Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm məqamlarla diqqət çəkdi. Dövlət başçısı müsahibə zamanı Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycanla Ermənistan arasında münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırdı. Prezident İlham Əliyev müsahibəsində bir çox önəmli mesajlar verdi. Ölkə lideri verdiyi mesajlarla post-müharibə dövründə Azərbaycanın hədəf və məqsədlərini ortaya qoydu, xarici siyasətin, Ermənistanla münasibətlərin gələcək konturlarını cızdı.
Prezident Əliyevin Zəngəzur dəhlizi barədə verdiyi bəyanat xüsusilə diqqəti cəlb edib. Ölkə lideri bildirib ki, biz bu dəhlizdən hava yolu üçün Ermənistandan icazə almadan istifadə edirik: “Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi. Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir”.
Ölkə başçısı onu da vurğulayıb ki, bu məsələ eyni zamanda praqmatik maraqlar baxımından böyük önəm kəsb edir. Prezident vurğulayıb ki, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq: “Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var”.
Prezidentin bu açıqlaması Bakının yeni dünya düzənində oynadığı və hədəflədiyi məqsədlərə aydınlıq gətirir. Ölkə lideri Azərbaycan diplomatiyasının bu müstəvidə əldə etdiyi uğurlardan da söz açıb. Bildirib ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib: “Hətta xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək. Bildiyiniz kimi, 3+3 formatı çərçivəsində də, - baxmayaraq, birinci görüş tanışlıq xarakteri daşıyırdı, - mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər”.
Dövlət başçısı bu mesajı ilə izah edib ki, bu, regionun iqtisadi xəritəsini dəyişəcək, region üçün çox əhəmiyyətli və qitələri daha səmərəli şəkildə birləşdirəcək yeni beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizi olacaq. Zəngəzur dəhlizinin açılışı Asiyadan Avropaya və əks istiqamətdə ölkəmizin üzərindən keçən nəqliyyat dəhlizlərinin uzunluğunu kifayət qədər qısaldır. Yolun uzunluğunun azalması həm vaxt itkisinə qənaətdir, həm də yüklərin daşınmasının maya dəyərinin aşağı düşməsi deməkdir. Bu baxımdan, dəhliz rəqabətqabiliyyətliliyinə görə səmərəli və rentabelli olacaq. Bu da ölkəmizin üzərindən daşınacaq beynəlxalq tranzit nəqliyyat dəhlizlərinin cəlbediciliyini və daşımaların həcmini kifayət qədər artıracaq. İxrac marşrutunun qısalması iqtisadi səmərə deməkdir və məhz Naxçıvan vasitəsilə yeni açılacaq Zəngəzur dəhlizi Avropaya və Şərq ölkələrinə daşınacaq qeyri-neft məhsullarının artırılmasına imkan verəcək. İlkin hesablamalara görə, regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2%, emal sənayesini 3% və mədən sənayesini 2,7% artıra bilər. Təbii ki, belə iqtisadi artımlara nail olmaq ölkəmizin iqtisadi gücünün artması deməkdir.
Onu da qeyd edək ki, dəhlizin açılması turizm sənayesinə də təsirini göstərə bilər. Ermənistanda hələ də bunu tam dərk etməsələr də, dəhlizin açılması Ermənistanın da iqtisadiyyatına müsbət təsirini göstərəcək.
Sözügedən dəhlizin açılması və istifadəyə verilməsi Azərbaycan Prezidentinin bir müddət əvvəl ifadə etdiyi bölgənin 6 qonşu ölkəsinin əməkdaşlıq formatının yaranmasında ciddi rol oynaya bilər. Göründüyü kimi, Prezident Əliyev bölgənin 6 ölkəsinin gələcək inkişafı ilə bağlı strateji təkliflər irəli sürür. Azərbaycan savaşın arxada qaldığını və bölgədə yeni situasiyanın yarandığını nümayiş etdirir, bunu əməli işi ilə ortaya qoyur. İlham Əliyev bölgədə yeni reallığın, regionun 6 ölkəsi arasında əməkdaşlığın əlverişli formatının memarıdır. İndi qalır həmin ölkələrin qərəzli ambisiyaları bir kənara qoyub, real əməkdaşlıq formatına dəstək verməsi...
Ölkə liderinin müsahibə zamanı toxunduğu mühüm məsələlərdən biri Qarabağın bəzi ərazilərində yerləşən Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlardır. Bununla bağlı dövlət başçısının dedikləri dünyanın aparıcı mediası tərəfindən də geniş işıqlandırılıb.
Prezident Əliyev Rusiya sülhməramlılarının fəaliyyətini ümumilikdə müsbət qiymətləndirib, lakin həm onu, həm də ümumilikdə bütün Azərbaycanı narahat edən məsələləri də diqqətə çatdırıb.
“Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbul edilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıb və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır” deyən Prezident hər kəsin diqqətinə çatdırır ki, ərazi tamamilə Azərbaycanın nəzarətindədir, heç kim qeyri-qanuni fəaliyyətlə məşğul olmağa çalışmasın, çünki Bakının hər şeydən xəbəri var.
Rusiya sülhməramlılarının funksiyasını müsbət qiymətləndirdiyini qeyd edən dövlət başçısı ciddi insidentlərin olmadığını, insidentlərin Ermənistan-Azərbaycan sərhədində baş verdiyini diqqətə çatdırıb.
Diqqətçəkən əsas məsələlərdən biri də Prezident İlham Əliyevin savaş zamanı İrəvanın əl atdığı təxribat barədə açıqlaması olub: “Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub. Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər. Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur".
Prezident bununla Rusiyaya da mesaj verərək, ermənilərin təxribatlara əl atdığını və İrəvanın hələ də bu barədə düşündüyünün nəzərdən qaçmamalı olduğunu bildirib.
Ölkə başçısı onu da vurğulayıb ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var: “Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb - cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra...”
Dövlət başçısı Ermənistandakı revanşist meyllərdən danışarkən bunun təkcə keçmiş hakimiyyət nümayəndələri yox, indiki hakimiyyət nümayəndələri tərəfindən də özünü büruzə verdiyini vurğulayıb. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatları xatırladan dövlət başçısı belə cəhdlərin bundan sonra ediləcəyini istisna etməyib.
Azərbaycan Prezidenti bu kontekstdə heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalı olduğumuza diqqətə çəkib. Dövlət başçısının “Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır” sözləri hər bir Azərbaycan vətəndaşının, xüsusən də Ordumuzun yaddaşına həkk olunmalıdır.
Prezident müsahibəsində növbəti dəfə Ermənistana xəbərdarlıq edib ki, təxribatlardan əl çəksin, hansısa ölkədə baş verənlərdən öz məqsədləri naminə istifadə etməyə çalışmasın: “Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.
Azərbaycan liderinin müsahibəsində regionda və dünyada baş verənlərlə bağlı söylədikləri onun vəziyyətə nə dərəcədə hakim olduğunu söyləməyə əsas verir. Prezident Əliyev dünyanın NATO və KTMT arasında bölünməsi faktına ustalıqla münasibət bildirərək, balans siyasətini davam etdirəcəyini nümayiş etdirib: “Bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq".
Prezident Əliyevin müsahibədə toxunduğu maraqlı məqamlardan biri də ATƏT-in Minsk qrupu həmsədrləri barədə dedikləridir.
Qeyd edək ki, həmsədr ölkələr yenidən danışıqları “ölü nöqtə”yə qaytarmaq və vasitəçi kimi münaqişəni yenidən dondurmağa cəhd edirlər. Lakin Bakı artıq bu münaqişəni həll edib və odur ki, Minsk qrupu həmsədrlərinə də ehtiyac görmür. Prezident Əliyev bu məsələ ilə bağlı bəzi qüvvələrin manipulyasiya da son qoyub: “Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”.
İstər Ermənistanın, istərsə də digər ölkələrin bu müsahibədən nəticə çıxarmalı olduğu çox məqam var. Ölkə başçısı Azərbaycanın geosiyasi reallıqları düzgün qiymətləndirdiyini və öz maraqlarına cavab verən bütün təkliflərə açıq, maraqlarımıza zidd olan bütün təkliflərə isə qarşı olacağını da bildirir.
Dövlət başçısı müsahibəsində ölkənin iqtisadi inkişafı barədə də danışıb, ötən ilin göstəricilərinə dair bəzi rəqəmləri açıqlayıb, sosial-iqtisadi islahatların davam etdiriləcəyini deyib, qanunsuz əməllərə yol verən məmurların cəzalandırılacağını, heç kimin məsuliyyətdən kənarda qalmayacağını bildirib. Prezident ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb, bunun bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcəyini, ona görə də ictimai nəzarətin hansısa institusional formatının da işlənilməli olduğunu qeyd edib.
Dövlət başçısı bu məsələdə medianın rolunu xüsusilə qeyd etməsi mətbuatın “dördüncü hakimiyyət” funksiyasının bərpası mesajı kimi də dəyərləndirilə bilər. İlham Əliyev ölkənin demokratikləşməsini istəyir və bu prosesə vətəndaş cəmiyyətini də dəvət edir. Dövlət qurumlarının hesabatlığının və şəffaflığının təmin edilməsi üçün zəruri mexanizmlərin hazırlanması, təcrübədə tətbiqi vətəndaş cəmiyyətinin başlıca fəaliyyət istiqamətlərindən biridir. Prezident istəyir ki, vətəndaş cəmiyyəti institutları bu məsələdə daha aktiv rol oynasın. Savaşda qalib gələn, bütün mühüm layihələrin vacib iştirakçısı olan Azərbaycan daxili siyasətin də müəyyən korrektlər edir. Prezident İlham Əliyev demokratik açılıma gedir və bu istiqamətdə media və vətəndaş cəmiyyətini əməkdaşlığa səsləyir.
APA Analytics