bank hesabları var. Hansısa ölkəni seçib, oraya gedə bilər”, - deyə politoloq vurğulayıb.
APA-Analytics