Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək.
Hər il fərqli ölkələrdə keçirilən və dünyanın əsas iqlim sammiti sayılan bu tədbir noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
Həmin müddət ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və on minlərlə xarici qonağı qəbul edəcək. COP29 müstəqil Azərbaycanın tarixində ən böyük beynəlxalq tədbir olacaq. Bu konfrans çərçivəsində ölkəmizə iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərinin, hökumət rəsmilərinin, ekspertlərin, beynəlxalq təşkilat, QHT, KİV nümayəndələrinin gələcəyi gözlənilir.
COP29-un əhəmiyyətindən danışarkən bircə faktı demək kifayətdir ki, bu layihə ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyası və Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatından geri qalmır.
Tarixi 1992-ci ildə Braziliyanın Rio-De-Janeyro şəhərində Yer Samitində imzalanmış sazişlə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin konfransları (COP) ilk dəfə 1995-ci ildə Berlində keçirilib. İngiliscə Conference of the Parties (COP) kimi səslənən Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır və hər il keçirilir.
Qeyd etmək lazımdır ki, dünyada qlobal iqlim dəyişikliyi ilə bağlı ən mühüm qərarlar məhz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin konfranslarında (COP) qəbul edilir.
Məsələn, tullantıların azaldılması üzrə könüllü öhdəliklər məsələsini qaldıran və istixana qazları emissiyalarının məhdudlaşdırılmasını nəzərdə tutan 1997-ci il Kioto Protokolu COP3-ün, 2015-ci ildə imzalanmış və XXI əsrdə Yer kürəsinin orta temperaturunun 2 dərəcədən çox istiləşməsinin qarşısını almaq məqsədini qarşıya qoyan Paris Razılaşması isə COP21-də əldə olunmuş nəticələrdir.
Bununla belə, qeyd olunmalıdır ki, heç də bütün COP konfransları və bu konfranslarda qəbul edilən qərarların icrası və nəticələri uğurlu olmayıb.
Ötən illər ərzində 150-dən çox ölkə ABŞ və Avropa İttifaqının rəhbərlik etdiyi qlobal metan öhdəliyinin bir hissəsi olaraq 2021-ci ildən 2030-cu ilə qədər metan emissiyasının həcmini 2021-ci il səviyyəsindən 30% azaltmağı öhdəsinə götürsə də, çox az ölkə bu öhdəliyinə düzgün riayət edə bilib. Yaxud, Paris Razılaşması çərçivəsində qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edilsə də, ekoloji monitorinqlər və beynəlxalq hesabatlar əsrin sonuna qədər temperaturun ən azı 1,7 dərəcə artacağını proqnozlaşdırır.
BMT-nin Baş katibi Antonio Quterreş isə qlobal temperaturun XXI əsrin sonuna qədər 3 dərəcə artacağını və bəşəriyyətin çox təhlükəli mərhələyə qədər qoyduğunu deyib.
Təsadüfi deyil ki, 2023-cü ildə havada istixana qazlarının konsentrasiyası rekord həddə çatıb və 2024-cü ildə bu neqativ tendensiyanın qalacağı gözlənilir.
Nəticədə, qlobal istiləşmə sel və daşqınların, yanğınların artmasına, su qıtlığına, insanların ənənəvi yaşayış arealını tərk etməsinə və s. səbəb olur.
Hətta sahəsinə görə dünyanın ən böyük aysberqi olan A23 (sahəsi 4 min kv.kilometr) axın və küləyin təsiri ilə okean sularında hərəkət etməyə başlayıb.
Bütün bunların fonunda ən əsas sual dünyada istixana qazlarının 80%-ni istehsal edən G8 ölkələrinin mövqeyi ilə bağlıdır. Əsasən, Qərbi təmsil edən bu ölkələr qlobal istiləşmə mexanizminin fitilini yandırıb, atmosferdə CO2 (karbon dioksid) qazı və istixana qazlarının kəskin artmasında və Yer səthinə temperaturun artmasında əsas katalizator rolunu oynayıb.
Beləliklə, COP üzvü olan 198 ölkənin heç də hamısı bu qlobal təhlükəyə görə eyni məsuliyyəti daşımır. Əksinə, bir qisim inkişaf etmiş və etməkdə olan ölkənin sənayesi, zərərli istehsal prosesi qalan bütün ölkələrə mənfi təsir göstərir. Atmosferi ən çox çirkləndirən, ABŞ-ın başçılıq etdiyi həmin ölkələr qrupu iqlim dəyişikliyi və havanın çirkləndirilməsi ilə bağlı məsuliyyətini bütün dünya ilə bərabər bölüşməyə cəhd edir.
Halbuki inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyindən əziyyət çəkir, xüsusən, kənd təsərrüfatı zərər görür, infrastruktur dağılır. Bu amilləri nəzərə alanda inkişaf etmiş ölkələr təkcə özlərinin tullantılarını azaltmamalı, həm də yoxsul ölkələrə dəyən zərəri kompensasiya etməlidir.
BMT-nin hesabatına görə, qlobal iqlim təsirlərinə uyğunlaşmaq üçün üçüncü dünya ölkələrinə 2030-cu ilə qədər hər il ən azı 200 milyard dollar lazım olacaq. Amma bu böhrana məsul olan ABŞ və digər ölkələr həmin vəsaiti kompensasiya şəklində deyil, Dünya Bankı nəzdində yaradılacaq xüsusi fond vasitəsilə könüllülük əsasında vermək istəyir.
Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən sonuncu COP28 konfransında Qərb nümayəndə heyətləri Çinin inkişaf etməkdə olan ölkə statusuna etiraz edərək onu qlobal iqlim maliyyəsi sisteminə daxil edilməsi, habelə Hindistanın kömürdən istifadədən imtina etməsi tələbləri ilə çıxış edib.
Göründüyü kimi, Qərb planetdə qlobal iqlim maliyyəsi sisteminin təşəkkül tapmasına, qlobal istiləşmədən zərərçəkmiş ölkələrə kompensasiya verilməsinə isti baxmır, öz gündəmini formalaşdırır.
Eyni zamanda, qalıq yanacaqlardan təmiz enerjiyə keçid və atmosferə karbon tullantılarının neytral balansına malik olması üçün Cənubi və Mərkəzi Amerika, Afrika, Okeaniya və Cənubi Asiya ölkələrinə köməyə tələsmir.
Bu fonda, Bakıda keçiriləcək COP29 konfransı əvvəlki konfranslarda iqlim dəyişikliyi ilə bağlı vahid gündəliyin formalaşması üçün itirilmiş imkanları bərpa etməyə, daha planlı və aydın yolla hərəkət etməyə imkan verəcək. Belə ki, Azərbaycan da qlobal istiləşmənin qarşısını almaq məqsədilə yaradılan Kioto protokolu və Paris Razılaşmasına imza atıb və qlobal istiləşmə ilə mübarizə baxımından qarşısına müəyyən öhdəliklər götürüb.
Azərbaycan ev sahibi kimi dünyanın postneft erasına keçidi və yüksək texnologiyalar, turizm, əyləncə və s. sektorlara əsaslanan postsənaye dövrü ilə bağlı öz təşəbbüslərini irəli sürəcək. Neft-qaz ölkəsi olmasına baxmayaraq, Azərbaycan Bakıda keçiriləcək COP29-da bütün dünyaya gündəliyinin yaşıl enerji ilə bağlı olduğunu sübut etməyi qarşısına məqsəd qoyub.
APA Analytics