• TƏHLİL

    14:42 13 dekabr 2021

“Demokratiya sammiti”: “Soyuq müharibə”nin qalıqları - TƏHLİL

Dekabrın 9-10-da “Demokratiya sammiti” başa tutdu. Gözlənildiyi kimi, sammitdə dünyada insan hüquqları, ədalətli seçkilər, korrupsiyaya qarşı mübarizə, irqi, dini ayrı-seçkilik, qlobal ədalətsizlik, bərabərsizlik və sair kimi fundamental dəyərlərin bugünkü səviyyəsi və gələcəkdəki inkişafı müzakirə edilmədi, beləliklə, demokratiyanın inkişafı ilə bağlı konkret istiqamətli qərarlar verilmədi.

Ümumiyyətlə, “Demokratiya sammiti”nin hansı məqsədlər güddüyü və mərkəzi mövzunun heç də demokratiya və ora dəvət olunanların hamısının heç də demokratikliyi ilə seçilmədiyi hər kəsin məlumu idi. Hətta ABŞ və Qərb mətbuatı da Baydenin təşkil etdiyi bu tədbiri ciddi tənqid edən silsilə məqalələrlə çıxış edir.

Əlbəttə, qərb jurnalistikası və ekspertləri yaxşı başa düşürlər ki, dünənə qədər özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ dünyanı 2 yerə parçalamağı qarşısına hədəf qoyub və əsas məqsədi geosiyasi rəqiblərinə qarşı Vaşinqtonun başçılığı ilə yeni dövlətlər birliyi formalaşdırmaqdır. Tədbirə demokratiya ilə bağlı daim fərqli düşüncələri olan və ara-sıra bu mövzuya tənqidi yanaşan Rodriqo Duterte, Jair Bolsonaro və Narendra Modi kimi şəxslərin dəvət edilməsi, Afrikanın demokratiya nə olduğunu bilməyən bəzi dövlətlərinin iştirakı, əvəzində isə, müsəlman dünyasında ən üstün demokratiyaya malik olan Türkiyənin, Avropa İttifaqının üzvü Macarıstanın bu online sammitdən kənarda qalması Amerikanın özündə belə birmənalı qarşılanmayıb. Macarıstandan söz düşmüşkən, bu ölkənin xarici işlər naziri ABŞ-ın Aİ üzv dövlətlərini “parçalamağa və fəth etməyə” çalışdığını söyləyib. Xarici işlər naziri Sijarto əlavə edib ki, bunun səbəbi Macarıstan administrasiyasının ABŞ-ın əvvəlki prezidenti Donald Trampla yaxşı münasibətdə olmasıdır.

ABŞ-ın məşhur “Time” jurnalının müxbiri Debasiş Roy Çovdhuri öz məqaləsində yazıb ki, “bu yaxınlarda Əfqanıstanı islamçı avtokratiya və aclığa tərk edən, indi isə Səudiyyə Ərəbistanla 650 milyon dollarlıq silah müqaviləsi bağlayan prezident Co Bayden demokratiya mövzusunda iki günlük virtual toplantı keçirməyin yaxşı bir fikir olacağını düşünüb”. Doğrudan da, Əfqanıstanda milyonlarla uşağı, qoca və qadınları avtokratik, teokratik silahlı qrupa təhvil verən Bayden, indi hansı sifətlə “demokratiya” tədbiri keçirir?

Dəvət olunan 110 ölkənin 30 faizindən çoxu ABŞ-da yerləşən “Freedom House” tərəfindən yalnız “qismən azad” kimi təsnif edilir. Anqola, Konqo Demokratik Respublikası və İraq isə “azad olmayan” dövlətlər sırasına aiddir.

"Avtoritarizmə qarşı müdafiə", "korrupsiya ilə mübarizə" və "insan hüquqlarına hörmətin təşviqi" mövzularında "cəsarətli, praktiki ideyalar" şüarları ilə keçirilən sammitin əsas məqsədi, təbii ki, dünyada yeni dövlətlər liqası yığmaq və bundan Vaşinqtonun təzyiq aləti kimi digər dövlətlərə qarşı istifadə etmək idi. Dünyanı “ağlara” və “qaralara” bölən ABŞ, sanki “Çin, Rusiya və ABŞ arasında seçim et” deyə dünya ölkələrinə müraciət edir.

Görünən odur ki, dünyanın yeni xəritəsinin qurulması prosesinə artıq start verilib. Böyük geosiyasi məqsədləri olan məlum sammit bu nəhəng planın tərkib hissəsidir.

Lakin özlüyündə “demokratiklik” adı ilə geosiyasi məqsədlər güdən, dünyanı parçalamağı hədəfə alan, Rusiya və Çinə qarşı “silah” formasında istifadəsi planlaşdırılan ideya çətin ki, məqsədinə çatacaq. Ən azı ona görə ki, həm Çin, həm də Rusiya təkcə avtoritar dövlətlərlə “dostluq” etmir, eyni zamanda kifayət qədər liberal-demokratik idarəçiliyi olan müxtəlif ölkələrlə əməkdaşlığı davam etdirir. Misal üçün, ola bilər ki, Kreml Qərbin ixrac etdiyi demokratiyanı öz xarici siyasəti üçün təhdid hesab edir, amma eyni zamanda Rusiya lideri Vladimir Putin Avropa və digər demokratik ölkələrlə, Çin lideri kimi əməkdaşlıqda maraqlıdır. Unutmamalıyıq ki, müasir beynəlxalq əlaqələrdə iqtisadi amillər olduqca vacib nüansdır.

Elə bunun davamı olaraq, əminliklə qeyd etmək olar ki, “Demokratiya sammiti”nin səmərəsiz olmasının ikinci səbəbi odur ki, platforma bütün dünyada kütləvi ictimaiyyət üçün vacib olan ümumi idarəetmə və iqtisadi fəaliyyət məsələlərinə cavab vermir.

Buraya həm də Çin tərəfindən idarəçiliklə bağlı aparılan ideoloji baxış bucağını da qeyd etməliyik. Bu gün dünyada demokratiyaların davamlı iqtisadi artım və ya daha ədalətli cəmiyyətlər təmin etmə ehtimalının daha yüksək olduğu doğru olsa belə, bununla bağlı sübutlar həlledici deyil. Misal üçün, 1965-ci ildən Sinqapurun, 1978-ci ildən Çinin, 1986-cı ildən Vyetnamın, 1990-cı illərin ortalarına qədər Cənubi Koreyanın avtoritar idarəetmə üsulları mövcud ola-ola, nail olduqları sürətli iqtisadi artım onu deməyə əsas verir ki, demokratiya, iqtisadi rifah və sair kimi cəmiyyətlər üçün lazımi dəyərləri müzakirə etmək və dünya sivilizasiyasını daha da inkişaf etdirmək mümkündür, lakin bunu “Demokratiya sammit”ləri ilə etmək olmaz. Burada Çinin əlində tutarlı üstünlüklərdən biri hazırda bütün iqtisadi göstəricilərinə görə dünyada birinci yerə malik olması, o cümlədən sammitin əsas mövzularından hesab olunan korrupsiyaya qarşı Pekinin atdığı effektiv addımlarla bağlıdır.

Xarici siyasət və təhlükəsizlik üzrə ekspert Ted Pikkone yazır ki, bəzi qonaqların iştirakı Çinin təsirinə qarşı çıxmaq üçün aydın seçim idi. Belə ki, ABŞ-ın müttəfiqi olan Filippin Şərqi Asiya və Sakit okean regionunun 15 ölkəsi arasında demokratiya indeksinə görə ən aşağı yerlərdən birini tutur.

O ki qaldı nüvə dövləti Pakistanın dəvət edilməsinə, bu, çox güman ki, Hindistanı tarazlaşdırmaq məqsədli ola bilər. Polşa bu baxımdan fərqlənir. 2015-ci ildən onun ümumi indeksi təxminən 10% azalıb. Buna baxmayaraq, Ağ Ev Varşavanı sammitə dəvət edib. Ted Pikkone qeyd edir ki, buna səbəb kimi Polşanın NATO-da Rusiyaya qarşı dayaq kimi mühüm rol oynadığını güman etmək olar.

Digər dəvət olunan Nigeriyanın ötən il öz regionunda demokratik indeks üzrə ballarının azalması müşahidə olunub. Belə ki, burada dövlət səlahiyyətləri və əsas hüquqlar üzrə məhdudiyyətlərin pisləşməsi səbəbindən korrupsiya hələ də ölkənin ən böyük problemi olaraq qalır. Müəllif əlavə edir ki, dünyada qanunun aliliyinin ümumi göstəricisinə görə 139 ölkə arasından 137-ci yeri tutan və Afrikada ən pis reytinqə malik olan Konqo Demokratik Respublikasının sammitə dəvət olunması da təəccüb doğurur. Latın Amerikasındakı vəziyyət də diqqətə layiqdir. 2015-ci ildən etibarən davamlı olaraq geriləmiş Meksika üçün ümumi demokratiya göstəricisi ötən il 2,9% azalıb. Braziliyada da 2020-ci ildən qanunun aliliyi səviyyəsində oxşar azalma müşahidə edilib ki, bu da son altı ildə mənfi tendensiyanın bir hissəsidir. Buna baxmayaraq, bu ölkələr də görüşə dəvət alıb. Bundan başqa, baxmayaraq ki, Bayden Administrasiyasının miqrasiya böhranının aradan qaldırılmasına yönəlmiş səylərində mühüm dayaqları olan Salvador, Honduras və Qvatemala iştirakçıları siyahısına əlavə olunmayıb.

Tədbirin hədəflərinə yaxşı bələd olan bəzi siyasi xadimlər isə Baydenin məqsədlərini tənqid edərək, dünyanın yenidən bölünməsi ilə razı olmayacaqlarını açıq şəkildə deyiblər. Belə ki, 9 dekabr tarixində İslamabadda çıxış edən Pakistanın baş naziri İmran Xan ölkəsinin hər hansı siyasi blokun bir hissəsi olmaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, dünya “Soyuq müharibə” səbəbindən çox əziyyət çəkib və Pakistan yeni bir müharibənin başlamasını istəmir.

Əlbəttə ki, ABŞ tərəfindən hazırda davam etməkdə olan “Amerika birincidir” siyasəti dünyada çoxqütblü ölkələr bucağının qurulmasına qarşı formalaşan və 1990-cı illərdə Frensiz Fukuyamanın “Tarixin sonu və sonuncu insan” əsərindəki tezislərə uyğun olaraq, ABŞ və liberal kapitalist dünyanın rəqiblərinə qarşı genişmiqyaslı tədbirlərindən biridir. Məlum məsələdir ki, ABŞ-ın beynəlxalq münasibətləri “demokratikləşdirmək” niyyəti qətiyyən yoxdur, əsas məqsədi - özünün ağalıq etdiyi avtoritar dünya təşkilatının davamlılığını təmin etməkdir.

Misal üçün, Corc Soros tərəfindən maliyyələşdirilən OSF-nin Avropa və Avrasiya direktoru Daniela Şvarser deyir: “Amerikalılar altruizmdən gəlmirlər, demokratiyaların alyansı ABŞ üçün dünyada öz təsirini yaratmaq və genişləndirmək üçün vacibdir”.

Rusiya və Çin də tədbiri tənqid edərək Vaşinqtonun tamamilə başqa məqsədlər güddüyünü qeyd edib. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın öz meyarlarına əsaslanaraq dünya ölkələri və regionlarının yarısını “demokratiya” kateqoriyasında yerləşdirdiyinə diqqət çəkib, digər yarısını isə “qeyri-demokratik ölkələr” adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, belə bir addım demokratiyanın ruhuna ziddir. Çinin xarici işlər naziri Vanq Yi isə hesab edir ki, ABŞ-ın məqsədi demokratiya deyil, hegemonluqdur. Eyni zamanda, ABŞ-dakı Rusiya və Çin səfirləri “The National Interest” jurnalında birgə nəşr etdikləri məqalədə sammitin keçirilməsini “Soyuq müharibə”nin qalıqları hesab ediblər.

Beləliklə, 9-10 dekabr tarixlərində ABŞ-ın başçılığı altında təşkil olunan “Demokratiya sammiti” siyasətçilər və siyasi təhlilçilər arasında yeni bir diskurs mövzusunu ortaya saldı. XX əsr boyu mövcud olan biopolyar dünyanın dağılmasından sonra beynəlxalq münasibətlərdə birqütblü hakimiyyətinin başa çatması Vaşinqtonu yeni dünya nizamı ilə bağlı təcili tədbirlər görməyə sövq edəcək. Bu isə, qarşıdakı illər ərzində yenidən formalaşmaqda olan yeni dünya xəritəsi ilə bağlı planetdəki müxtəlif xalqların yeni çağırışlarla üzləşəcəyindən xəbət verir.

Yuxarıda qeyd edilənlər bir çox məqamlarına görə təəssüf doğurur. Müstəqil dövlətlərin lideri libası geyinənlərin bir-birinə qarşı apardığı geosiyasi çəkişmə fonunda dünyada aclıq, cinsi və irqi istismar, korrupsiya, insanlığa qarşı cinayətlər kütləvi şəkildə davam edir. Bağlı qapılar arxasında əyləşən hegemon qruplar dünyanı “böl və idarə et” şüarı ilə gələcəyə doğru aparmağa davam edirlər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

ONA

Teqlər:

SON XƏBƏRLƏR