• TƏHLİL

    11:25 15 may 2023

Brüssel görüşü: Ermənistan bu dəfə Aİ platformasında Qarabağı Azərbaycan ərazisi kimi tanıdı - TƏHLİL

Mayın 14-də Brüsseldə keçirilən növbəti üçtərəfli danışıqları bir sıra cəhətlərdən Azərbaycan üçün əhəmiyyətli saymaq olar.

Dünənki danışıqlarla Brüssel formatı bərpa olundu. 2022-ci ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı. Ötən ilin oktyabrında Praqada keçirilmiş görüşdən sonra bəzi problemlər meydana çıxmış, bu problemlərin yaranmasında baş rolu isə Fransa oynamışdı. Praqada keçirilən görüşdən sonra Fransa Ermənistanın da istəyi ilə özünü danışıqlar prosesinə qoşmaq istəyir, hətta bunu İrəvanın dili ilə əsas şərt kimi irəli sürürdü.

Yada salmaqda fayda var ki, ötən il dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti Əliyev-Paşinyan görüşü məhz bu ambisiya ucbatından baş tutmamışdı. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bəyan etmişdi ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyi şərtini irəli sürdüyündən həmin görüş baş tutmayacaq.

Bununla da 2022-ci ilin avqustunda keçirilmiş danışıqlar Fransanın günahından sonuncu olmuşdu. Lakin Fransanın aktiv müdaxiləsinə və Ermənistanın Parisin prosesə qoşulmasını tələb etməsinə baxmayaraq, Azərbaycan qəti şəkildə buna imkan vermədi, 14 may danışıqları ilə Paşinyan əvvəlki üçtərəfli formatda qayıtmalı oldu.

Brüssel görüşünün əsas gündəliyi belə deməyə əsas verir ki, bu format tərəflər üçün daha produktivdir.

Bu formatda keçirilən danışıqlarda əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi və digər məsələlər təşkil edir.

Azərbaycan Brüssel formatından da, Aİ ilə münasibətlərin vəziyyətindən də razıdır, buna mane olan yalnız Fransa idi və indi bunun qarşısı alındı.

Ümumilikdə götürəndə Avropa İttifaqının Prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan nizamlanmasında nümayiş etdirdiyi mövqe təqdir oluna bilər. Belə ki, cənab Mişel özünü vasitəçi kimi yox, daha çox Azərbaycan və Ermənistan arasında dialoqa dəstək verən tərəf kimi aparır. Brüsseldə növbəti danışıqların iyul ayında keçirilməsi barədə razılıq əldə olunması həm də onun bu prosesin məntiqi sonluqla nəticələnməsində səmimi olduğunu söyləməyə əsas verir.

Kişinyovda gözlənilən Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü isə danışıqlar formatı deyil. Moldova paytaxtında keçiriləcək Avropa Siyasi İcmasının növbəti sammiti çərçivəsində qeyri-rəsmi görüş təşkil olunması nəzərdə tutulur. Eyni zamanda həmin görüşdə Almaniyanın federal kansleri Şolts da iştirak edəcək. Kişinyov görüşündə indiyədək beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniyanın da iştirakı Fransa Prezidenti Makronun iştirakını bir növ neytrallaşdıracaq. Berlin də bu prosesdə səmimi olan digərləri kimi yaxşı anlayır ki, Fransanın lazımsız müdaxilələri sülh prosesinə yalnız zərər vurur.

14 may görüşünün yekunlarına gəlincə... Cənab Mişelin 4 saatlıq danışıqlardan sonra mətbuata verdiyi bəyanatlardan aydın oldu ki, tərəflər arasında kifayət qədər ciddi müzakirələr olub. Aİ Prezidentinin mətbuata bəyanatına istinad edərək deyə bilərik ki, növbəti Brüssel görüşündə Azərbaycan uğurlu nəticələr əldə edə bilib.

Bu uğurlar hansıdır?

Danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edirdi, lakin bu ifadə qəbul olunmayıb. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Alma-Ata Bəyannaməsinə istinad var.

Əliyev və Paşinyan görüşün yekununda Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Bu o deməkdir ki, Paşinyan və Ermənistan Azərbaycanın ən azı 86.6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb.

Digər vacib məqam Laçın yolu ilə bağlıdır. Mişelin bəyanatında Laçın yolu və Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin (NBM) qoyulmasına dair heç qeyd yoxdur. Bu məqam belə deməyə əsas verir ki, Azərbaycanın NBM-i öz suveren ərazisində yaratması hər kəs tərəfindən anlayışla qarşılanır, yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Ermənilərin yalançı blokada və NBM isterikası artıq beynəlxalq aləm tərəfindən ciddiyə alınmır.

Mişelin bəyanatında yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə vurğu etməsi, Bakının bu qrup insanla açıq dialoqundan danışması göstərir ki, artıq Qarabağdakı erməni əhali nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan vətəndaşları sayılır. Buna uyğun olaraq da heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən belə söhbət gedə bilməz. İndi əsas odur ki, Qarabağdakı erməni əhali, nəhayət, bunu anlayıb, müvafiq addımlar atsın.

Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsi Mişelin bəyanatının növbəti vacib bəndi hesab olunmalıdır. Aİ Prezidentinin bəyanatından aydın olur ki, Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş var. Mişel bəyan etdi ki, kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər.

“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Liderlər komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar, həmçinin, bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, - deyə Mişel vurğulayıb.

Mişelin bəyanatından o da məlum oldu ki, iki ölkə arasında humanitar məsələlər, o cümlədən saxlanılan şəxslərin azad edilməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi və s. mövzularla bağlı dialoq Brüssel formatı çərçivəsində davam etdiriləcək.

14 may görüşündən gəlinən nəticə budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etmiş oldu.

Azərbaycan və Ermənistan liderlərinin 1991-ci il Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiq olduqlarını təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir.

Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa İttifaqı tərəfindən də dəstəklənmiş oldu.

Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi, Bakının arqumentlərinin tam əsaslı olduğu Avropa İttifaqı platformasında da təsdiqləndi.

Ən vacib məqamlardan biri isə o oldu ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasını özünün geostrateji prioritetləri sırasına daxil etdiyini bəyan etdi.

Növbəti Brüssel görüşünün bu ilin iyul ayına razılaşdırılmasını Avropa İttifaqının bu məsələyə hansı dərəcədə əhəmiyyət verməsinin göstəricisi saymaq olar.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR