• TƏHLİL

    15:44 28 oktyabr 2022

Bütün planlara qarşı “İlham Əliyev planı” - TƏHLİL

Rusiya prezidenti Vladimir Putinin oktyabrın 27-də “Valday” Beynəlxalq Diskussiya Klubunda Qarabağla bağlı çıxışı müəyyən məsələlər ətrafında fikir yürütməyə imkan yaradır.

Putinin sözlərindən aydın olur ki, Rusiya danışıqlar zamanı Ermənistana Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlardan 5-nin qaytarılmasını təklif edib.

“Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin, münasibətlərin normallaşması ilə bağlı hərəkət edək. Ermənistana beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif etmişdik. Təklif etdik ki, iki rayonu saxlasın, hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Bu da bugünkü vəziyyətə gətirib çıxardı”, - deyə Putin bildirib.

Vladimir Putinin səsləndirdiyi fikirlər, əslində, “Lavrov planı”nda nəzərdə tutulan məqamlardır. Vaxtilə Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması ilə bağlı “Lavrov planı” ortaya qoyulmuşdu. Görünən odur ki, həmin plan ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri tərəfindən də dəstəkləmirmiş. Həmin plana əsasən, ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılır, Laçın və Kəlbəcər rayonları isə Ermənistanın Qarabağla əlaqəsini təmin etmək üçün dəhliz kimi saxlanılırdı. “Lavrov planı”nda söhbət Laçın və Kəlbəcərin ermənilərin nəzarətində qalmasından yox, ilkin mərhələdə dəhliz kimi saxlanmasından gedirdi.

Lakin Ermənistan Rusiyanın hazırladığı, digər həmsədrlərin də bəyəndiyi bu planı qəbul etməyib.

Özü də burada söhbət təkcə hazırda Ermənistana rəhbərlik edən Paşinyan hakimiyyətindən getmir. Çünki “Lavrov planı” adlanan sənədin ilk dəfə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən müzakirəyə təqdim edildiyi məlumdur. Həmin vaxt isə Ermənistana Serj Sarkisyan rəhbərlik edirdi. Buradan məlum olur ki, bu planı Ermənistan tərəfdən ilk olaraq məhz Serj Sarkisyan qəbul etməyib. Çünki Ermənistanın həm əvvəlki, həm də indiki rəhbərliyinin ölkələrinin gələcəyi ilə bağlı daha iddialı planları var idi. Bu planın əsasını isə sirr deyil ki, "Böyük Ermənistan" xülyası təşkil edir. Ermənistan rəhbərləri də hesab edirdilər ki, Azərbaycan ərazisində işğal planlarının miqyasını genişləndirməklə bu xülyaya doğru irəliləyəcəklər. Odur ki, 5 rayonun Azərbaycana qaytarılması təklifini yaxına buraxmırdılar.

Qeyd etmək yerinə düşər ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonun ilkin mərhələdə Azərbaycana qaytarılması danışıqlar prosesinin müxtəlif mərhələlərində dəfələrlə müzakirə mövzusu olub. Hələ 90-cı illərin sonlarında münaqişənin mərhələləri həll planında, eləcə də ondan sonrakı dövrlərdə müzakirəyə təqdim olunan müxtəlif sənədlərdə Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması təklifi irəli sürülürdü. Bu təklifi həm Rusiya, həm də digər həmsədr ölkələr, eləcə də Qərb dairələri dəstəkləyirdi.

Rusiya lideri Vladimir Putinin dünənki bəyanatından da aydın olur ki, “Lavrov planı” həqiqətən də mövcud olub və Azərbaycana arzuolunmaz təkliflər verilib.

Bu gün belə bir qənaətə gəlmək olar ki, Azərbaycana və Prezident İlham Əliyevə qarşı Qərbdə insan hüquqları və demokratiya pərdəsi altında qarayaxma kampaniyaları məhz təklif olunan planları Azərbaycana qəbul etdirmək məqsədi ilə təşkil olunurmuş. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu kampaniyaların kimlər tərəfindən və hansı məqsədlə təşkil olunduğunu bəyan edib.

Belə məlum olur ki, əslində, vasitəçilər, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olmayan həll variantı təklif ediblər. Ermənistan məhz “Böyük Ermənistan” xəyalından vaz keçməmək üçün bu planı qəbul etməyib.

Prezident İlham Əliyev isə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmayacağını hər zaman xüsusi bəyan edirdi. Düşünülmüş siyasət, qətiyyətli iradə və atılan məqsədyönlü addımlar Azərbaycana qarşı qurulmuş planları alt-üst etdi, işğal altında olan torpaqlar, o cümlədən də Şuşa şəhəri geri qaytarıldı, başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi “İlham Əliyev planı” əsasında həllini tapdı.

Putinin fikirləri həm də onu göstərir ki, Rusiya ilə Ermənistan arasında əlaqələr hazırda pozulmuş vəziyyətdədir. Son vaxtlar iki ölkə arasında baş verənlər də bunu söyləməyə əsas verir. Rusiya rəhbərliyi ilə Ermənistan rəhbərliyi arasında münasibətlərin soyuqluğu açıq-aşkar ortadadır. Bu cəhətdən Rusiya liderinin “Valday” klubundakı dünənki çıxışının daha çox Paşinyana və onun komandasına qarşı yönəldiyini söyləmək mümkündür.

O ki qaldı Azərbaycanın Qarabağ üzərində suverenlik məsələsinə, Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini təsdiqləyən, Vaşinqtonun planı olduğu iddia edilən “Praqa sənədi”ni artıq qəbul edib.

Oktyabr ayının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüşünün sonunda qəbul olunmuş bəyanatda qeyd edilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.

Odur ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin Ermənistan tərəfindən tanındığı bundan sonra müzakirə mövzusu ola bilməz.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR